...

Azərbaycan ən mötəbər toplantıda qlobal məsələləri müzakirə edir

Siyasət Materials 15 Noyabr 2015 08:00 (UTC +04:00)
Beynəlxalq tədbirlərdə iştirak ölkənin nüfuzundan xəbər verir.
Azərbaycan ən mötəbər toplantıda qlobal məsələləri müzakirə edir

Azərbaycan xəbərlər xidməti
Elmir Murad - Trend:

Beynəlxalq tədbirlərdə iştirak ölkənin nüfuzundan xəbər verir. Belə ki, irimiqyaslı toplantılarda sıradan dövlətlər deyil, dünyanın aparıcı, geosiyasi, geoiqtisadi proseslərdən kənarda qalmayan, öz sözünü deyən ölkələr təmsil olunur.

Müstəqillik tarixi o qədər də uzaq keçmişə söykənməyən ölkəmizin mötəbər tədbirlərdə dünyada baş verən qlobal iqtisadi və siyasi prosesləri müzakirə edən, son sözünü deyən hegemon dövlətlərlə eyni masa arxasında əyləşməsi Azərbaycan üçün qürurvericidir.

Azərbaycan daha bir mötəbər tədbirdə iştirak edəcək - Antalyada "Böyük İyirmiliy"in (G20) Zirvə toplantısında.

Bu beynəlxalq toplantıya qatılmaqla ölkəmiz yenə də tarixə düşəcək. Əlbəttə, 24 il yeni qurulmuş dövlətin 20 inkişaf etmiş ölkə sırasında təmsil olunması üçün o qədər də böyük vaxt deyil. Amma Azərbaycan bunu bacardı. Bu gün Azərbaycanın bayrağı dünyanın ən böyük təşkilatlarının qərargahları qarşısında dalğalanır. Ölkə Prezidenti İlham Əliyev dünyanın nəhəng dövlətlərinin başçıları ilə eyni konfranslarda iştirak edir. Regionda ən böyük layihələr Azərbaycanın iştirakı, təşəbbüsü ilə həyata keçirilir. Məhz bütün bunlara görə, Azərbaycan Cənubi Qafqazın mirvarisi hesab olunur. Ən böyük neft-qaz layihələri, nəqliyyatla bağlı müxtəlif beynəlxalq layihələri reallaşdıran Azərbaycan həm də Avropanın vacib qaz təminatçısı sayılır.

Azərbaycanın yerləşdiyi coğrafi mövqeyə görə burada bir çox ölkələrin maraqlarının toqquşmasına, rəsmi Bakıya müxtəlif təzyiqlərə baxmayaraq, Azərbaycan Prezidentinin uğurlu balanslaşdırılmış siyasəti ölkənin dinamik inkişafına, ilbəil qüdrətlənməsinə gətirib çıxarıb. Bütün bu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan noyabrın 15-16-da Türkiyədə keçiriləcək "Böyük İyirmiliy"in (G20) Zirvə toplantısına dəvət alıb.

12 dövlət başçısı, 11 baş nazir və 2 Avropa İttifaqı liderinin iştirak edəcəyi sammitə 500-ə yaxın iş adamı daxil olmaqla, ümumilikdə 13 min nəfər qatılacaq. Tədbiri 3 min mətbuat nümayəndəsi izləyəcək.

Təbii ki, belə bir tədbirdə dünyanı narahat edən qlobal məsələlər - Suriyada baş verən proseslərdən tutmuş, terrorizmlə mübarizə kimi aktual mövzular müzakirə olunacaq. Dəfələrlə erməni terroruna məruz qalan ölkəmiz üçün terrorizmlə mübarizə kimi qlobal məsələlərin beynəlxalq tribunalarda müzakirəsində iştirak haqq səsimizin dünyaya çatdırılmasına da bir vəsilə ola bilər.

Toplantı ilə əlaqədar Antalyanın Belek bölgəsinin "təhlükəsiz ərazi" elan edilməsi də bu sammitin mötəbərliyindən xəbər verir.

Qeyd edək ki, liderlərin təhlükəsizliyini 11 mini polis olmaqla, 12 min nəfərlik heyət qoruyacaq. Hava limanından liderlərin yerləşdiriləcəyi hotellərə qədər yol boyu 350-dən çox müşahidə kamerası quraşdırılıb.

Konfransa ABŞ Prezidenti Barak Obamanın, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və digər böyük ölkələrin liderləri qatılacaq.

G20 sammitində Azərbaycanı Prezident İlham Əliyev təmsil edəcək. Müstəqillik tarixi uzaq keçmişdən gələn hegemon dövlətlərlə hələ əsrin 4-də biri qədər müstəqillik tarixi olmayan ölkəmizin belə bir beynəlxalq tədbirə qatılması tarixi uğur və Azərbaycanın beynəlxalq siyasi müstəvidə irəliyə doğru daha bir addım atmasından xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti