Bakı. Trend:
Yaxın Şərq ölkələrinin indiki və sabiq xarici işlər nazirləri V Qlobal Bakı Forumunda bir araya gələcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının Baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin və ilk dəfə forumda təmsil olunan İran İslam Respublikasının sabiq xarici işlər naziri Mənuçöhr Mottaki iştirak edəcəklər.
Diplomatlar forum çərçivəsində beynəlxalq münasibətlərin gələcəyini, bu münasibətlərin nizama salınmasında zəruri olan ittifaqların qurulmasını, terrorizmlə mübarizənin yollarını, transatlantik münasibətlərin gələcəyini, ekstremizm və populizmin beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərini müzakirə edəcək, qlobal problemlərin həll yolları barədə təkliflərini səsləndirəcəklər.
V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək.