...

Əli Əhmədov: Təəssüf ki, dünyada indiyə qədər Xocalı faciəsinə lazımi hüquqi və siyasi qiymət verilməyib

Siyasət Materials 25 Fevral 2016 12:10 (UTC +04:00)
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada indiyə kimi Xocalı faciəsinə lazımi hüquqi və siyasi qiymət verilməyib.
Əli Əhmədov: Təəssüf ki, dünyada indiyə qədər Xocalı faciəsinə lazımi hüquqi və siyasi qiymət verilməyib

Bakı. Elçin Mehdiyev - Trend:

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada indiyə kimi Xocalı faciəsinə lazımi hüquqi və siyasi qiymət verilməyib.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, xüsusilə dözülməz hal budur ki, bu faciənin törədilməsində birbaşa iştirak etmiş, qadınların, uşaqların, qocaların qanını tökmüş insanlar bu gün Ermənistanda hakimiyyətdədirlər: "Ən xoşagəlməyən hal da ondan ibarətdir ki, terrorizmə qarşı, soyqırımlara qarşı çıxan dövlətlər, dövlət başçıları bir sıra hallarda Xocalı faciəsini törədən, Xocalıdakı insanların qanına əlini bulamış insanları nəvazişlə qəbul edirlər. Bu, dünyadakı ikili standartların ən ifrat formasıdır. Nə qədər ki, bu ikili standartlar aradan qaldırılmayıb, nə qədər ki, bütün faciələrə, o cümlədən də Xocalı faciəsinə düzgün, ədalətli hüquqi və siyasi qiymət verilməsiyib, təbiidir ki, onda dünyada ədaləti, sülhü, əminamanlığı bərqərar etmək, yeni-yeni faciələrin qarşısını almaq mümkün deyil. Necə ki, bu gün bütün dünyada insanları dəhşətə gətirən faciələr baş verir. Xocalı faciəsi baş verəndə bu faciələr yox idi, ancaq ondan sonra Avropanı lərzəyə salan Balkan faciələri başladı, bu gün dünyanı lərzəyə salan Yaxın Şərq faciələri başladı. Əlbəttə, bir faciəyə layiqli qiymət verməyəndə, cinayəti törədənlər qanun qarşısında cavab verməyəndə təbii ki, növbəti faciələr baş verir, necə ki, biz bunu tarixdə görmüşük. Dünya dövlətləri bu faciələrdən lazımi nəticələr çıxarmalıdırlar ki, növbəti dövrlərdə belə faciələr baş verməsin".

Ə.Əhmədov bildirib ki, Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş vətəndaşlarımızın xatirəsini həmişə uca tutub: "Azərbaycanın müxtəlif qurumları, vətəndaşlarımız, gənclərimiz Xocalı faciəsi həqiqətlərini dünyaya yaymaq istiqamətində böyük işlər görürlər və güman edirəm ki, görülən işlər öz töhfələrini verir. Xüsusi olaraq Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işləri qeyd etmək istəyirəm. Elə bu kampaniyanın sayəsində Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ciddi addımlar atılıb. Xocalı Azərbaycanın tarixində ən qanlı faciələrdən biridir. Təkcə Azərbaycan tarixində deyil, dünyada XX əsrin son onilliyində baş vermiş ən tükürpədici, qanlı faciələrdən biridir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada indiyə qədər bu faciəyə lazımi hüquqi və siyasi qiymət verilməyib. Bizim üzərimizə düşən başlıca vəzifə ondan ibarət olmalıdır ki, bu faciəyə bütün dünyada ən layiqli hüquqi və siyasi qiymətin verilməsinə nail ola bilək. Faciəni törədənlərin hüquq və qanun qarşısında cavab verməsini təmin edə bilək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti