...

Arzu Nağıyev: Fransadakı hadisə dini radikalizmin dövlətə və dövlətçiliyə olan təhdidinin bariz sübutudur

Siyasət Materials 14 Noyabr 2015 12:37 (UTC +04:00)
Fransadakı terror aktı bir daha sübut etdi ki, dini radikalizmlə mübarizə aparmaq və dini radikalizmi rüşeyimində məhv etmək lazımdır.
Arzu Nağıyev: Fransadakı hadisə dini radikalizmin dövlətə və dövlətçiliyə olan təhdidinin bariz sübutudur

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elmir Murad/

Fransadakı terror aktı bir daha sübut etdi ki, dini radikalizmlə mübarizə aparmaq və dini radikalizmi rüşeyimində məhv etmək lazımdır.

Bunu Parisdə törədilən silsilə terror aktları ilə bağlı Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, Fransada baş vermiş hadisələr dini radikalizmin dövlətə və dövlətçiliyə, milli təhlükəsizliyə olan təhdidinin bariz sübutudur.

Rəsmi Parisin istər İŞİD, istər digər terror təşkilatlarına qarşı ən ciddi mübarizə aparan dövlətlərdən biri olduğunu qeyd edən ekspert böyük miqyaslı insan tələfatı ilə nətciələnmiş terror aktının Fransada törədilməsinin səbəbini belə izah edir: "Sabah İstanbulda G-20 sammitinin açılışı keçiriləcək. Fransadakı terror aktlarını bununla da əlaqələndirmək olar. Yəni dini radikalizm təhdid kimi yenə də öz qüvvəsində qalır. Burada təhlükəsizlik qüvvələrinin zəifliyi ilə yanaşı qeyd etmək lazımdır ki, terrorçular elə hədəflər seçiblər ki, orada Fransa prezidenti də iştirak etsin. Terror aktlarının Fransa ilə Almaniya milli komandalarının futbol oyunu, eyni zamanda ABŞ-dan olan musiqiçilərin keçirdiyi konsert zallarında, yəni Fransa ilə yanaşı, ABŞ və Almaniyanın da aidiyyətinin olduğu məkanlarda törədilməsi bir çağırışdır. İŞİD bununla bildirir ki, həmişə bu ölkələrlə mübarizə aparacaq, eyni zamanda dini təhdid daim qalacaq. Yəni bunlar təsadüfi seçilməyib".

A.Nağıyev Fransanın daxili təhlükəszlik məsələlərinə də toxunaraq, bildirib ki, terror aktının baş verməsində onların az günahı yoxdur. Bununla yanaşı ekspert terror hadisələrini Avropa, o cümlədən Fransaya çoxalan miqrant axını ilə də əlaqələndirir: "Terror aktının baş verdiyi ərazilərin təhlükəsizlik məsələləri çox yüksək səviyyədə təşkil olunmayıb. Məhz təhlükəsizlik xidmətləri öz işini yüksək səviyyədə qurmadığına görə, bu cür proseslər baş verib. Həm də miqrant axınının qarşısının alınması üçün ciddi tədbirlər görülməsini vacib edir.

Məlumdur ki, bu gün Avropada, Fransada, Almaniyada və digər dövlətlərdə məhz ərəb dövlətlərindən gəlmiş çoxsaylı miqrant var. Eyni zamanda əsli-köklü həmin dövlətlərdən olan bir sıra diaspor təşkilatları Fransada fəaliyyət göstərir. Bu istiqamətdə də Fransada filtirasiya tədbirlərinin müvafiq şəkildə aparılmaması bunun bariz nəticəsi ola bilər".

Qeyd edək ki, noyabrın 13-də axşam Fransanın paytaxtı Parisin 7 ayrı-ayrı yerində terror aktları törədilib. Hadisələr nəticəsində 150 nəfərdən çox insan ölüb. Terror aktlarının törədilməsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti