...

Prezident İlham Əliyev və xanımı ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və 9 May - Qələbə Günü münasibətilə rəsmi qəbulda iştirak ediblər (FOTO)

Siyasət Materials 9 May 2016 15:29 (UTC +04:00)
Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.
Prezident İlham Əliyev və xanımı ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və 9 May - Qələbə Günü münasibətilə rəsmi qəbulda iştirak ediblər (FOTO)

Bakı. Trend:

Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Faşizm üzərində Qələbə günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev ölkəmizin Qələbənin əldə olunmasında həm ön, həm də arxa cəbhədə böyük rol oynadığını bildirdi.

Müharibə veteranlarına bir daha öz hörmətini ifadə edən Prezident İlham Əliyev builki Qələbə gününün xüsusi ruh yüksəkliyi ilə qeyd olunduğunu vurğuladı.

Ötən ayın əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini xatırladan dövlətimizin başçısı bu qələbə münasibətilə təbriklərini çatdırdı və dedi ki, aprel döyüşləri bir daha ordumuzun gücünü, xalqımızın həmrəyliyini nümayiş etdirdi.

Azərbaycanın öz tarixi keçmişinə böyük hörmətlə yanaşdığını bildirən dövlətimizin başçısı müstəqilliyimizin ilk illərində 9 May - Qələbə Gününün qeyd olunmadığını təəssüflə bildirdi və yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra bu bayramın xalqa qaytarıldığını vurğuladı.

Sabah Ulu Öndərin anadan olmasının 93-cü ildönümünün qeyd ediləcəyini deyən Prezident İlham Əliyev Ümummilli Liderin Azərbaycan naminə gördüyü işlərdən danışdı, Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində inkişaf etdiyini xatırlatdı. Dövlətimizin başçısı Ulu Öndərin hakimiyyətdə olduğu illərdə hər zaman milli dəyərlərin, milli mədəniyyətin təbliğ olunduğunu və diqqət mərkəzində saxlanıldığını qeyd etdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən danışan Prezident İlham Əliyev bu münaqişənin süni şəkildə ortaya atılmış bir təxribat olduğunu və bu gün də Azərbaycanın bu təxribatın acı nəticələrini yaşadığını söylədi. Vurğuladı ki, Ümummilli Lider müstəqilliyin ilk illərində hakimiyyətdə olsaydı, Dağlıq Qarabağ münaqişəsi baş verməzdi.

Dövlətimizin başçısı 1990-cı illərin əvvəlində Azərbaycanda hökm sürən siyasi və iqtisadi böhrandan danışdı, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dinamik inkişafa qədəm qoyduğunu, Azərbaycançılıq məfkurəsinin formalaşdığını, çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişaf prosesinin başlandığını qeyd etdi. Bildirdi ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir.

"Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir", - deyən Prezident İlham Əliyev siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının, onun qayğılarının dayandığını bildirdi. Qeyd etdi ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, Azərbaycan bütün məsələlərin öhdəsindən uğurla gəlir. Çünki iqtisadiyyatın şaxələndirilməsi sahəsində siyasət davam edir, "Əsrin müqaviləsi" çərçivəsində aparılan işlər iqtisadi gücümüzü artırır. Neft-qaz sahəsində reallaşdırılan irimiqyaslı layihələri xatırladan dövlətimizin başçısı hazırda bu istiqamətdə əlavə tədbirlərin görüldüyünü qeyd etdi.

Prezident İlham Əliyev bildirdi ki, bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və fəaliyyətinə böyük rəğbətlə yanaşılan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin təşkilatçısıdır. Bu isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir. Çünki ölkəmizə gələn qonaqlar bu həqiqətləri öz gözləri ilə görürlər.

Gələcək inkişafla bağlı dəqiq proqramların mövcud olduğunu deyən Prezident İlham Əliyev indi əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu söylədi və bildirdi ki, bu istiqamətdə biz öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk.

Ermənistan ilə Azərbaycan arasında fərqin göz qabağında olduğunu bildirən dövlətimizin başçısı aprel döyüşlərinin Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdiyini vurğuladı. Dövlətimizin başçısı çıxışını "Bu yol Heydər Əliyev yoludur. Biz bu yolla gedirik, gedəcəyik və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik" fikri ilə yekunlaşdırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti