...

MSK referendumla bağlı treninqlərə başlayıb

Siyasət Materials 1 Sentyabr 2016 10:09 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla əlaqədar bu gündən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə başlayıb.
MSK referendumla bağlı treninqlərə başlayıb

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla əlaqədar bu gündən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə başlayıb.

Trend-in məlumatına görə, referendum ilə əlaqədar MSK 2 mərhələli treninq layihəsi hazırlayıb.

Birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən iki nəfərin iştirakı ilə keçirilməsi və 4 gün davam etməsi nəzərdə tutulub. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən “trenerlər üçün treninqlər” iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, bütün səsvermə günü səsvermə günü prosedurları ilə bağlı ətraflı məlumat verilir.

Tədbir zamanı həmçinin, MSK-nın treninq qruplarının mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı praktiki məşğələlər keçirilir. Səslərin hesablanmasına xüsusi trafaretlərin istifadə qaydaları ilə bağlı MSK tərəfindən hazırlanan xüsusi video-klip nümayiş etdirilir, səsvermə günü prosedurları ilə bağlı müxtəlif aktual mövzularda təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.

Treninqlərin ikinci mərhələsi olan aşağı seçki komissiya üzvlərinin treninqlərinə sentyabrın 6-da başlanacaq. Bu treninqlər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq, təqribən 10 gün davam edəcək. MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb və treninqlərin kiçik qrup şəklində - hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Kifayət qədər irimiqyaslı maarifləndirmə tədbiri olan treninqlər, ümumilikdə, 30 mindən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.

Qeyd edək ki, dairə və məntəqə seçki komissiyalarının üzvlərinin peşə hazırlığının yüksəldilməsi, seçkilər (referendum) sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə mütəmadi şəkildə hər seçki dövründə keçirilən treninq layihəsinin əsası 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti