...

Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarət gücləndirilir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 İyun 2016 21:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarət gücləndirilir (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Bu Qayda dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən vətəndaşların, o cümlədən digər fiziki və hüquqi şəxslərin təklif, ərizə və şikayətlərinin qəbulu, qeydə alınması, baxılması, cavablandırılması və arxivləşdirilməsi ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsini tənzimləyir.

Təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi səyyar və (və ya) kameral qaydada həyata keçirir. Şöbə tərəfindən nəzarətin həyata keçirilməsi təşkilatların özlərinin onların strukturlarına daxil olan qurumlarda və tabeliklərində olan digər qurumlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətini istisna etmir.

Qaydaya əsasən, vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarət aşağıdakı məsələləri əhatə edir:

- daxil olan müraciətlərin “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın tələblərinə uyğun olaraq qəbulu və qeydə alınması;

- təkrar və kollektiv müraciətlərin sayı, onların yaranma səbəblərinin təhlili;

- aidiyyəti üzrə göndərilmiş, baxılmamış, rədd edilmiş və ya qismən təmin edilmiş müraciətlərin sayının müəyyənləşdirilməsi və onların təhlili;

- müraciətlərin iş nomenklaturu üzrə formalaşdırılması, saxlanılması və arxivləşdirilməsi;

- vətəndaşların qəbulunun təşkili, uçotu və onların qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən tədbirlər;

- vətəndaşların müraciətləri ilə bağlı təşkilatların ümumiləşdirmələr və təhlillər aparması, statistik məlumatlar hazırlaması;

- vətəndaşların müraciətlərinə baxılması ilə bağlı aktların, iclas protokollarının və digər sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və arxivləşdirilməsi.

Nəzarət həyata keçirilərkən, təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması sahəsində fəaliyyətin qiymətləndirilməsi üçün şöbə aşağıdakı halları müəyyən edir:

- irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, habelə siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnun məhdudlaşdırılması;

- vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsi;

- dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsi;

- müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulunun təşkili və uçotu qaydasının pozulması, o cümlədən vətəndaşların qəbul edilməsindən əsassız imtina edilməsi, onların qaldırdığı məsələlərlə bağlı tədbir görülməməsi, qəbul zamanı ayrı-seçkiliyə yol verilməsi.

Təşkilatlar vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına dair illik hesabatları növbəti il yanvar ayının 15-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına elektron və (və ya) kağız daşıyıcılarda təqdim etməlidirlər. Təşkilatların illik hesabat formaları, bu Qaydanın tələbləri nəzərə alınmaqla, Administrasiya rəhbəri tərəfindən təsdiq olunur.

Prezident İlham Əliyev, həmçinin "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti