...

Misirdə Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Siyasət Materials 24 Fevral 2016 21:17 (UTC +04:00)
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyində anım mərasimi keçirilib.
Misirdə Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyində anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar səfirlikdə keçirilən anım mərasimində Misirdə yaşayan Azərbaycan diasporu və təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Misirdəki müşaviri Rafael Bağırov çıxış edərək, Azərbaycan xalqının Xocalı soyqırımının 24-cü ildönümünü qeyd etdiyini vurğulayıb, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib.

Daha sonra R.Bağırov Azərbaycanın Misir Ərəb Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevi təqdim edərək çıxış üçün sözü ona verib. T.Rzayev çıxışında Xocalı soyqırımına toxunaraq, belə bir faciənin bir daha təkrarlanmamasını arzu edib, Xocalıda dinc insanlara qarşı törədilmiş qətliamla bağlı ciddi ölçülərin götürülməməsindən təəssüfləndiyini bildirib, bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından çıxarılaraq, qaçqın və köçkün vəziyyətdə yaşadıqlarını vurğulayıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarının da indiyədək heç bir müsbət nəticə verməməsini Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeyi ilə əlaqələndirib.

T.Rzayev cari ilin 27 yanvar tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, Azərbaycan-Misir əlaqələrinin inkişafında Azərbaycan diasporunun xüsusi rol oynadığını bildirib və diasporun təşəbbüslərinə açıq olduğunu vurğulayıb.

Sonra tədbir iştirakçıları üçün Xocalı soyqımını əks etdirən film nümayiş etdirilib, filmdə Xocalı soyqırımının 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədildiyi, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv olduğu, 1000 nəfərin yaralandığı, 1275 xocalının əsir və 150 xocalının itkin düşdüyü iştirakçıların diqqətinə çatdırılıb, soyqırım zamanı törədilmiş vəhşiliklər barədə geniş məlumatlar verilib. Həmçinin anım mərasimində Xocalı soyqırımını əks etdirən fotosərgi təşkil olunub və fotoslayd nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı Misirin bir sıra nüfuzlu qəzet və internet səhifələrində geniş şəkildə işıqlandırılıb.

Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilərkən münaqişə ilə bağlı BMT TŞ tərəfindən məlum 4 qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərarların qəbul edildiyi və Ermənistan tərəfindən icra edilmədiyi oxucuların diqqətinə çatdırılıb. Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırıma hüquqi və siyasi qiymətin verildiyi, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət adlandırıldığı bildirilib, milli və beynəlxalq səviyyədə onun soyqırım kimi tanınması üçün israrlı çağırış etdikləri vurğulanıb.

Xəbər lenti

Xəbər lenti