...

Səfir: ABŞ Azərbaycanla bütün sahələrdə güclü münasibətlər qurur

Siyasət Materials 1 İyul 2016 20:33 (UTC +04:00)
Azərbaycan və ABŞ əməkdaşlığı bütün istiqamətlər üzrə inkişaf etdirməyə davam edirlər.
Səfir: ABŞ Azərbaycanla bütün sahələrdə güclü münasibətlər qurur

Bakı. Trend:

Azərbaycan və ABŞ əməkdaşlığı bütün istiqamətlər üzrə inkişaf etdirməyə davam edirlər.

Trend-in məlumatına görə, bunu Bakıda ABŞ-ın Müstəqillik günü münasibətilə təşkil edilən rəsmi qəbulda Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir ABŞ-ın Azərbaycanda energetika sahəsinin inkişafını dəstəklədiyini qeyd edib: "Biz Azərbaycanın ABŞ-ın İraq, Kosova və Əfqanıstandakı sülhməramlı missiyalarında iştirakını qiymətləndiririk".

Diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanın multikultural tarixini yüksək qiymətləndirir və rəsmi Bakı ilə bütün sahələrdə güclü münasibətlər qurur.

ABŞ-ın yaranma tarixindən də danışan R.Sekuta bildirib ki, bu il Birləşmiş Ştatlar təkcə ölkənin müstəqilliyinin 240 illiyini deyil, həm də Azərbaycanla əlaqələrin qurulmasının 25 illiyini qeyd edir.

Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini ikiqat artıracağına ümidvar olduğunu bildirib.

Nazir qeyd edib ki, ABŞ və Azərbaycan arasında əməkdaşlıq strateji səviyyəyə çatıb: "Biz tərəflər arasında fəal siyasi dialoqun davam etdirilməsini qiymətləndiririk. Ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı, həmçinin energetika sahəsində əməkdaşlıq prioritetdir".

S.Şərifovun sözlərinə görə, Azərbaycan gələcəkdə də ABŞ ilə terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti