...

24 illik mücadiləmiz

Siyasət Materials 18 Oktyabr 2015 12:00 (UTC +04:00)
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur.
24 illik mücadiləmiz

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı.

Ölkəmiz öz müqəddəratını təyin etmək hüququ qazandı. İnsan üçün azadlıqdan, dövlət üçünsə müstəqillikdən əziz, şirin nemət yoxdur. Müstəqilliyi əldə etmək nə qədər çətin idisə, onu qoruyub saxlamaq, bir dövlət olaraq özünü təsdiq etmək ondan da çətin idi.

Necə ki, Ulu Öndər Heydər Əliyev deyirdi: "Tarix dəfələrlə sübut edib ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir". Təsadüfi deyil ki, ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdə ağır iqtisadi və siyasi təzyiqlərlə, separatçı meyllərlə üz-üzə idi. Faktiki olaraq Azərbaycan yenicə əldə etdiyi müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi qarşısında idi. Belə bir çətin və məsuliyyətli bir dövrdə Ulu Öndər Heydər Əliyev dövləti xilas etmək, müstəqilliyi qoruyub saxlamaq kimi, çox ağır bir missiyanı öz üzərinə götürdü. Yalnız Heydər Əliyev kimi dahi siyasətçi bu işin öhdəsindən gələ bilərdi. Və gəldi də. 24 ildir müstəqillik əldə edən Azərbaycan bu gün regionun lider, dünyanın isə önəmli ölkələrindən birinə çevrilib.

Azərbaycanın rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Heç şübhəsiz bütün bunlar təsadüfi deyil, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən praqmatik daxili və xarici siyasətin, fenomenal idarəçilik sisteminin nəticəsidir.

Dövlətimiz müstəqillik əldə etdiyi - ilk iki ili çıxmaq şərtilə, bu dövrdə iqtisadi, siyasi, hərbi, elmi, mədəni və digər sahələrdə sözün əsl mənasında inqilab etməyi bacardı. Ölkə daxilində ictimai-siyasi şərait bərpa olunduqca müstəqil respublikanın dövlət təsisatları yaradılmağa, qurulmağa başladı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli Konstitusiyamızın qəbulu olkədə genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsinə böyük imkanlar yaratdı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğuna başlandı. Ölkəmiz günü-gündən inkişaf etdi, beynəlxalq siyasətdə milli maraqları öndə tutan, müstəqil və balanslaşdırılmış siyasi xətti özündə ehtiva edən "Azərbaycan modeli" tətbiq olunmağa başladı. Hansı ki, bu modeldən bu gün dünyanın müxtəlif dövlətlərinin təcrübəsində istifadə olunur. İqtisadi imkanlarımız günü-gündən artdı. Nəinki paytaxt Bakı, ən ucqar rayon və kəndlərimiz belə gözəlləşdi, müasir infrastrukturla əhatə olundu. Milyonlarla yeni iş yerləri yaradıldı, insanların sosial rifah halı yüksəldi. Azərbaycan beynəlxalq miqyaslı uğurlara imza atdı. Dünyanın aparıcı enerji istehsalçılarından birinə çevrildi. Mürəkkəb coğrafi quruluşa malik regionda yerləşməsinə baxmayaraq, bütün təxribatçı meyllərdən kənarda dayanmağı bacardı.

Azərbaycan ordusu Cənubi Qafqazın ən böyük ordusuna çevrildi. Ölkəmiz müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etdi, birinci Avropa Oyunları Azərbaycanda keçirildi, müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında təmsilçilik hüququ qazandı. Siyahını saysız-hesabsız faktlarla uzatmaq da olar. Bütün bunlar cəmi 24 ilə baş verdi. Başqalarının 100 ilə belə əldə etmədiyi nailiyyətləri biz cəmi 24 ilə qazandıq. Heç şübhəsiz bu uğurların kökündə Ulu Öndər Heydər Əliyev siyasi kursu dayanır. O siyasi kurs ki, bu gün də xalqın dəstəyini qazanır. Dövlətimiz etibarlı əllərdədir. Bu o deməkdir ki, müstəqilliyimiz də əbədidir. Müstəqillik günümüz mübarək!

Xəbər lenti

Xəbər lenti