...

Azərbaycan və Bolqarıstan parlamentləri arasında güclü əlaqələr mövcuddur

Siyasət Materials 21 Dekabr 2015 14:29 (UTC +04:00)
Dekabrın 18-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov ilə Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım T.Tsaçeva arasında görüş keçirilib.
Azərbaycan və Bolqarıstan parlamentləri arasında güclü əlaqələr mövcuddur

Bakı. Trend:

Dekabrın 18-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov ilə Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım T.Tsaçeva arasında görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, xanım T.Tsaçeva ölkələr arasında son illər ərzində bir çox sahələr üzrə əlaqələrin sürətlə inkişaf etməsindən, bu prosesdə ölkə başçılarının yüksək rolundan bəhs edib.

Sonra xanım sədr Azərbaycan Prezidenti İlham Əliyevin bu il 3-5 mart tarixlərində Bolqarıstana rəsmi səfərini xatırlayıb. Səfər çərçivəsində iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" ilə münasibətlərin yeni səviyyəyə qalxmasından söz açıb.

T.Tsaçeva eyni zamanda, Azərbaycan və Bolqarıstan parlamentləri arasında mövcud güclü əlaqələrdən, hər iki parlamentdə parlamentlərarası dostluq qruplarının fəaliyyətindən bəhs edib. Parlamentlərarası əlaqələrin son illər ərzində daha da inkişaf etməsində parlament rəhbərlərinin və üzvlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığını, həmçinin parlamentlərimizin komitə və komissiyaları arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin mövcud olduğunu vurğulayıb.

Son illər Azərbaycana etdiyi səfərləri xatırlayan xanım sədr Azərbaycanın sürətli inkişafından, bu sahədə ölkə rəhbərliyinin yüksək səylərindən bəhs edib.

Görüşün sonunda T.Tsaçeva son illər ərzində parlamentlər arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsində səfir E.Kərimovun fəaliyyətini yüksək qiymətləndirib və səfirə Bolqarıstan Xalq Məclisi adından xatirə nişanı təqdim edib.

Səfir öz növbəsində xoş sözlərə və Bolqarıstan Xalq Məclisi tərəfindən göstərilmiş etimada görə xanım sədrə dərin təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti