...

Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək

Siyasət Materials 18 Noyabr 2016 18:35 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2017-ci il yanvarın 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illiyi tamam olur.

Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.

Sərəncamda qeyd olunur ki, Azərbaycan xalqı qarşısında böyük xidmətlərini nəzərə alaraq görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti