...

Elmar Məmmədyarov: Azərbaycan İƏT ölkələrindəki müharibə və silahlı münaqişələrdən çox narahatdır

Siyasət Materials 22 Sentyabr 2016 21:47 (UTC +04:00)
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərindəki müharibə və silahlı münaqişələrdən çox narahatdır
Elmar Məmmədyarov: Azərbaycan İƏT ölkələrindəki müharibə və silahlı münaqişələrdən çox narahatdır

Bakı. Trend:

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərindəki müharibə və silahlı münaqişələrdən çox narahatdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində İƏT ölkələrininxarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışında deyib.

E.Məmmədyarov bildirib ki, bugünkü görüş İƏT üzv dövlətlərinin bəzilərinə birbaşa təsir edən artan gərginlik və beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər fonunda keçirilir: "Beynəlxalq terrorizmə vəsilə olan zorakı ekstremizmin artması, qorxu və insan hüquqları pozuntularının çoxalması müsəlman ölkələrinə sülh, təhlükəsizlik və ədalət gətirilməsi vəzifəsini daha da mürəkkəbləşdirir. Azərbaycan böyük təhlükəsizlik problemlərinin, bəzi regionlardakı qeyri-sabitlik, genişmiqyaslı yerdəyişmə və görünməmiş humanitar böhranların həll olunmasına öz töhfələrini vermiş bir sıra İƏT üzv dövlətlərindəki müharibə və silahlı münaqişələrin baş verməsindən çox narahatdır".

Nazir qeyd edib ki, Azərbyacan Fələsətin dövlətinə beynəlxalq dəstəyin artmasını görməkdən çox məmnundur: "Mən qardaş Fələstin xalqına sülh, sabitlik və davamlı inkişaf əldə etmək uğrunda mübarizəsinə Azərbaycanın tam dəstək verdiyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Şərqi Qüds Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin “ikili dövlət” həllinə tərəfdardır. Biz Fələstinlə müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr aparırıq. Məlumat üçün bildirim ki, 2016-cı ilin may ayında Azərbaycan Xarici İşlər Nazirliyini təmsil edən yüksək səviyyəli nümayəndə heyəti Ramallaha rəsmi səfər etmiş və təcrübi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə ikitərəfli sazişlər imzalanmışdı".

XİN rəhbəri həmçinin bildirib ki, hazırda dünyamızın üzləşdiyi çoxsaylı problemlər sırasında ilk yer şübhəsiz ki, qlobal sabitlik və firavanlığı sarsıtmaqda davam edən terrorizmə məxsusdur: "Çox təəssüf ki, sonuncu görüşümüzdən ötən vaxt ərzində İƏT üzv dövlətlərinin əraziləri də daxil olmaqla, dünyanın müxtəlif yerlərində törədilmiş terror hücumları ilə bağlı faciəvi xəbərlər almışıq. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi hədələrdən biri kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə edilməlidir. Terrorçuları qoruma hallarına yol verilməməlidir. Biz müxtəlif dinlərin ucdantutma hədəf seçilməsinin qarşısını almaq və islamofobiyanın qəbuledilməz şəkildə artmasını dayandırmaq üçün də səylərimizi əsirgəməməliyik. Dünya üzrə dini və mədəni müxtəlifliyin başa düşülməsi və onlara hörmət terrorizmə qarşı beynəlxalq mübarizənin gücləndirilməsinə əhəmiyyətli şəkildə öz töhfəsini verəcək. Bu xüsusda biz İslam dini ilə bağlı böhtan və yanlış təsəvvürləri dəf etmək, həmçinin islamofobiya fenomeni ilə mübarizə aparmaq məqsədilə İƏT tərəfindən həyata keçirilən işləri təqdir edirik".

E.Məmmədyarov qeyd edib ki, öz tərəfindən, Azərbaycan həmişə multikultural və dinlərarası dialoqun təşviq edilməsi və gücləndirilməsinə töhfə verməyə çalışıb: "Biz müxtəlif dinlər, millətlər və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşmanı təmin etməyə yönəlmiş çoxsaylı tədbirlərə ev sahibliyi etmişik. Mədəni və dini müxtəlifliyə əsaslanan ayrı-seçkilik olmayan cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun bariz nümunəsidir. Mənim ölkəm bu ilin aprel ayında keçirilmiş “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” mövzusunda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna müvəffəqiyyətlə ev sahibliyi etdiyi üçün qürur duyur. Bu bir daha Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında konstruktiv qarşılıqlı əlaqənin gücləndirilməsi, sivilizasiyalar arasında beynəlxalq səviyyədə daha geniş qarşılıqlı anlaşma və hörmətin təşviq edilməsinə dair sadiqliyini təsdiq edir. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi və islami dəyərlərin təşviq edilməsinə dair sadiqliyi də yaxşı məlumdur. Biz gələn il Bakı şəhərində 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməkdən böyük şərəf duyacağıq və ümid edirik ki, bu tədbir müsəlmanlar arasında birlik, dostluq və qardaşlıq əlaqələrini gücləndirməyə kömək edəcək".

Sonda nazir İƏT-in Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqi və ərazilərinin işğalı ilə bağlı ardıcıl və prinsipial mövqeyini yüksək qiymətləndirdiyini deyib: "Biz İƏT-in Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupunun yaradılması ilə bağlı 13-cü İslam Sammitinin qərarını alqışlayırıq. Məmnunluqla bildirmək istərdim ki, Təmas Qrupunun ilk iclası üç gün əvvəl burada, Nyu-Yorkda illik əlaqələndirmə görüşü çərçivəsində müvəffəqiyyətlə keçirilib. Mən Təmas Qrupuna daxil olan üzv dövlətlərə öz təşəkkürümü bildirmək istəyirəm və bir daha bütün üzv dövlətlərdən Qrupun ədalət və beynəlxalq hüquqa hörmətin təmin edilməsinə yönəlmiş fəaliyyətini dəstəkləməyi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti