...

Azərbaycanda deputatlığa namizədliyinin qeydə alınması üçün 259 nəfər müraciət edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 Sentyabr 2015 16:22 (UTC +04:00)
Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 259 nəfər müraciət edib.
Azərbaycanda deputatlığa namizədliyinin qeydə alınması üçün 259 nəfər müraciət edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 259 nəfər müraciət edib. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 104 dairədən 259 müraciət daxil olub.

MSK sədri qeyd edib ki, parlament seçkilərində 13 siyasi partiya və 1 siyasi blokun, ümumilikdə isə 20 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

MSK-da qərara alınıb ki, seçkilərdə iştirak edən namizədlərin seçki fonduna dair xüsusi seçki hesabının açılması üçün Beynəlxalq Bankın filiallarının olmadığı ərazilərdə Kapital Bankın xidmətindən istifadə edilsin. Bununla bağlı Kapital Bankın sisteminin Beynəlxalq Bankın sisteminə uyğunlaşdırılması üçün Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova müraciət ünvanlanacaq.

M.Pənahov iclasda seçicilər üçün 4 cür - namizədlər, müşahidəçilər, polis əməkdaşları və seçki günü üçün yaddaş kitabçalarının təcili çap edilməsi barədə göstəriş verib.

MSK sədri seçkilərlə əlaqədar xüsusi fəallığın hiss edildiyini deyib: "Hesab edirəm ki, seçkilərlə bağlı siyasi partiyalar fəallaşıb. Bütün bunlar Azərbaycanda seçkilərin fəal keçəcəyinə inam yaradır".

İclasda Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi blok və partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb.

"Azadlıq-2015" siyasi partiyalar blokundan 57 nəfər parlament seçkiləri üzrə və 6 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİP) 15 səlahiyyətli nümayəndə, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 7 nəfər səlahiyyətli nümayəndə, Azərbaycan Sosial Rifah Partiyasından 4 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər isə partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, Müsavat Partiyasından 18 nəfər səlahiyyətli nümayəndə, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 10 nəfər səlahiyyətli nümayəndə, Azərbaycan Demokrat Partiyasından (ADP) 18 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

MSK üzvləri Komissiyanın 2 sentyabr və 4 sentyabr tarixli iclaslarının protokollarını da yekdilliklə təsdiq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti