Bakı. Trend:
Yanvarın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DSX-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunaraq, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub, qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Söhbət əsnasında regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan təhdidlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.