...

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışını edib (FOTO)

Siyasət Materials 1 Dekabr 2015 18:24 (UTC +04:00)
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışını edib  (FOTO)

Bakı. Trend:

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.

Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqla təchiz olunması, regionlarda yeni diaqnostika mərkəzlərinin istifadəyə verilməsi və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Bu sırada Naxçıvan Muxtar Respublika Xəstəxanası da mühüm yer tutur. Naxçıvan səhiyyəsində həmişə mühüm rol oynayaraq şərəfli yol keçən bu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb. 100 çarpayılıq Naxçıvan Birləşmiş Şəhər Xəstəxanası 1950-ci ildən Respublika Xəstəxanasına çevrilib, 1957-ci ildə N.Nərmanov adına Respublika Birləşmiş Xəstəxanası adlanıb. Fəaliyyətdə olan indiki xəstəxana binasının tikintisinə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 1979-cu ildə başlanıb və 1987-ci ildə istifadəyə verilib. Ötən illər ərzində bina istifadəyə yararsız hala düşdüyündən 2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işlərinə başlanıb və artıq tibb ocağı istifadəyə hazırdır.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Buraya travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, proktologiya, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir. Xəstəxanada pulmonologiya, qastroenterologiya, hemodializ kimi 3 stasionar bölmə, həmçinin qəbul, radiologiya, laboratoriya, Konsultativ Diaqnostik Poliklinika, Mərkəzi Qan Bankı, Dərman Vasitələrinin Mərkəzləşmiş Analitik Ekspertiza Laboratoriyası şöbələri fəaliyyət göstərir. Fizioterapiya, hidroterapiya, Naftalan nefti ilə müalicə, əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də xəstələrin ixtiyarında olacaq. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompyuter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Xəstəxananın köməkçi binasında da yüksək şərait vardır. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkün olacaq.

Ərazidə geniş yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti