Bakı. Trend:
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 11-ci konfransında Xocalı soyqırımı təşkilatçılarının cəzalandırılması çağırışı olan qətnamə qəbul edilib.
İraqın paytaxtı Bağdadda öz işini yekunlaşdıran İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 11-ci konfransında, "İslam Konfransı Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq" başlıqlı və iki qurum arasında Xocalı soyqırımının tanıtdırılması istiqamətində iş birliyini nəzərdə tutan qətnamə yekdilliklə qəbul edilib.
İKGF-nin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata əsasən, 54 ölkənin parlament nümayəndələri tərəfindən yekdiliklə qəbul edilmiş qətnamənin müvafiq bəndində İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir; Xocalı faciəsi "soyqırım aktı" və "insanlığa qarşı cinayət" kimi tanımlanır. Qətnamədə həmçinin soyqırımı törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa da öz əksini tapmışdır.
Konfansın işində iştirak edən İKGF heyətinin rəhbəri, həmin beynəlxalq təşkilatın sədri E.İskəndərov sənədin əhəmiyyətini şərh edərək bildirib ki, "qətnaməni qəbul edən İƏT Pİ, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyasına yüksək qiymət verməklə, beynəlxalq sülh və ədalətin bərqərar olmasına ciddi töhfə vermiş, gələn il 25-ci ildönümünü qeyd edəcəyimiz Xocalı soyqırımının dünyanın vicdanından silinmiyən bir ləkə olduğunu bir daha vurğulamış oldu. Eyni zamanda, ötən il İƏT Pİ ilə İKGF arasında imzalanmış əməkdaşlıq protokolunu nəzərə alaraq, bu ilki qətnamədə Xocalı soyqırımının səbəkarlarının cəzalandırılması haqqında yer almış bənd dünya ictimayyətinə saxta "erməni soyqırımını" sırımaq istəyən erməni lobbisinə də vurulan ciddi zərbədir".
"Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlamış və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.