...

Azərbaycandakı seçkiləri dünyada keçirilən seçkilərlə müqayisə etməkdə heç bir problem yoxdur

Siyasət Materials 18 Noyabr 2015 17:02 (UTC +04:00)
Azərbaycanda keçirilən seçkiləri dünyada keçirilən seçkilərlə müqayisə etməkdə heç bir problem yoxdur.
Azərbaycandakı seçkiləri dünyada keçirilən seçkilərlə müqayisə etməkdə heç bir problem yoxdur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda keçirilən seçkiləri dünyada keçirilən seçkilərlə müqayisə etməkdə heç bir problem yoxdur. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O, qeyd edib ki, Azərbaycanda keçirilən seçkilərə bir çox beynəlxalq qurumların nümayəndələri dəvət alıb və iştirak edib. M.Pənahovun sözlərinə görə, coğrafi baxımdan müşahidəçilər Yer kürəsinin demək olar ki, bütün ərazisini əhatə edib, Amerikadan tutmuş Avstraliyaya qədər ölkələrdən olan müşahidəçilər seçkiləri müşahidə edib: "Bütün müşahidəçilər seçkiləri müsbət qiymətləndirib, amma nədənsə bəziləri bunu görmək istəmir".

MSK sədri bildirib ki, seçicilər seçkilər zamanı sərbəst şəkildə öz iradələrindən istifadə edib və istədikləri namizədə səs veriblər.

M.Pəhanov vurğulayıb ki, Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq standartlara cavab verir, Seçki Məcəlləsi beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb və daim təkmilləşdirilir.

MSK sədri bildirib ki, seçkilərin şəffaflığını təmin etmək üçün ən son texnologiyalardan, o cümlədən, veb-kameralardan istifadə edilib.

Seçkilər zamanı bəzi nöqsanlara gəlincə, M.Pənahov qeyd edib ki, dünyanın bütün ölkələrində seçkilər zamanı hansısa xoşagəlməz hallar baş verir: "Ancaq əsas odur ki, bu hallara adekvat reaksiya verilsin və aradan qaldırılsın".

M.Pənahov bildirib ki, bəziləri seçkilər zamanı pozuntuların baş verdiyini iddia edir, ancaq konkret faktlar ortaya qoya bilmir: "Buradan məlum olur ki, həmin şəxslər bəlli məqsədlərə qulluq edirlər".

O, əlavə edib ki, seçkilərdən əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri ilə görüşüb: "Mən Büronun rəhbəri ilə şəxsən görüşmüşəm, o burada olub, müzakirələr aparmışıq. Biz bu missiyanın Azərbaycanda seçkiləri izləməsinin tərəfdarı olduğumuzu və dəvət göndərəcəyimizi demişik".

MSK sədri deyib ki, ancaq hansısa səbəbdən bu təşkilat Azərbaycana müşahidəçi göndərməkdən imtina etdi: "ATƏT DTİHB-nin missiyası məhz üzv ölkələrdə keçirilən seçkiləri müşahidə etməkdir, ancaq təşkilat öz vəzifəsini yerinə yetirmədi. Bu təşkilatın Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina etmək hüququ yox idi".

M.Pənahov əlavə edib ki, Azərbaycanda seçkilər tam demokratik və şəffaf keçirilib: "Hesab edirəm ki, Azərbaycanda seçkilər tam demokratik və şəffaf keçirilib. Cəmiyyətin özünün münasibəti bunu sübut edir. 125 seçki dairəsi üzrə yalnız 44-dən hansısa şikayətlər daxil olub və lazımi qaydada araşdırılaraq müvafiq qiymət verilib. Yəni seçki dairələrinin 2/3-dən heç bir şikayət yoxdur. Bu o deməkdir ki, seçkilər demokratik və şəffaf keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti