Azərbaycan, Bakı, 5 noyabr /Trend/
"Möhtərəm cənab Prezident, qərarlarınıza əsasən bütün regionlarda 20-dək yeni məhkəmənin, o cümlədən apelyasiya, ağır cinayətlər, iqtisad və xüsusilə, dövlət orqanları ilə bağlı iddialara baxan inzibati məhkəmələrin təsis edilməsi vətəndaşların müraciət imkanlarının asanlaşmasına, insan haqlarının etibarlı müdafiəsinə və bölgələrdə hüquq institutlarının inkişafına təkan verib. Hakim ştatlarını 2 dəfə artırmağınız ədalət mühakiməsinin səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərib".
Trend xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində Prezident İlham Əliyevin nitqindən sonra çıxışı zaman bildirib.
F.Məmmədov deyib: ""Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamınız isə məhkəmə fəaliyyətində inqilabi təkamülün əsasını qoyub.
Sizə təqdim edilmiş və artıq sınaq rejimində istifadəsinə başlanılan bu sistemin tətbiqi nəticəsində insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edəcək, məhkəmə prosesləri, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron "şəxsi kabinetə" malik olacaqlar".
F.Məmmədov deyib ki, müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər xüsusi qeyd olunmalıdır:
"Təkcə Dünya Bankı ilə birgə layihə çərçivəsində 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilmiş, qısa müddətdə 11 məhkəmə üçün yeni, müasir binalar istifadəyə verilmiş, bir o qədər də məhkəmə üçün, o cümlədən dövlət büdcəsi hesabına yeni binalar inşa olunmaqdadır.
Bu binalarda vətəndaşların rahatlığı məqsədilə hər cür imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya üçün şəraiti aradan qaldırır. Yeri gəlmişkən, cənab Prezident, Azərbaycan hökuməti ilə birgə həyata keçirilən bu layihəni Bank dünyada ədliyyə sahəsində ən uğurlu layihə kimi qiymətləndirir.
Möhtərəm cənab Prezident, Azərbaycan ədliyyəsinin yüksək diqqətinizdə olduğu daim hiss edilir. Bu mənada təşəbbüsünüzlə ədliyyə fəaliyyətini tənzimləyən Qanunun, nazirliyin yeni əsasnaməsinin, ədliyyənin inkişafına dair ayrıca Fərman və Dövlət Proqramının qəbul edilməsini, regional şöbələrin, Ədliyyə Akademiyasının yaradılmasını, nəhayət, son 10 ildə nazirlik və məhkəmələr üçün ayrılan büdcə vəsaitinin 6 dəfəyədək artırılmasını xüsusi qeyd etmək istərdim".
Nazir bildirib ki, qanun yaradıcılığında fəal iştirak edən nazirlik tərəfindən son illər ictimai həyatın müxtəlif sahələrinə dair 3.500-dək layihə hazırlanıb, 23 min layihə ekspertizadan keçirilib, əhalinin sərbəst və kütləvi istifadə etdiyi qanunvericiliyin elektron bazası yaradılıb:
"Sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması ilə bağlı əhalidə böyük rəğbət doğuran qəti və prinsipial tədbirlərinizə uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən yoxlamaların reyestrinin yenidən, daha mükəmməl qurulması üzrə işlər görülür.
Ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi də yenidən təşkil edilmiş, icra məmurlarının səlahiyyətləri genişləndirilməklə daha təsirli icra mexanizmləri yaradılmışdır. İcra işinin vəziyyətinə diqqətiniz və bu barədə mütəmadi məlumatlandırılmağınız müsbət nəticəsini verir, icra prosesi iştirakçılarının məsuliyyətini artırır.
Məhkəmə ekspertizasına diqqətiniz sayəsində nazirliyin Ekspertiza Mərkəzi ən müasir avadanlıqla təchiz edilmişdir. Elm və texnikanın son nailiyyətlərinin və yeni texnologiyaların tətbiqi nəticəsində hər il məhkəmə və istintaq orqanlarının 100 minədək sualı cavablandırılır. Ekspert rəylərinin bugünkü səviyyəsi onların beynəlxalq miqyasda tanınmasına səbəb olmuşdur. Həmçinin bölgələrdə, o cümlədən Naxçıvan, Gəncə, Şirvan və Şəkidə ekspertiza filiallarının yaradılması araşdırmaların operativliyini təmin edib. Penitensiar sistemdə aparılan islahatlar nəticəsində məhkumların hüquqları genişləndirilib, onların saxlanma şəraiti, ərzaq və tibbi təminatı yaxşılaşdırılıb, xüsusilə bu sahədə ictimai nəzarət gücləndirilib.
Beynəlxalq standartlara uyğun inşa edilmiş Bakı istintaq təcridxanasının açılışı zamanı tapşırıqlarınız penitensiar infrastrukturun müasirləşdirilməsinə xüsusi təkan verib, vətəndaşların rahatlığı üçün respublikanın müxtəlif regionlarında, o cümlədən Şəkidə müasir penitensiar müəssisələr inşa olunub.
Korrupsiyaya qarşı barışmaz mövqeyinizə, o cümlədən son dövrdə verdiyiniz göstərişlərə uyğun olaraq, ədliyyə və məhkəmə sistemində bu sosial bəla ilə qəti mübarizə aparılır, təsirli tədbirlər görülür. Şəffaf prosedurlar əsasında yeni notarius korpusunun formalaşdırılması, nazirlik tərəfindən 20-dən çox elektron xidmətlərin göstərilməsi vətəndaş məmnunluğu doğurur.
Xüsusilə qeyd etmək istərdim ki, Zati-alinizin təşəbbüsü ilə yaradılaraq əhalinin böyük rəğbətini qazanmış və ötən dövrdə 6 milyon insanın faydalandığı "ASAN xidmət" çərçivəsində 1 milyon yarım əməliyyat məhz ədliyyə orqanları tərəfindən həyata keçirilib.
Dövlət gənclər siyasətinizə uyğun olaraq, son 10 ildə ədliyyə orqanlarına açıq müsabiqələrlə 2 mindən çox gənc qulluğa qəbul edilib.
Həmçinin hakimlərin ən şəffaf və obyektiv üsullarla seçimi nəticəsində 300-dən çox hazırlıqlı hüquqşünas şərəfli hakim vəzifəsinə təyin edilmiş, bu sahədə Azərbaycan təcrübəsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bütün Avropa dövlətlərinə nümunə kimi tövsiyə olunmuşdur. Artıq bir çox xarici həmkarlarımız bu təcrübə ilə yerində tanış olub yararlanırlar.
Çıxışımın sonunda, cənab Prezident, ədliyyə və məhkəmə sahəsində mütərəqqi islahatlara, habelə bu möhtəşəm məhkəmə kompleksinin açılışını həyata keçirdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Sizi əmin etmək istəyirəm ki, dövlətçilik amallarına daim sadiq olan ədliyyə və məhkəmə işçiləri fəaliyyətlərinin yüksək tələbləriniz səviyyəsində qurulması, mövcud nöqsanların aradan qaldırılması üçün bütün səy və bacarıqlarını səfərbər edəcək, ölkəmizin daha da qüdrətlənməsi naminə şərəfli işinizdə Sizə yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Diqqətinizə görə minnətdaram".