Bakı. Trend:
Efiopiyanın böyük oxucu kütləsinə malik olan “Kapital” qəzetində “Azərbaycan - müxtəliflik və tolerantlıq yurdu” məqaləsi dərc edilib.
Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, müasir dünyanın dini və məzhəb zəminində baş verən münaqişələrlə üzləşdiyi bir zamanda Azərbaycan milli həmrəyliyin qurulmasına nail olaraq, dünyada tolerantlıq yurdu kimi tanınıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycanın dünyanın ən tolerant və multikulturalist ölkələrdən biri olduğu barədə ətraflı məlumat verilir. Ulu Öndər Heydər Əliyevin sözlərinə istinad edilərək, Azərbaycan xalqının təbiətinə, xarakterinə görə yüksək tolerantlıq hissinə malik olduğu qeyd edilir. Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda 2016-cı il Multikulturalizm ili elan olunub.
Məqalədə Azərbaycanın dünyada tolerantlığı və mədəni müxtəlifliyi təbliğ edən bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumlarına ev sahibliyi etdiyi qeyd olunur. Bakıda Ümumdünya Şahmat Olimpiadasının, I Avropa Oyunlarının, Formula 1 Avropa Qran-prisi kimi mötəbər idman yarışlarının keçirildiyi vurğulanır.
Həmçinin məqalədə Roma Papası Fransiskinin ölkəmizə səfəri barədə bəhs edilərək, onun Azərbaycanda müsəlman, yəhudi və xristian icmaları arasında olan səmimi münasibətləri böyük məmnuniyyətlə qeyd etdiyi bildirilərək, ölkədəki tolerantlıq modelinin digər ölkələr üçün örnək olduğu qeyd edilir. Roma papasının ölkəmizdə multikultural mühitin yaranması ilə bağlı Azərbaycanı təbrik etməsi xüsusi vurğulanır.