...

İranlı nazir Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxundu (ÖZƏL) (FOTO)

Siyasət Materials 20 Avqust 2015 16:15 (UTC +04:00)
Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması İran üçün çox əhəmiyyətli məsələdir.
İranlı nazir Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxundu (ÖZƏL) (FOTO)

İran,Tehran, 20 avqust /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması İran üçün çox əhəmiyyətli məsələdir. Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

O bildirib ki, İran və Azərbaycan arasındakı gələcək əlaqələr yüksək templə inkişaf edəcək: "Ümid edirəm ki, ölkələr arasında münasibətlər elə inkişaf edəcək ki, digər qonşu dövlətlərə nümunə olacaq".

Nazir qeyd edib ki, İran və Azərbaycan arasındakı əlaqələr hazırda ən yüksək səviyyədədir ki, buna da iki ölkə başçılarının siyasi iradəsi səbəb olub: "Davosda görüşən prezidentlər əlaqələrin gələcək inkişafı üçün mühüm qərarlar veriblər. Prezidentlərin 5 görüşü keçirilib. Yalnız bu il ərzində müxtəlif rəsmilər və nazirlər 47 qarşılıqlı səfər ediblər. İran Azərbaycanı dost və qardaş ölkə hesab edir. İki dövləti birləşdirən ümumi cəhətlər çoxdur. Xalqlarımızı ümumi mədəniyyət və tarix birləşdirir".

M.Vaezi həmçinin Azərbaycan İqtisadiyyat və sənaye nazirinin bu yaxınlarda İrana etdiyi səfəri də qeyd edib: İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev böyük nümayəndə heyəti ilə İranda səfərdə oldu. Bu zaman tərəflər arasında məhsuldar müzakirələr keçirildi və razılıq əldə olundu. İki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün əlverişli şəraitin yaradıldığını düşünürəm. Bu münasibətlərin böyük gələcəyi var və fikrimcə, İran və Azərbaycan iqtisadiyyatı bir-birini tamamlayır".

Nazir həmçinin İran və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına da toxunub: "Mədəni, eləcə də elm, incəsənət, musiqi, tətbiqi incəsənət sahələrində də əlaqələrin inkişafı üçün əlverişli şərait mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti