...

Deputat: Prezident İlham Əliyevin Türkiyəyə səfəri dünya üçün çox ciddi mesaj oldu

Siyasət Materials 15 Mart 2016 17:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycanın hər an Türkiyənin yanında olmasına bariz nümunədir.
Deputat: Prezident İlham Əliyevin Türkiyəyə səfəri dünya üçün çox ciddi mesaj oldu

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycanın hər an Türkiyənin yanında olmasına bariz nümunədir. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, İlham Əliyev bu addımı atmaqla Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi: "Məlum olduğu kimi, artıq ikinci dəfədir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınır. Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci toplantısı keçirilməli idi. Bu toplantıda çox ciddi qərarların qəbulu gözlənilirdi. Amma bu dəfə də səfər təxirə salındı. Səbəb isə Türkiyənin yenidən beynəlxalq terrorçu qruplaşmaların hədəfində olmasıdır. Belə vəziyyətdə çoxları güman edirdi ki, yəqin səfər təxirə salındı, üçüncü səfər ətrafında söhbətlər gedəcək və həmin səfər çərçivəsində də Türkiyəyə qarşı terror aktının törədilməsi istisna deyil. Amma cənab Prezident İlham Əliyev bütün bu söz-söhbətlərə son qoydu, özü Türkiyəyə getdi və Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsi qərara alındı".

E.Nəsirov bildirib ki, dövlət başçısının bu addımı ilə Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətlərinin hansı səviyyədə olduğu bir daha bəlli oldu: "Bu gün dünya ölkələri arasında çox ciddi bir etimadsızlıq böhranı yaşanır. Belə bir vəziyyətdə Azərbaycan-Türkiyə strateji dostluğu, strateji tərəfdaşlıq münasibətləri dünya ölkələrinə bir model, örnək ola bilər. Prezident İlham Əliyev bu addımı ilə daim Türkiyənin yanında olduğunu bir daha təsdiqlədi və bildirdi ki, Türkiyənin kədəri Azərbaycanın kədəridir. Eyni zamanda bu hadisə bir daha onu göstərdi ki, heç bir dövlət beynəlxalq terrorun hədəfinə çevrilməkdən sığortalanmayıb. Son 5 ayda üçüncü dəfədir ki, Türkiyə beynəlxalq terrorizmin hədəfindədir. Belə olan vəziyyətdə dünya birliyi terrorla çox kollegial mübarizə aparmalıdır".

O, hesab edir ki, Azərbaycan Prezidentinin Türkiyə səfəri, həmçinin terrorizmə qarşı kollegial mübarizə aparılmasının vacibliyini ortaya qoydu: "Bir daha qeyd edirəm ki, dünya üçün çox ciddi mesaj oldu ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir. Kimlərsə bunu pozmaq istəyirlər, kimlərsə bu hərəkətlərlə Türkiyə Prezidentinin Azərbaycana səfərini əngəlləmək istəyirlər. Həmin qüvvələr yanlış yoldadır və bununla heç nəyə nail ola bilməyəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti