...

İlham Əliyev: Bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir

Siyasət Materials 1 Yanvar 2017 00:16 (UTC +04:00)
Bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir.
İlham Əliyev: Bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir

Bakı. Trend:

Bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrikində deyib.

Dövlətimizin başçısı qeyd edib: "2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq".

İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilib, iqtisadi sabitlik təmin edilib və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır: "Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi bu il 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artmışdır. Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir".

Azərbaycan Prezidenti vurğulayıb ki, 2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilib: "Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, - baxmayaraq ki, 2016-cı il böhranlı ildir, - 7 faiz artmışdır, orta əməkhaqqı isə 9 faiz artmışdır. Bir sözlə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan 2016-cı ildə də inamla inkişaf etmişdir. Bir daha qeyd etmək istəyirəm, bu il qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda, biz ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı ilə bu boşluğu bərpa edə bilərik".

Dövlət başçısı deyib ki, 2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində önəmli addımlar atılıb: “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu ilin əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası Bakıda keçirilmişdir və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha vurğulamışlar. “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir. Bu, tarixi layihədir. Layihə icra olunandan, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir. Beləliklə, bu il proqram üzrə bütün işlər yüksək səviyyədə aparılmışdır və əminəm ki, bu nəhəng transmilli layihə vaxtında istifadəyə veriləcəkdir. Eyni zamanda, bu il bizim yeni qaz yataqlarımızdan çıxarılacaq qazın həcmi də müəyyən edilmişdir və beləliklə, “Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr arasında təkcə “Şahdəniz” layihəsi deyil, eyni zamanda, “Abşeron” qaz yatağı da olacaqdır.

Hesab edirəm ki, bu il biz nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atmışıq. Bildiyiniz kimi, uzun illər davam edən Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atmışdır. Demək olar ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı üzrə görüləcək işlər artıq görülübdür. Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti