...

Deputat: Azərbaycan dünyanın bir-birinə zidd güclərini əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edir

Siyasət Materials 7 May 2017 08:15 (UTC +04:00)
Azərbaycan dövləti Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsi ilə dünyanın bir-birinə zidd olan güclərini əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edir.
Deputat: Azərbaycan dünyanın bir-birinə zidd güclərini əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan dövləti Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsi ilə dünyanın bir-birinə zidd olan güclərini əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edir.

Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, dünya nizamının az qala yox olduğu indiki dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin dərin mənası, aydın məqsədi var: "Azərbaycan bu Forumu keçirməklə nümayiş etdirir ki, dünyanın gələcəyi mədəniyyətlərin, sivilizasiyaların toqquşmasında deyil, müxtəlif mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı və zənginləşməsi ilə bağlıdır. Azərbaycan dövləti ənənə halı alan bu Forum ilə özünün mədəniyyət diplomatiyası vasitəsilə dünyanın bir-birinə zidd olan güclərini birləşdirən, əməkdaşlığa cəlb edən mərkəz olduğunu təsdiq edir, digərlərinə nümunəvi yol göstərir. Hesab edirəm ki, Azərbaycan təcrübəsinin öyrənilməsi fayda verərdi".

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Mayın 6-dək davam edəcək Forum çərçivəsində bu gün Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilib.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak ediblər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti