...

Prezident İlham Əliyev: Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir (YENİLƏNİB 2)

Siyasət Materials 1 Noyabr 2016 11:56 (UTC +04:00)
Sıra ilə həm Azərbaycanda, həm Rusiyada keçirilən Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir və ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişaf etməsinə səbəb olur
Prezident İlham Əliyev:  Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir (YENİLƏNİB 2)

Bakı - Trend:

Sıra ilə həm Azərbaycanda, həm Rusiyada keçirilən Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir və ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişaf etməsinə səbəb olur.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bakıda öz işinə başlamış VII Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına ünvanladığı müraciətində deyilir.

Müraciəti Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib.

Müraciətdə deyilir: “Hamını Bakı şəhərində VII Azərbaycan-Rusiya regionlararası forumun işə başlaması münasibətilə ürəkdən təbrik edirəm. Qeyd etmək lazımdır ki, həm Azərbaycanda, həm Rusiyada keçirilən Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir və ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişaf etməsinə səbəb olur. İştirakçıların zəngin tərkibi və aktual məsələlərin geniş spektrini əhatə edən forumların proqramları bu forumlara olan marağın bariz sübutudur. Bu da qanunauyğundur. Çünki bu platformalarda Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yönəlmiş birbaşa dialoqlar aparılır və yeni iş münasibətləri, konstruktiv təşəbbüslər və innovasiya layihələri ərsəyə gətirilir. Şübhəsiz ki, növbəti görüşün konkret gündəliyi Sizə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını təyin etməyə, turist axını perspektivlərini müzakirə etməyə, sənaye və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsinə və ikitərəfli münasibətlərin mədəni-humanitar tərkib hissəsinin dinamikası barədə danışmağa imkan verəcək”.

Dövlət başçısının müraciətində qeyd olunur ki, hər iki ölkənin güclü iqtisadi potensialını və birgə əməkdaşlığın zəngin təcrübəsini nəzərə alaraq gələcəkdə birgə səyləri daha da gücləndirmək və iki ölkənin bölgələri arasında əməkdaşlığı daha da artırmaq lazımdır.

Müraciətdə həmçinin deyilir: “Bu gün qlobal böhranın bütün dünya miqyasında ciddi dəyişikiliklərə səbəb olduğu mürəkkəb dövrdə bu, çox vacibdir. Ümid edirəm ki, Siz iqtisadiyyat və investisiyalar, mədəniyyət və təhsil sahələrində bir sıra məsələləri razılaşdıra biləcək və birgə əməkdaşlığın prioritetlərini təyin edərək daha səmərəli formalarını inkişaf etdirə biləcəksiniz. Əminəm ki, bu forum konstruktiv şəraitdə keçəcək, maraqlı layihələr və faydalı diskussiyalarla yadda qalacaq, ən əsası isə ölkələrimizə real xeyir gətirəcək. Bütün iştirakçılara məhsuldar fəaliyyət və praktiki nəticələr, möhkəm can sağlığı və uğurlar arzu edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti