...

Xələf Xələfov: Vəziyyətin gərginləşməsi ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşür (YENİLƏNİB)

Siyasət Materials 26 Fevral 2017 11:35 (UTC +04:00)
Vəziyyətin gərginləşməsi ilə əlaqədar bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Xələf Xələfov: Vəziyyətin gərginləşməsi ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşür (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Vəziyyətin gərginləşməsi ilə əlaqədar bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib: "Nə zaman ki, dünya ictimaiyyəti münaqişənin tezliklə həll olunması istiqamətində müəyyən addımların atılmasını tələb edir və yaxud münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar nəticəsində müəyyən razılaşmalar əldə olunur ki, onlar icra olunmağa başlanmalıdır, Ermənistan eyni üsullara əl atır, cəbhə xəttində vəziyyəti gərginləşdirir, Azərbaycanın mövqelərinə hücumlar edir. Bu, Ermənistana xas olan bir xüsusiyyətdir".

X.Xələfov əlavə edib ki, ermənilərin bu təxribatı dünya ictimaiyyətini danışıqlar prosesindən yayındırmaq və Ermənistanı məsuliyyətdən azad etmək məqsədi daşıyır: "Ancaq bu üsullar keçərli deyil. Ona görə ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki Azərbaycan deyil".

O bildirib ki, Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir, regionun aparıcı ölkəsidir:

"Azərbaycan özünün həm iqtisadi, həm də hərbi potesialına görə Ermənistandan qat-qat güclüdür. Ermənistan heç zaman Azərbaycan torpaqlarının öz ərazisinə qatmaq imkanına malik olmayacaq. Ermənistan nə qədər tez bu xülyadan əl çəksə, regionda sabitlik o qədər tez bərpa olar".

Nazir müavininin sözlərinə görə, bu gün Azərbaycanın hərbi potensialı imkan verir ki, düşmənin istənilən həmləsinə cavab versin:

"Amma biz istərdik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, dünyanın aparıcı dövlətləri Ermənistanın işğalçı siyasətindən, çirkin məqsədlərindən nəticə çıxartsınlar və Ermənistanı sülhə vadar etsinlər. Çünki Ermənistan işğalçılıq siyasətindən əl çəkməsə, Azərbaycan torpaqlarından çıxmasa, təbi ki, biz digər üsullardan da istifadə edərək öz torpaqlarımızı azad etməliyik. Yaxın dövrlərdə danışıqlar prosesində əlavə təkanlar olmalıdır. Regionda vəziyyətin gərginləşməsi, yeni qarşıdurmaların başlaması ilə əlaqədar bütün məsuliyyət Ermənistanın üzərinə düşür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti