...

Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib (YENİLƏNİB-4) (FOTO)

Siyasət Materials 4 Avqust 2017 09:19 (UTC +04:00)
Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib (YENİLƏNİB-4) (FOTO)

Bakı. Trend:

Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Dövlət başçısı müşavirəni giriş nitqi ilə açdı:

- Dünən mən Balakən, Zaqatala, Qax rayonlarında səfərdə olmuşam. Rayonlarda görülən işlərlə tanış olmuşam, əlavə tapşırıq vermişəm və bir daha görürəm ki, bu rayonlarda son illər ərzində çox sürətli inkişaf gedir. Bir çox sosial, infrastruktur, energetika, nəqliyyat, kənd təsərrüfatı, emal sənayesi obyektlərinin açılışlarında iştirak etmişəm. Dünənki bütün tədbirlər əslində, son illər ərzində bu bölgədə və ümumiyyətlə, Azərbaycanda görülən işləri bir daha əyani şəkildə təqdim edir.

Nəinki bu üç rayonda, bütün şimal-qərb zonasında çox sürətli inkişaf gedir. Bu zonaya həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur. Ancaq əlbəttə ki, burada əsas investisiya qoyuluşunun payı dövlətin üzərinə düşür. Son illərdə bu bölgəyə yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı Azərbaycan büdcəsi hesabına çox böyük investisiyalar qoyulubdur. Məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri, turizm obyektləri – bir sözlə, bu gün ölkəmizin şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir. Əminəm ki, verilən tapşırıqların yerinə yetirilməsi nəticəsində gələcək illərdə bu müsbət dinamika daha da güclənəcəkdir.

Bugünkü müşavirə bu bölgəyə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına həsr edilib. Tütünçülük, baramaçılıq, fındıqçılıq bu bölgədə əsrlər boyu inkişaf etmişdir. Bu sahələrin ölkəmizdə çox böyük və zəngin ənənələri vardır. Burada mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində yerləşməyimiz – bütün bunlar bu sahələrin inkişafına təkan vermişdir. Azərbaycan xalqı əsrlər boyu bu sahələrdə çalışırdı və yaxşı nəticələr əldə edirdi. Statistikaya baxdıqda görürük ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilmişdir. O vaxt bu sahələrdə görülən işlər deməyə əsas verir ki, biz bu gün bu sahələri uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmişdir. Biz bu ənənəvi sahələri bu gün bərpa edirik.

Bugünkü müşavirənin əsas məqsədi ondan ibarətdir ki, görülmüş işlərə yekun vuraq, - çünki son iki il ərzində bu sahələrin inkişafı üçün çox böyük işlər görülmüşdür, - eyni zamanda, gələcək fəaliyyətimiz üçün konkret tədbirlər planı hazırlayaq. Dövlət proqramları da qəbul ediləcəkdir ki, bu ənənəvi sahələr Azərbaycanda daha geniş vüsət alsın.

Ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bu sahələrdə də, bütün digər sahələrdə də Azərbaycan tənəzzüllə qarşılaşdı, iqtisadi, sənaye potensialımız yavaş-yavaş aşağı düşməyə başladı və nəticədə müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi demək olar ki, çox ağır vəziyyətdə idi. Müstəqilliyimizin ilk illərində isə antimilli qüvvələr - AXC-Müsavat cütlüyü ölkəmizi demək olar ki, məhvə aparırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri artıq tənəzzülə uğradı, sənaye istehsalı da həmçinin. O vaxt inflyasiya min faizlərlə ölçülürdü və ölkənin perspektivləri çox qaranlıq idi. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu.

O vaxt əlbəttə ki, bizim böyük maliyyə imkanlarımız yox idi, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı. Ona görə, ilk növbədə, ölkəmizi dünyada tanıtmaq, investisiyaları cəlb etmək məqsədi qarşımızda durmuşdu və biz bu məqsədə nail olduq. “Əsrin kontraktı”nın imzalanması bunun bariz nümunəsidir. O vaxt Azərbaycana böyük investisiya axınını təmin edən bu tarixi layihə ölkəmizin həyatında xüsusi rol oynamışdır. Eyni zamanda, sənaye istehsalı ilə bağlı çox ciddi addımlar atılmışdır. Xüsusilə o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş qərarlar imkan verdi ki, kənd təsərrüfatı inkişaf etməyə başlasın. Kəndlilər, fermerlər yaxşı bilirlər ki, Heydər Əliyevin göstərişi ilə fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmişdir, torpaq islahatı aparılmışdır və inkişafa gedən yolda ilk addımlar atılmışdır. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, ona görə dövlət kənd təsərrüfatına öz maddi dəstəyini lazımi səviyyədə göstərə bilmirdi. Ancaq özəl sahibkarlıq, bazar iqtisadiyyatına keçid nəticəsində kənd təsərrüfatında inkişaf dövrü başlamışdır.

2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq.

O vaxt qarşımızda duran əsas vəzifələr infrastruktur məsələlərini həll etmək idi. Yollarımız bərbad idi, elektrik enerjisi ilə özümüzü təmin edə bilmirdik, qaz təchizatı demək olar ki, bölgələrdə ümumiyyətlə yox idi, Bakının yarısı qazsız idi, meliorasiya ilə bağlı olan layihələr, sadəcə olaraq, kağız üzərində qalmışdı. Biz onları həyata keçirdik və infrastruktur məsələlərinin həlli nəticəsində bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Azərbaycanda tikilmiş 20-dən çox yeni elektrik stansiyası bu imkanları bizə yaratdı. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir və biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik. 2004-cü ildən bu günədək, yəni, 2017-ci ilə qədər 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınmışdır, böyük meliorasiya layihələri icra edilmiş, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılmış, kanallar çəkilmişdir və bu proses bu gün də davam etdirilir. Qarşıda duran əsas məsələlərdən biri də fermerləri dayanıqlı su ilə təmin etməkdir.

Sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikildi. Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik.

2004-cü ildən başlayaraq infrastruktur layihələrinin icrası ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi idi. Biz əsas diqqətimizi bu sahəyə yönəltdik. Çünki bu, prioritet idi. Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, sovet vaxtında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi. Biz isə öz növbəmizdə pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib başqa respublikalara göndərirdik. Ancaq müstəqillik dövründə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə, biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Düzdür, bu, hələ ki, bizi tam qane edə bilməz, biz özümüzü hələ tam təmin etmirik, ancaq inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində biz hətta böyük ixrac potensialına da malik olacağıq. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Deyə bilərəm ki, bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə daha da böyük nəticələr olacaq.

O ki qaldı, texniki bitkilərə, bu sahəyə o qədər də diqqət göstərilməmişdir. Bunun da səbəbləri onunla bağlı idi ki, investisiyalar, ilk növbədə, infrastruktura, ərzaq təhlükəsizliyi məsələlərinə qoyulmalı idi. Bizim digər böyük sosial proqramlarımız var. Xüsusilə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına milyardlarla vəsait qoyuldu. Ordu quruculuğuna milyardlarla vəsait qoyuldu. Ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən kənarda qalıb. Hesab edilirdi ki, bazar iqtisadiyyatı, özəl sektor bu sahələri də inkişaf etdirəcək. Ancaq gördük ki, dövlətin dəstəyi olmadan bu sahələr inkişaf edə bilmir. Son illərdə bu sahələrdə çox böyük tənəzzül müşahidə olunur. Demək olar ki, biz bu sahələri itirirdik. Pambıqçılıq demək olar ki, məhv olurdu. O cümlədən tütünçülüyə maraq göstərilmirdi, baramaçılıq isə ümumiyyətlə, gündəlikdən çıxarılmışdı. Ona görə, bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. Pambıq istehsalı artdı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı, cəmi iki il ərzində təxminən 10 dəfə artdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq. Biz indi böyük ixrac imkanlarımızla xarici bazarlara çıxırıq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində biz hazır məhsul ixrac edəcəyik. Digər sahələrdə, misal üçün, fındıqçılıqda. Baxmayaraq ki, fındıqçılıq müstəqillik dövründə artıb. Tütünçülük, baramaçılıqdan fərqli olaraq fermerlər bu sahəyə maraq göstərmişlər. Çox da olmasa, artım var idi. Ancaq biz bu artımı sürətləndirdik. İki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək.

Tütünçülüklə bağlı atılmış ilk addımlar öz nəticəsini verir. Bu müşavirədən sonra çox ciddi proqram qəbul ediləcək. Azərbaycanda baramaçılıq çox geniş vüsət alıb. Hesab edirəm ki, fermerlər, kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə də baramaçılıqdır. Çünki dövlət hər şeyi öz üzərinə götürüb, bütün lazımi materialları, tingləri verir, bütün sahələr üzrə subsidiyalar verir. Kümçülər 30-40 gün ərzində yaxşı gəlir əldə edirlər. Ona görə, bu ənənəvi sahələrin inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Biz bu gün bu barədə danışacağıq.

O ki qaldı, bizim ümumi iqtisadi inkişaf perspektivlərimizə, mən bu perspektivləri yüksək qiymətləndirirəm. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir.

Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz daha da güclənəcək.

X X X

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafı ilə bağlı respublika müşavirəsinin Qaxda keçirilməsinə görə rayonumuzun bütün əhalisi adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bu müşavirə rayonumuzun hər bir sakininin, hər bir kənd təsərrüfatı məhsulları istehsalçısının yaddaşında böyük iftixar hissi ilə xatırlanacaq hadisə kimi qalacaq.

Respublikada sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə olunmaqla ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyduğunuz vəzifələr ali məqsədlərə xidmət edir. Danılmaz həqiqətdir ki, xalqımız həmişə Sizin əmək adamlarına verdiyiniz yüksək qiymətin, göstərdiyiniz əvəzsiz qayğının şahidi olub, bunu özlərinin həyat səviyyələrinin yüksəlməsində aydın hiss ediblər. Bütün bunlara görə Sizə bir daha minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Sizin qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı qəbul etdiyiniz qərarlar və verdiyiniz tapşırıqlar ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorun inkişafına təkan verib və onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb.

Ötən il Sabirabad rayonunda keçirilən ümumrespublika müşavirəsində yerlərdə ixracyönümlü məhsul istehsalının artırılması üçün verdiyiniz tapşırıqların icrası nəticəsində rayonda fındıq bağlarının genişləndirilməsi məqsədilə 2016-cı ilin payız əkini mövsümündə 1275 hektar, 2017-ci ilin yaz əkini mövsümündə isə 513 hektar olmaqla, cəmi 1788 hektar ərazidə yeni fındıq bağları salınıb. Ümumilikdə isə rayonda mövcud olan fındıq bağlarının sahəsi son 3-4 il ərzində 2800 hektar genişləndirilərək 6800 hektara çatdırılıb. Bu istiqamətdə işlərin davam etdirilməsi üçün rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 700 hektara yaxın örüş sahəsinin və kolluq sahənin əkin dövriyyəsinə cəlb edilməsi üçün müvafiq işlər görülüb.

Cənab Prezident, məlumat üçün bildirmək istəyirəm ki, bölgəmizdə istehsal edilən fındıq dünya bazarında keyfiyyəti ilə fərqləndiyindən ixrac potensialı olduqca yüksəkdir. Cari il ərzində 5 min ton fındıq istehsalı gözlənilir. Məhsul satışından rayona ən azı 13-14 milyon manat məbləğində vəsait daxil olacaq ki, bu da kənd əhalisinin sosial rifahının, yaşayış şəraitinin daha da yaxşılaşmasına ciddi şəkildə təsir edəcək. Maya dəyəri digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə daha az olduğundan yüksək rentabelliyi ilə seçilən, daxili və xarici bazarlarda daimi alıcısı olan fındıq istehsalçılar üçün daha əlverişli hesab edilir. Hazırda məqsədimiz zəruri aqrotexniki tədbirlərin vaxtında və yüksək səviyyədə aparılmasını təmin etməklə yaxın 2-3 il ərzində hər hektardan məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasına nail olmaqdır ki, buna da hər cür imkan və şərait var. Bu məqsədlə yerlərdə müntəzəm olaraq keçirilən görüşlərdə həlli vacib aqrotexniki tədbirlərin görülməsi ilə əlaqədar məhsul istehsalçılarının maarifləndirilməsinə xüsusi diqqət yetirilir. Xüsusi qeyd etmək lazımdır ki, yeni fındıq bağlarının salınmasında istifadə olunan pöhrələrə və tinglərə görə subsidiyanın verilməsinin nəzərdə tutulması kənd əməkçilərini daha da ruhlandırıb, rayonda fındıqçılığın sürətlə inkişaf etdirilməsinə təkan verib.

Rayonumuz üçün ənənəvi istehsal sahələrindən biri də tütünçülükdür. Bu sahənin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilərək cari təsərrüfat ilində ötən illə müqayisədə 274,8 hektar çox olmaqla 605,8 hektar sahədə tütün əkini aparılıb ki, bunun da 582,3 hektarını “Virciniya”, 8,5 hektarını “Berley” növlü ətirli, 15 hektarını isə digər tütün növləri təşkil edir. Son illər tütünçülüklə məşğul olan sahibkarlara subsidiyaların verilməsi, satınalma qiymətlərinin artırılması kimi dövlət dəstəyinin təmin olunması məhsul istehsalçılarında ruh yüksəkliyi yaradıb, rayonda tütün istehsalının genişləndirilməsinə münasibət ciddi şəkildə dəyişib. Cari ildə 5500 tondan artıq yaşıl tütün yarpağı tədarükü gözlənilir ki, bu da 2016-cı illə müqayisədə 1,7 dəfə çoxdur. Tədarük olunmuş tütün məhsuluna görə istehsalçılara 1,1 milyon manatdan artıq vəsait ödəniləcək. 1248 nəfərin mövsümi işlə təmin olunduğu tütün istehsalında hazırda “Virciniya” növü üzrə 962,2 ton yaş tütün emal müəssisələrinə təhvil verilib.

Möhtərəm cənab Prezident, rayonumuz üçün ənənəvi istehsal sahələrindən biri olmasına baxmayaraq, keçid dövrü ərzində obyektiv və subyektiv səbəblər üzündən istehsalı tamamilə dayandırılmış baramaçılığın inkişaf etdirilməsinə də son illər xüsusi diqqət yetirilir. Respublikada baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar verdiyiniz Sərəncam və tapşırıqlara uyğun dövlət dəstəyinin təmin olunması rayonumuzun kümçülərində inam və böyük ruh yüksəkliyi yaradıb, nəticədə ötən dövr ərzində ilk dəfə olaraq 2016-cı ildə 3,8 ton, cari ildə isə 12,5 ton yüksək keyfiyyətli barama istehsalı təmin edilib. Baramaçılıqla məşğul olan 72 kümçüyə 50 min manat vəsait ödənilib, 62,6 min manat subsidiyanın verilməsi isə yaxın vaxtlarda təmin olunacaq.

Yaxın gələcəkdə barama istehsalının bir neçə dəfə artırılması üçün yem bazasının gücləndirilməsi məqsədilə 2016-cı ilin payız əkini mövsümündə rayonun ayrı-ayrı ərazilərində Çin Xalq Respublikasından gətirilmiş yüksək məhsuldar 45 min ədəd və 10 min 200 ədəd yerli tut tingi olmaqla, cəmi 55 min 200 ədəd tut tinginin əkilməsi təmin olunub. Eyni zamanda, rayonun daxili imkanları hesabına yetişdirilmiş 60 min tut toxmaçarı inzibati ərazi dairələri üzrə nümayəndəliklərə bölüşdürülərək böyütmə sahələrinə köçürülməsi təmin olunub.

Cənab Prezident, Sizin ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı imzaladığınız Sərəncam bu sahənin inkişafına güclü təkan verəcək. Barama istehsalçılarının məhsuldar tut ipəkqurdunun cins və hibrid toxumları ilə təmin edilməsi və bu sahədə seleksiya-damazlıq işlərinin təşkili məqsədilə Qax Damazlıq İpəkçilik Stansiyasının müasir standartlar səviyyəsində yenidən qurulması respublikamızda barama istehsalının sürətli inkişafına zəmin yaradacaq.

Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, ölkədə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi üçün verdiyiniz tapşırıqların icrası ilə əlaqədar rayonda tütünçülüyün, fındıqçılığın, baramaçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı ilə bağlı bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik.

Diqqətinizə görə minnətdaram.

X X X

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan baramaçılığın, tütünçülüyün və qərzəkli meyvə istehsalının inkişaf etdirilməsi ilə bağlı Sizin qəbul etdiyiniz müdrik qərarlar, verdiyiniz tapşırıq və tövsiyələr sayəsində respublikamızda bu sahələrin sürətli yüksəlişi üçün qısa müddətdə əlverişli şərait yaradılıb.

Respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan uğurlu siyasət ölkəmizin bütün regionlarında olduğu kimi, Şəki rayonunda da öz bəhrəsini verməkdədir. Tapşırığınıza əsasən, rayonumuzda tütünçülüyün, baramaçılığın və qərzəkli meyvə istehsalının inkişaf etdirilməsi məqsədilə bütün qüvvələr səfərbər olunub, yerli icra hakimiyyəti və bələdiyyə orqanları, qabaqcıl təsərrüfat işçiləri bu işə cəlb edilib, tütün əkini ilə məşğul olan şirkətlərlə birgə iş qurulub, təcrübəli tütünçülər və baramaçılarla görüşlər keçirilib, onların təklifləri dinlənilib.

Tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə əhalinin əsas məşğuliyyət sahələrindən biri də baramaçılıq olub. Ötən əsrin 70-80-ci illərində Şəki ipək kombinatının istehsal etdiyi məhsullar keçmiş Sovetlər Birliyinin bütün müttəfiq respublikalarına ixrac edilib və öz keyfiyyəti ilə fərqlənib. Bu illərdə rayon üzrə 10 min ev təsərrüfatı barama yetişdirməklə məşğul olub. Lakin təəssüf ki, sonralar Şəki ipək kombinatı fəaliyyətini dayandırıb, kənd təsərrüfatının bu gəlirli sahəsi diqqətdən kənarda qalıb.

Cənab Prezident, Sizin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız Sərəncam ölkəmizdə ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addımdır. Nazirlər Kabinetinin son iclasında kənd təsərrüfatının vacib sahələrindən biri olan baramaçılığın inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar rayonumuzda geniş müzakirə edilib, ipəkçiliyin mövcud vəziyyəti təhlil olunub, qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib.

Ötən ilin payız mövsümündə rayonda 50 min yerli, 25 min xaricdən gətirilmiş tut tingi əkilib, yeni kümxanalar qurulub, gənc kümçülərin yetişdirilməsi istiqamətində maarifləndirmə tədbirləri genişləndirilib. Həyata keçirilən tədbirlər rayonda barama istehsalının dinamik inkişafına müsbət təsir göstərib.

Rayonda 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə 18 min kiloqram barama istehsalına nail olunub. Məhz Sizin təşəbbüsünüzlə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranıb, Şəki ipək kombinatı öz fəaliyyətini bərpa edib. Hazırda 600 nəfər işçinin çalışdığı kombinat cari ildə 244 ton yaş barama tədarük edib.

Qeyd etmək istəyirəm ki, hazırda ipəkqurdunun süni yemlə ilboyu təmin olunması üçün tədqiqatların aparılması, müasir kümxanaların inşası və sair məsələlər üzrə Şəki Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi birgə əməkdaşlıq edir.

Möhtərəm cənab Prezident, aqrar sektorun ən gəlirli sahələrindən biri olan tütünçülüyün inkişafı üçün Şəki rayonu əlverişli təbii iqlim şəraitinə, torpaq və su ehtiyatlarına malikdir. Məhz buna görə də rayon əhalisi uzun illər kənd təsərrüfatının bu sahəsi ilə məşğul olub, tütünçülük rayon iqtisadiyyatının əsasını təşkil edib. Lakin sonralar tütünün alış qiymətinin aşağı olması bu sahəyə marağın azalması ilə nəticələnib, respublikanın ən böyük tütünçülük rayonlarından olan Şəkidə tütün istehsalı 15 dəfə azalıb.

Cənab Prezident, Sizin tütünçülüyün inkişafına göstərdiyiniz diqqət və qayğı nəticəsində yerlərdə istehsalçılar arasında bu sahəyə maraq artıb, rayonumuzda tütünçülüyün inkişafında ciddi dönüş yaranıb. Nəticədə, əgər 2015-ci ildə rayonda cəmi 596 hektar sahədə tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 843 hektara çatdırılıb. Hazırda rayonun 11 kəndində 2 minə yaxın sakin tütünçülüklə məşğul olur. Bu il rayonda 2 min 600 ton quru tütün istehsalı proznozlaşdırılır. Hazırda 968 ton yaş tütün, 12 tona yaxın quru tütün tədarük edilərək emal müəssisəsinə təhvil verilib.

Möhtərəm cənab Prezident, rayonda qərzəkli meyvə istehsalının inkişafına da diqqət yetirilir. Bu baxımdan istehsalın genişləndirilməsi üçün əhali arasında yeni təsərrüfatların yaradılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir, bu sahəyə investorların cəlb edilməsi üçün məqsədyönlü iş aparılır.

2016-cı ilədək rayonda cəmi 979 hektar sahədə fındıq bağı mövcud idi. 2016-cı ilin payız mövsümündə 724 hektar, 2017-ci ilin yaz mövsümündə 58 hektar yeni fındıq bağları salınıb və rayonumuzda fındıq bağlarının ümumi sahəsi 1761 hektara çatdırılıb. Bu ilin payızında 600 hektar ərazidə fındıq bağı salınması nəzərdə tutulur və artıq 550 hektar sahədə təmizlik işlərinə başlanıb. Qeyd etmək istəyirəm ki, bu sahəyə iri həcmdə investisiya yatırmaq istəyən investorlar tərəfindən çoxsaylı müraciətləri nəzərə alaraq rayonumuzda meşə fonduna aid olan, lakin meşə örtüyü olmayan 2 min hektara yaxın torpaq sahəsinin təyinatının dəyişdirilməsinə ehtiyac vardır.

Çox hörmətli cənab Prezident, Sizi əmin edirəm ki, tapşırığınıza müvafiq olaraq, kənd təsərrüfatının bir çox sahələrinin dinamik inkişafının təmin edilməsi üçün bundan sonra da tərəfimizdən bütün imkanlar səfərbər olunacaq, qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

Diqqətinizə görə çox sağ olun.

X X X

“Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Nizami Qəribov çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş 1970-ci illərin əvvəlindən başlamışdır. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər” haqqında 1971-ci il 17 mart tarixli 106 nömrəli Qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan vermiş, görülən tədbirlər nəticəsində sahənin maddi-texniki bazası, sənaye potensialı genişləndirilmişdir. Azərbaycan keçmiş Sovet İttifaqında barama istehsalına görə Özbəkistandan sonra 2-ci, baramanın və ipəyin keyfiyyətinə görə isə 1-ci yerdə olmuşdur.

Lakin sovetlər birliyinin dağılması, iqtisadi əlaqələrin qırılması nəticəsində bir çox sahələr kimi, ipəkçiliyin də tənəzzülə uğraması prosesi baş verdi. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ipək sənayesi yenidən bərpa olundu. Onun bilavasitə tapşırığı, imzaladığı müvafiq Sərəncamla dövlət büdcəsindən vəsait ayrılmaqla kombinat fəaliyyətə başladı.

Möhtərəm cənab Prezident, Sizin ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun artırılması məqsədilə 2016-cı il 15 sentyabr tarixli Sərəncamınız bu sahəyə olan marağın güclənməsinə müsbət təsir göstərib.

Tapşırığınıza uyğun olaraq, barama istehsalı ilə məşğul olan şəxslərə son məhsula görə subsidiya verilməsi əhali arasında bu sahəyə marağı daha da artırıb. Nəticədə ipəkçiliyin inkişafına yenidən təkan verilib və 2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edildiyi halda, 2016-cı ildə 24 rayon üzrə 70 ton, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub. Başqa sözlə, bu il 2015-ci ilə nisbətən 337 dəfə çox yaş barama istehsal edilib.

Bununla bərabər, keçən il baramaçılığın coğrafiyasının genişləndirilməsi məqsədilə çox ciddi addımlar atılıb, 37 rayonda 1,7 milyon tut tingi əkilib. Bu da 2019-cu ildə 1300 ton yaş barama istehsalına imkan yaratmaqla yanaşı, müəssisəmizin tam gücü ilə işləməsini təmin edəcəkdir.

Qeyd etmək istərdim ki, ipəkçiliyin inkişafının stimullaşdırılması, yeni emal sahələrinin yaradılması, istehsal gücünün artırılması, maddi-texniki bazanın gücləndirilməsi və ipəkçiliyin inkişaf modelinin hazırlanması istiqamətində İqtisadiyyat Nazirliyi ilə birgə araşdırmalar aparılır və bununla əlaqədar xarici təcrübənin öyrənilməsi üçün xarici ekspertlərin cəlb olunması məsələləri müzakirə edilir. Eyni zamanda, ipəkçilik məhsullarının ixrac imkanlarının genişləndirilməsi ilə əlaqədar AZPROMO ilə əməkdaşlıq edirik. Həmçinin müəssisəmizə dövlətin 3 milyon manatadək güzəştli krediti verilib.

Bununla yanaşı, Sizin müvafiq Sərəncamınız ilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunmasına ayrılmış 4.5 milyon manat vəsait hesabına ildə 1.2 ton ipəkqurdu toxumu istehsal olunacaq ki, bu da daxili tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcəkdir.

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin köməyi ilə baramaaçan istehsalatı, köhnə qazanxana və baramanın ilkin emalı təsərrüfatlarında bu il əsaslı təmir işləri aparılıb, müəssisənin buxara olan tələbatının tam ödənilməsi üçün xaricdən yeni buxar qazanı gətirilib və qazanxana təsərrüfatı yenidən qurulub. Müəssisənin baramaaçan, burucu, toxucu, kəlağayı və boyaq-bəzək istehsalı yenidən bərpa olunub, 600 nəfər daimi işlə təmin edilib.

Görülmüş tədbirlər nəticəsində ölkəmizdə yaş barama istehsalının bir neçə min tona çatdırılması 50 mindən çox kəndli-fermer ailəsinin (və yaxud təxminən 200 min nəfərin) tut ipəkqurdunun bəslənməsi üçün mövsümi işlə təmin olunacağına, bu işlə əhalinin həssas qruplarının (qadınların və əlillərin) da məşğul ola biləcəyinə, eləcə də “Şəki-İpək” ASC-də 1500-dək daimi iş yerinin açılacağına, beynəlxalq standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialının artacağına səbəb olacaqdır.

Eyni zamanda, ipəkçilikdə xammal bazasının genişləndirilməsi məqsədilə yeni tut bağlarının salınması üçün yol kənarları, dağətəyi və meşəətrafı ərazilərdən torpaq sahələrinin ayrılması məqsədəuyğundur.

Əminliklə demək olar ki, belə əhəmiyyətli addımların atılması nəticəsində gələcəkdə ipəkçilik sahəsində qarşıda duran mühüm məsələlər öz həllini tapacaq, bu sektorun gəlirli sahələrdən birinə çevrilməsinə imkan verəcəkdir.

Cənab Prezident, ipəkçiliyin yenidən inkişaf etdirilməsi, tariximizin və mədəniyyətimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması yolunda atılan bu mühüm addım üçün Sizə minnətdarlığımızı bildiririk.

Diqqətinizə görə minnətdarıq.

X X X

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Zati-aliləri, icazə verin, ilk növbədə, zaqatalalıların səmimi salamlarını Sizə və müşavirə iştirakçılarına çatdırım.

Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində ölkəmizin bütün regionları kimi, Zaqatala rayonu da gündən-günə inkişaf edir. Aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri əhalimiz tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.

Qeyri-neft sektorunun, xüsusilə də ixrac potensialı böyük olan fındıqçılığın, tütünçülüyün, baramaçılığın, pambıqçılığın, gülçülüyün inkişafı ilə bağlı qarşıya qoyduğunuz mühüm vəzifələr, eləcə də əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, torpaqlardan səmərəli istifadə olunması ilə bağlı tapşırıqlarınız kənd təsərrüfatı sahəsinin daha da canlanmasına və inkişaf etməsinə səbəb olub, əhalinin torpağa bağlılığını artırıb.

Möhtərəm cənab Prezident, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqinizdə söylədiyiniz “Hər il “Kənd təsərrüfatı ili” olmalıdır” fikriniz kənd təsərrüfatının inkişafına diqqət və qayğınızın bariz nümunəsidir.

Zaqatala rayonu üçün ənənəvi olan və ölkəmizə ən çox valyuta gətirən sahələrdən biri fındıqçılıqdır. Fındıqçılığın inkişaf etdirilməsi, mövcud bağların 2 dəfə artırılması ilə bağlı qarşıya qoyduğunuz vəzifələrin icrası üçün rayon icra hakimiyyətində xüsusi qərargah yaradılıb, əhali arasında pöhrələrin satın alınmasının təşviqi işi aparılıb.

Eyni zamanda, fındıq bağlarının salınması üçün sahələr ayrılıb, fındıq istehsalçılarının siyahıları hazırlanıb, pöhrə verəcək bağlar müəyyənləşdirilib, onların sahiblərinin siyahıları hazırlanıb. İcra hakimiyyətinin təşkilatçılığı ilə bu tədbirlərin həyata keçirilməsi nəticəsində əkin üçün 1 milyon 700 min yerli pöhrə müəyyənləşdirilib və onların uçotu aparılıb.

Zati-aliləri, görülmüş tədbirlər nəticəsində 2016-cı ilin yanvar ayının 1-i tarixinə Zaqatala rayonunda mövcud olan 9575 hektar fındıq bağlarının sahəsi 2017-ci ilin yazında 3158 hektar yeni fındıq bağlarının salınması və 4284 hektar kənarda qalan sahələrin uçota alınması nəticəsində 17017 hektara çatdırılıb. Yeni fındıq istehsalçılarının sayı isə 2500 nəfərə yaxındır. Fındıq bağı sahələrinin iki dəfə artırılması istiqamətində işlər davam etdirilir. Məlumat üçün qeyd etmək istəyirəm ki, rayonda ötən ilin payız mövsümündə 5 hektar sahədə fındıq tingliyi yaradılıb ki, burada 300 mindən çox keyfiyyətli fındıq tingi yetişdirilərək sahələrə köçürülməsi üçün hazırlıq işləri görülür.

Zaqatala rayonunun emal müəssisələri tərəfindən 2016-cı ildə 91,1 milyon manat dəyərində fındıq ixrac olunub. Cari ilin 6 ayında isə 30,8 milyon manat dəyərində fındıq məhsulları ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 faiz çoxdur.

Cənab Prezident, ölkədə əhalinin məşğulluq səviyyəsinin artırılması sahəsində qarşıya qoyduğunuz vəzifələr uğurla icra olunur. Uzun illər ərzində tənəzzülə uğrayan və rayonumuz üçün ənənəvi olan baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə 2016-cı ildə proqnozlaşdırılan 1500 kiloqram barama istehsalı 4 dəfə artıq yerinə yetirilməklə 6018 kiloqrama çatdırılıb. 2017-ci ildə 500 kümçünün fədakar əməyi nəticəsində rayon üzrə proqnozlaşdırılan 21 ton əvəzinə 21,4 ton barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib. Kümçülər qısa müddətdə 189,0 min manat gəlir əldə ediblər ki, bunun da 107,0 min manatını dövlət vəsaiti hesabına verilən subsidiya təşkil edir. Bütün bunlar son dövrdə bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mümkün olub. Təsadüfi deyil ki, baramanın alış qiyməti əvvəlki ilə nisbətən nəzərəçarpacaq dərəcədə artırılaraq 9 manata çatdırılıb.

Gələcəkdə barama istehsalının artırılması məqsədilə ötən il rayonda 146 min 980 tut tinginin əkilməsi təmin edilib. Xüsusi qeyd etmək istəyirəm ki, əkilmiş bu tinglərin 133 mini məhz Sizin tapşırığınızla Çin Xalq Respublikasından ölkəmizə idxal olunan tut tingləridir. Bu da gələcəkdə yem bazasının bərpa edilməsi nəticəsində rayonda barama istehsalının bir neçə dəfə artmasına səbəb olacaq.

Möhtərəm cənab Prezident, tütünçülüyü inkişaf etdirmək məqsədilə Zaqatala rayonunda əsasən ətirli və qiymətli tütün sortları olan “Berley” və “Virciniya”nın yetişdirilməsinə üstünlük verilir. Bu məqsədlə ötən ildə 601,5 hektar sahədə tütün əkilib, 1198 nəfər mövsümi işə cəlb edilib.

2017-ci ildə rayonda tütün əkilməsi proqnozlaşdırılan 700 hektar əvəzinə fermerlər tərəfindən 743 hektar sahədə müxtəlif tütün sortları əkilib və bu mövsümi işlərə 2236 nəfər cəlb edilib. Artıq rayonda məhsul yığımı işlərinə başlanılıb. Bu günədək sahələrdən yığılmış 1095 ton yaş tütün və 4,6 ton quru tütün emal müəssisələrinə təhvil verilib. 2017-ci ilin birinci yarısında 7,8 milyon manat dəyərində tütün ixrac edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Sizin iştirakınızla istifadəyə verilmiş “Azərtütün” MMC-nin tütün qəbulu məntəqəsinin və illik emal gücü 3 min ton olan tütün emalı zavodunun fəaliyyətə başlaması rayonumuzda tütün istehsalını xeyli artırmağa imkan yaradıb.

Möhtərəm cənab Prezident, icazə verin, çıxışımın sonunda Sizi əmin edim ki, respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, sərmayələrin cəlb olunması üçün bütün imkanlardan istifadə etməklə aqrar sahənin, xüsusilə də ixrac potensialı böyük olan fındıqçılığın, tütünçülüyün, baramaçılığın və gülçülüyün inkişafı ilə bağlı qarşıya qoyduğunuz mühüm vəzifələrin uğurla yerinə yetirilməsində fəal iştirak edəcək, bu işə layiqli töhfələrimizi verəcəyik.

Diqqətinizə görə minnətdaram.

X X X

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Cənab Prezident, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələri kimi, Zərdab rayonu da gündən-günə inkişaf edir, abadlaşır. Sizin vaxtaşırı rayonumuza səfər edərək yeni tikilən obyektlərin açılışında iştirakınız və ictimaiyyət nümayəndələri ilə görüşləriniz əhalimizdə yüksək əhval-ruhiyyə yaratmaqla, rayonumuzun hərtərəfli inkişafına böyük təkan verib. Aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən yeni-yeni layihələr rayon sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.

Sizin rəhbərliyinizlə qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizdə bütün növ kənd təsərrüfatı məhsulları istehsalının artmasına, ərzaq təhlükəsizliyinə, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və insanların sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edir.

Ölkəmizdə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, fındıqçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişaf etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlar kənd həyatının canlanmasına, əhalinin dövlətimizə və onun müdrik rəhbərinə məhəbbətinin daha da artmasına səbəb olub. Biz bunu ölkəmizin kənd təsərrüfatı rayonlarından biri olan Zərdabın timsalında aydın şəkildə görürük.

Möhtərəm cənab Prezident, fındıqçılıq, tütünçülük və baramaçılığın inkişafı məsələlərinə həsr olunmuş bugünkü müşavirənin keçirilməsi bu sahə ilə məşğul olan insanlara göstərdiyiniz diqqət və qayğının parlaq təzahürüdür. Məlumat üçün bildirmək istəyirəm ki, tarixən Zərdab rayonunun əhalisi baramaçılıqla məşğul olub, keçmiş Sovetlər Birliyi dövründə 293 ton barama tədarük ediblər. Azərbaycanın bütün təbii sərvətləri kimi baraması və ipəyi də dünyada özünəməxsus şöhrət qazanıb. Baramaçılıqla bağlı keçirilən beynəlxalq konfranslarda Azərbaycan baraması, xüsusən Zərdab baramasının ipəyi parlaqlığına və keyfiyyətinə görə daim yüksək qiymətləndirilib.

Cənab Prezident, son illərdə respublikamızda baramaçılığın inkişafına dair verdiyiniz tapşırıqlar, qəbul olunmuş qərarlar Zərdab rayonunda baramaçılığın dirçəlməsinə böyük təkan verib. Uzun fasilədən sonra 2016-cı ildə baramaçılarımız bu işlə məşğul olmağa başlayıb və 5710 kiloqram barama tədarük ediblər.

2016-cı ilin dekabr ayında Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ilə birlikdə rayonumuzda səfərdə olarkən Sizin Zərdabda tədarük edilmiş 6 tona yaxın baramanın gələn il ən azı 3 dəfə artırılması ilə bağlı tapşırığınız məsuliyyətimizi qat-qat artırıb və cari ildə baramaçılarımız daha yaxşı işləyərək 24 ton proqnoz tapşırığa qarşı 27 tondan çox barama tədarük ediblər. Bu göstərici 2016-cı ilə nisbətən təqribən 5 dəfə çox olmaqla, respublikada əldə olunan ən yüksək göstəricidir. Rayonun Məlikli kəndində kümçü İsrayıl Abbasov 263 kiloqram, Bıçaqçı kəndində kümçü Əmrah Aslanov 235 kiloqram, Yuxarı Seyidlər kəndində kümçü Yusif Musayev 215 kiloqram barama tədarük edərək yüksək nəticəyə nail olublar. 700 nəfərə yaxın kənd sakini mövsümi işlə təmin edilib. Baramaçıların ailə büdcəsinə 240 min manatdan çox vəsait daxil olub ki, bunun 106,8 min manatını emal müəssisəsi ödəyib, 133,3 min manatı isə dövlət tərəfindən ödənilən subsidiya olub.

“Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Sərəncamınızla yaş baramanın hər kiloqramına görə baramaçılara subsidiyanın verilməsi, xarici ölkədən gətirilən tut tinglərinin yerlərdə əkilməsi baramaçılığın inkişafına çox böyük stimul yaradıb. Təkcə 2016-cı ildə Zərdab rayonu ərazisində 260 mindən çox tut tingi əkilib ki, bu da yaxın illərdə daha yüksək səviyyədə barama istehsalı üçün yeni imkanlar yaradacaq.

Hazırda kümçülərimiz 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq məqsədilə yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görürlər. 2018-ci ildə rayonumuzun baramaçıları 50 tona yaxın yaş barama tədarük etmək əzmindədirlər.

Möhtərəm cənab Prezident, icazənizlə bu yüksək kürsüdən mənə verdiyiniz fürsətdən istifadə edərək, zərdablı kümçülərin bir xahişini səsləndirmək istərdim. Qarşıdakı illərdə barama tədarükü sahəsində hədəflərimizin daha yüksək olduğunu nəzərə alaraq, kümçülərin tədarük etdikləri baramanın vaxtında təhvil verilməsi üçün Zərdab rayonunda barama qəbulu məntəqəsinin yaradılması üçün aidiyyəti təşkilatlara müvafiq göstəriş verilməsini xahiş edirik.

Bütün bu qeyd olunanlarla yanaşı, bildirmək istəyirəm ki, cari ildə taxılçılarımız da uğurlu nəticələr qazanıblar. Keçən ilə nisbətən 6 min 721 ton çox olmaqla, 58 min 822 ton taxıl istehsal edilib ki, bu da rayonun tarixində ən yüksək göstərici olmaqla, hər bir zərdablıya 1017 kiloqram taxıl düşməsi deməkdir. Buğda istehsalı üzrə məhsuldarlıq 31 sentner təşkil edib. Eyni zamanda, 2017-ci ildə ötən ilə nisbətən 4 dəfə çox, 3232 hektar sahədə pambıq əkilib və becərmə işlərinə 2200 nəfərə yaxın işçi qüvvəsi cəlb olunub.

Tapşırıqlarınıza əsasən, torpaqlardan daha səmərəli istifadə olunması məqsədilə əkinəyararlı yeni torpaq sahələrinin dövriyyəyə daxil edilməsi, yeni aqroparkın yaradılması, torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılması, o cümlədən 10 min hektar torpaq sahəsinin suvarılması üçün Kür çayından 15 kilometr məsafəyə su xəttinin çəkilişinin qısa müddətdə təmin edilməsi rayonumuzda aqrar sahənin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Çıxışımın sonunda Sizi əmin etmək istəyirəm ki, respublikamızda aqrar sektorun inkişafı sahəsində qarşıya qoyduğunuz mühüm vəzifələrin rayonumuzda uğurla icra olunması üçün bütün imkanları səfərbər edəcək, qarşıdakı illərdə daha yüksək nəticələrə nail olmaq məqsədilə bu işlərə öz layiqli töhfələrimizi verəcəyik.

Diqqətinizə görə minnətdaram.

X X X

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir və bütün bu nailiyyətlər Sizin fədakar əməyinizin, apardığınız uğurlu siyasətin nəticəsidir.

Cənab Prezident, kənd təsərrüfatının ən perspektivli sahələrindən biri olan fındıqçılığın inkişafı ilə bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq yeni fındıq bağları salınır və ixrac potensialı genişləndirilir. Bundan əlavə, fermerlər arasında maarifləndirmə işlərinə də diqqət artırılıb. Belə ki, beynəlxalq təcrübəyə uyğun olaraq yeni fındıq bağlarının suvarma suyu ilə təminatı mümkün olan meşəətrafı sahələrdə salınması, müasir suvarma sistemlərinin tətbiq olunması və mövcud bağlara düzgün aqrotexniki qulluq göstərilməsi istiqamətində müvafiq təşviqat tədbirləri aparılır.

Sizin 2017-ci il 17 aprel tarixində Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsində fındıqçılığın inkişaf etdirilməsi və fındıq ixracının artırılması ilə bağlı verdiyiniz tapşırığa uyğun olaraq, respublikanın 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 16.3 min hektar fındıq bağları salınıb, 2017-2018-ci illərdə daha 10 min hektar salınacaq.

Fındıqçılığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən biri də yeni fındıq bağlarının salınması, tədarükü, emalı və ixracı layihələrinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlətin güzəştli kreditlərinin verilməsidir. Bu məqsədlə 50-dən çox sahibkara 10.6 milyon manat, o cümlədən 2017-ci ilin ötən dövrü ərzində fındığın tədarükü, emalı və ixracyönümlü layihəyə 600 min manat güzəştli kredit verilib.

Cənab Prezident, keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Bu ilin 1-ci yarımili ərzində isə 32.3 milyon ABŞ dolları dəyərində fındıq ixrac edilib. İlin sonunadək fındıq ixracında artım gözləyirik.

Bu istiqamətdə dövlət dəstəyi ilə keçirilən təşviqat tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, biz İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq əlaqələri yaradaraq ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin də əlavə olunması üçün birgə işlər aparırıq. Bundan əlavə, “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş istifadə edirik.

İxrac coğrafiyasının genişləndirilməsi məqsədilə Rusiyanın Moskva şəhərində “WorldFood-2017” və Almaniyanın Köln şəhərində “Anuga-2017” sərgilərində iştirak edəcəyik.

Dövlət Gömrük Komitəsi tərəfindən fındıq ləpəsinin laborator analizlərinin aparılması üçün müvafiq avadanlıqlar alınaraq Zaqatala rayonuna gətirilib və avqust ayının sonunadək quraşdırılıb istifadəyə veriləcəkdir.

Respublikamızda “Ata-baba”, “Yağlı fındıq”, “Gəncə fındığı”, “Əşrəfi fındıq” sortları geniş becərilir. Azərbaycana məxsus və dünyada ən keyfiyyətli fındıq növlərindən olan və əsasən Zaqatala, Balakən və Qaxda yetişdirilən “Ata-baba” sortuna dünyada daha çox tələbat vardır. Odur ki, bu sortu xarici müştərilər arasında Azərbaycan brendi kimi təbliğ edirik.

Qarşımızda duran əsas hədəflərdən başlıcası istehsal olunan məhsulun keyfiyyətinin davamlı surətdə yüksəldilməsi, rəqabətqabiliyyətliliyin qorunub saxlanılması, məhsuldarlığın artırılması və ixracın genişləndirilməsidir.

Diqqət göstəriləcək əsas məsələlərdən biri də mövcud fındıq emalı müəssisələrinin modernləşdirilməsi, İSO 22000 standartının emal müəssisələrində tətbiq olunması və müasir texnologiyaların tətbiqi ilə yeni emal müəssisələrinin yaradılmasının təşviq edilməsidir.

Möhtərəm cənab Prezident, Sizin fındıqçılığın inkişafını daim diqqətdə saxlamağınız biz sahibkarları öz işlərimizdə daha da məsuliyyətli olmağa sövq edir. Sizi əmin edirik ki, qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün bundan sonra da bütün səylərimizi səfərbər edərək, ölkəmizin inkişafı naminə həmişə Sizin yanınızda olacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan uğurlu siyasət ölkəmizin bütün regionlarında olduğu kimi, Füzuli rayonunda da öz bəhrəsini verməkdədir. Bu, xüsusilə kənd təsərrüfatı sahəsində daha çox hiss olunur.

Füzulililər Sizin qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin davamlı inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğunuz vəzifələrin iqtisadiyyatımızın möhkəmlənməsinə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini yaxşı bilir və Ulu Öndərlə başlanan bu kursun Sizin səylərinizlə dönmədən həyata keçirilməsini yüksək qiymətləndirirlər.

Bu gün füzulililər kənd təsərrüfatı sahəsinə çox böyük maraq göstərirlər. Sizin rəhbərliyinizlə keçən ilin aprel ayında Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə, strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyinin və on min hektarlarla ərazinin işğaldan azad olunması, eyni zamanda, Sizin tapşırığınızla bu yaxınlarda Horadizə çox yaxın məsafədə yerləşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin qısa müddətdə bərpa olunması və əhalinin geri, öz doğma torpaqlarına qayıtması füzulililərin ümidlərini qat-qat yüksəldib, onların yaşamaq, işləmək əzmini daha da artırıb.

Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan füzulililər Ali Baş Komandana, Azərbaycan Ordusuna inanaraq, güvənərək yaşayır, işləyir və öz güzəranlarını qururlar.

Cənab Prezident, baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulili məcburi köçkünlər tərəfindən böyük sevinclə qarşılanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-1980-ci illərdə baramaçılıq Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunurdu. Həmin dövrdə rayonda 232 ton barama istehsal olunaraq bu sahədə ən yüksək göstərici əldə edilmişdir. Bu vacib və strateji sahəni inkişaf etdirməklə baramaçılarımız yüksək gəlir götürmüşlər.

1992-ci ildə rayonda baramaçılıq tənəzzülə uğrayıb.

Baramaçılıq qısa müddətdə - 40-45 gün ərzində yüksək gəlir gətirən sahədir. O vaxtlar elə ailələr var idi ki, 1 tona yaxın barama təhvil verərək yüksək gəlir əldə edirdilər.

Sizin baramaçılığın inkişafı ilə bağlı tapşırığınızdan sonra rayon icra hakimiyyəti bu sahəni inkişaf etdirmək, kümçülərin maddi maraqlarını təmin etmək üçün genişmiqyaslı tədbirlər həyata keçirdi. Mövcud imkan və potensial araşdırıldı, tut ağacları pasportlaşdırıldı. Kümçülər arasında geniş maarifləndirici söhbətlər və izahat işləri aparıldı. Bu sahənin inkişafının faydaları barədə geniş məlumatlar verildi.

Görülmüş tədbirlər nəticəsində bu sahədə təcrübəsi və səriştəsi olan kümçülərimiz rayon icra hakimiyyətinə müraciət edərək bu gəlirli sahəni inkişaf etdirməyi, nəticə etibarilə həyat şəraitlərinin daha da yaxşılaşdırılmasını xahiş ediblər.

Hazırda əhali bu sahəyə çox ciddi maraq göstərir. Xüsusilə bazarda 1 kiloqram yaş baramanın qiymətinin 4 manat olması, Sizin Sərəncamınızla barama istehsalı ilə məşğul olan şəxslərə baramanın hər kiloqramına görə 5 manat subsidiya verilməsi cəbhə bölgəsində yaşayan füzulililərin bu sahəyə marağını daha da artırıb.

Rayonun işğaldan azad olunmuş yaşayış məntəqələrindəki çəkil ağaclarının müəyyən hissəsinin qorunub saxlanılması, ən əsası isə rayonun bu sahədə təcrübəli kümçülərinin olması ipəkçiliyin inkişafı üçün stimul yaradıb.

Bu baxımdan da barama saxlamaq üçün rayonda normal şəraiti olan yerlər müəyyənləşdirilib və yem bazası yaradılıb.

Baramaçılıqla bağlı bəzi rəqəmləri Sizin yüksək diqqətinizə çatdırmaq istəyirəm. 2016-cı ildə kümçülərimiz 3 tondan artıq barama istehsal edib, satdıqları məhsulun pulunu gecikmədən alıb. Keçən ilin nəticəsi əhalimizin baramaçılığa olan diqqət və marağını artırıb, ötən ilin payızında 42 min ədəddən artıq tut tingi alınıb əkilib.

Cari ildə rayonda 207 kümçü tərəfindən qısa müddətdə 25 tona yaxın çox keyfiyyətli yaş barama istehsal olunub, bu da əvvəlki illə müqayisədə 8 dəfə çoxdur. İstehsal olunan məhsulun pulu kümçülərə plastik kartlar vasitəsilə ödənilib. İki aydan az müddətdə barama istehsalına görə rayona 220 min manata yaxın vəsait daxil olub. Həmçinin əhalinin məşğulluğu təmin edilib, 1200 nəfərdən artıq insan mövsümi işə cəlb olunub. Bütün bunlara görə Sizə füzulililərin dərin minnətdarlığını çatdırıram.

Bildirirəm ki, artıq 2018-ci il üçün rayonda ipəkqurdu saxlayacaq kümçülər müəyyənləşdirilib, onlarla yerlərdə görüşlər keçirilməsinə başlanılıb, ərazidə yeni toxmaçarların salınması, tut tinglərinin əkilməsi üçün yerlər müəyyənləşdirilib, mövcud olan tut ağaclarının budanmasına başlanılıb. Bu da gələcəkdə barama istehsalının daha da artacağına əsas verir.

Zati-aliləri, yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, düşmənlə üz-üzə dayanan rayonumuzun əhalisi Sizə güvənərək digər sahələrlə yanaşı, strateji və gəlirli sahə olan baramaçılığın Ulu Öndərin dövründəki şöhrətinin bərpa etdirilməsində, beləliklə də əhalinin sosial-rifah halının yaxşılaşdırılmasında fəal iştirak edəcək, qarşıya qoyulan vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaq.

Diqqətinizə görə çox sağ olun.

X X X

Zaqatala rayonu “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri Telman Həsrətov çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Respublikada tütünçülüyün elmi əsaslarla inkişafı ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən aqrar siyasət nəticəsində çox sürətlə inkişaf etdirilib, bu sahənin böyük sənaye potensialı yaradılıb. Həmin illərdə torpaqlarda meliorativ tədbirlər həyata keçirilib, irriqasiya sistemləri qurulub, tütünçülüyün elmi bazası gücləndirilib. Lakin müstəqilliyin ilk illərində bütün sahələrdə baş vermiş tənəzzül tütünçülükdə də özünü göstərmiş, tütün əkini və istehsalı xeyli azalmışdır.

Möhtərəm cənab Prezident, tütünçülüyün inkişafına göstərdiyiniz diqqət və qayğı sayəsində son illərdə bu sahədə xeyli iş görülüb. Bu sahənin inkişafı ilə bağlı verdiyiniz dəyərli tövsiyələr və göstərilən dövlət dəstəyi tədbirləri fermerlərin tütün əkininə marağının artmasına səbəb olub və nəticədə əkin sahələri genişlənib. Ənənəvi növdən olan tütünlərin istehsalı bərpa olunaraq, daha qiymətli tütün növlərindən olan “Virciniya” və “Berley” növlü tütünlərin istehsalı artırılmaqdadır. Eyni zamanda, tütün əkinlərinin coğrafiyası genişləndirilir, tütünçülüklə məşğul olan fermerlərin sayı ilbəil artır.

Bu sahənin hərtərəfli dəstəklənməsi məqsədilə dövlət tərəfindən müxtəlif yardım və təşviq mexanizmləri tətbiq edilir. Belə ki, dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və son məhsula görə subsidiyanın verilməsi bu sahənin inkişafını daha da stimullaşdırır. Eyni zamanda, istehsal olunmuş tütünün ixrac bazarlarının tapılması və ixrac missiyalarında iştirakla bağlı AZPROMO ilə əməkdaşlıq edərək yeni dəstək mexanizmləri üzərində çalışırıq.

Sevindirici haldır ki, ötən il tütün əkənlər bu il əkin sahələrini xeyli genişləndiriblər. Elə bizim təsərrüfatda da xeyli artım var. Belə ki, əgər keçən il 65 hektar sahədə tütün əkmişdiksə, bu il əkin sahəmizi dövlətin güzəştli kreditlərindən istifadə etməklə 110 hektara çatdırmışıq. Artıq cari ilin məhsulunun yığımına başlamışıq və “Azərtütün” Məhdud Məsuliyyətli Cəmiyyətinin köməyi ilə tütünün tədarükü yüksək templə aparılır.

Cənab Prezident, tütünçülükdə aqrotexniki qaydalara düzgün əməl etməklə məhsuldarlığın artırılması və məhsulun keyfiyyətinin yüksəldilməsi hesabına hər hektardan təxminən 1000 manat mənfəət əldə etmək mümkündür.

“Azərtütün” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə etməsini həyata keçirən “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İsrail, İtaliya, Türkiyə, Bolqarıstan, Belarus və digər ölkələrdən dəvət olunmuş mütəxəssislər dəfələrlə tütünçülük rayonlarında, o cümlədən bizim təsərrüfatda olub, bir sıra səmərəli tövsiyələr veriblər.

Möhtərəm cənab Prezident, icazə verin tütünçülüyün inkişafında qarşılaşdığımız bəzi çətinliklər barədə Sizə qısa məlumat verim. Məlumdur ki, tütünün həcmi və keyfiyyəti, ilk növbədə, torpağın düzgün seçimi və torpağın laboratoriyada təhlili ilə bağlıdır. Ona görə də aidiyyəti qurumlar tərəfindən tütün əkini üçün massiv və suvarılan ərazilərdən torpaqların ayrılması və torpağın tərkibinin öyrənilməsində bizə müvafiq kömək göstərilməsini məqsədəuyğun hesab edirik.

Bizim regionda əkin sahələri əsasən şərti suvarılandır. Su qıtlığı ilə üzləşməsək də, müasir suvarma sistemlərinin qurulması bizim işimizə xeyli kömək etmiş olardı.

Bundan əlavə, tütünçülükdə toxumçuluğun həlledici rolu vardır. Vaxtilə respublikada bu iş təşkil olunmuşdu. Hazırda isə toxumu çox baha qiymətə valyuta ilə xaricdən almağa məcburuq. Bəzən aldığımız toxum gözlədiyimiz nəticəni vermir. Ona görə də toxumçuluq təsərrüfatlarının yaradılmasına ciddi ehtiyac var.

“Azərtütün” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazır məhsul tam şəkildə tədarük edildiyi üçün, əkin sahələrini genişləndirmək və ənənəvi tütün növlərini də yetişdirməklə daha çox tütün istehsal edə bilərik. Bunun üçün tütünqurutma kameralarının sayının artırılmasına ehtiyac var.

Biz tütün istehsalçıları ümidvarıq ki, bu kimi əhəmiyyətli addımların atılması tütünçülüyün inkişafını daha da sürətləndirəcək, qarşıda duran hədəflərə çatmağımıza şərait yaradacaqdır.

Cənab Prezident, qazandığımız uğurlar Sizin dəqiq hesablanmış və uzaqgörən iqtisadi siyasətiniz nəticəsində mümkün olub. Bütün bunlara görə Sizə bir daha dərin təşəkkürümüzü bildiririk.

Diqqətinizə görə minnətdaram.

X X X

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

İcazə verin hər birinizi Balakən rayon ictimaiyyəti adından salamlayım.

Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində ölkəmizin bütün regionları kimi, Balakən rayonu da gündən-günə inkişaf edir və müasirləşir. Sizin çox böyük uzaqgörənliklə müəyyən etdiyiniz və həyata keçirdiyiniz yeni iqtisadi kurs, o cümlədən aqrar sahənin inkişafı ilə bağlı tapşırıqlarınız öz müsbət nəticələrini verməkdədir. Biz bunu artıq ölkəmizin mühüm kənd təsərrüfatı rayonlarından biri olan Balakənin timsalında çox parlaq şəkildə görməkdəyik.

Cənab Prezident, Sizin kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, torpaqlardan səmərəli istifadə olunması, əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı verdiyiniz tapşırıqlar biz balakənlilərin ürəyincə oldu. Kənd təsərrüfatının inkişafına dair tapşırıq və tövsiyələriniz rayonumuzun iqtisadi inkişafına böyük təkan verdi. Fermerlər, keçmiş təsərrüfat işçiləri və bələdiyyələr tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi işlərinə cəlb edildilər. İlkin olaraq bütün mülkiyyət növləri üzrə torpaq sahələrindən səmərəli istifadənin vəziyyəti araşdırılıb, əkin məqsədləri üçün istifadə olunmayan, eləcə də səmərəsiz istifadə olunan sahələrdə fındıq, tütün, qarğıdalı və digər məhsulların əkini təmin edilib. Artıq hər bir torpaq sahibi yaxşı bilir ki, torpaq əvəzsiz sərvətdir, onun birinci iş yeridir və mülkiyyətində olan torpağı əkib-becərməli, səmərəli istifadə etməlidir.

Möhtərəm cənab Prezident, məlumat üçün bildirmək istəyirəm ki, rayonumuzda ötən dövr ərzində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı tütün əkiləcək torpaq sahələri və istehsalçılar müəyyən edilib və emal müəssisələri ilə müqavilələr bağlanıb. 2016-cı ildə 501 hektar sahədə tütün əkilməklə 211,2 ton quru tütün istehsal olunub. 2017-ci ildə 528 hektar sahədə tütün əkilib, 250 ton quru tütün istehsalı, 450 min manat gəlirin əldə olunması gözlənilir. 1426 nəfər mövsümi işlə təmin olunub, hazırda “Virciniya” növü üzrə 353,8 ton yaş tütün, ənənəvi yerli növ üzrə 5,4 ton quru tütün emal müəssisələrinə təhvil verilib. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, tütün istehsalını daha da stimullaşdırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün rayonda “Azərtütün” MMC-nin 500 ton gücündə qurutma kamerasının açılmasına ehtiyac vardır.

Balakən zəngin baramaçılıq ənənələri olan rayonlardan biridir. Cənab Prezident, Sizin kənd təsərrüfatının, xüsusilə baramaçılığın inkişafına göstərdiyiniz diqqət və qayğı, bu istiqamətdə atılmış konkret addımlar nəticədə bu sahənin dirçəlməsinə səbəb olub. Baramaçılığın daha da inkişaf etdirilməsi və onun yem bazasının yaxşılaşdırılması üçün 100 min yeni tut tinginin əkilməsi təmin edilib.

Cari ildə rayonda 115 istehsalçı tərəfindən ipəkqurdu bəslənilib, nəticədə 2016-cı ildəkindən 3,4 dəfə çox, yəni, 11 ton barama istehsal olunub. Baramaçılığın inkişafına dair Sizin verdiyiniz tapşırığın icrası nəticəsində rayonumuzun 348 nəfər sakini müvəqqəti işlə təmin olunub, barama tədarükündən 43,6 min manat gəlir əldə edilib. Bundan əlavə, 2017-ci ildə istehsal olunan məhsula görə kümçülərə 54,4 min manat məbləğində subsidiya hesablanıb.

Balakən rayonunun ən gəlirli və strateji əhəmiyyətli kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. Balakən fındığı yüksək keyfiyyəti və məhsuldarlığı ilə seçilməklə əhalinin ailə büdcəsinin formalaşmasında böyük rol oynayır. Rayon üzrə fındıq bağlarının ümumi sahəsi 7929,8 hektardır ki, onun da 2264,2 hektarı 2016-2017-ci illərdə salınan yeni bağlardır. 2016-cı ildə fındıq bağlarından 4 min ton məhsul tədarük olunmaqla, 12 milyon manatdan çox gəlir əldə edilib. Cari ilin payız mövsümündə isə daha min hektar sahədə yeni fındıq bağları salınacaqdır.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən regionların sosial-iqtisadi inkişafına dəstək vermək, regional inkişafda vətəndaş iştirakını təmin etmək, rayon əhalisinin məşğulluq səviyyəsinin artırılmasına nail olmaq məqsədilə pilot layihə çərçivəsində Balakəndə “ABAD Mərkəz” yaradılıb. “ABAD” layihəsi çərçivəsində rayonumuzda 12 ailəyə kənd təsərrüfatı məhsullarının emalı üçün müasir standartlara uyğun zəruri avadanlıqla təchiz edilmiş konteynerlər verilməklə istehsala hazır vəziyyətə gətirilib.

Hörmətli cənab Prezident, qarşıya qoyduğunuz vəzifələr şərəfli olduğu qədər də məsuliyyətlidir. Rayon əməkçiləri adından Sizi əmin edirəm ki, kənd təsərrüfatı sahəsində yüksək məhsul istehsalına nail olacaq, əhalinin məşğulluğunu təmin edəcək və qarşıya qoyduğunuz bütün vəzifələri sona qədər uğurla yerinə yetirəcəyik.

Diqqətinizə görə minnətdaram.

X X X

Dövlətimizin başçısı müşavirədə yekun nitqi söylədi:

-Bugünkü müşavirə bir daha onu göstərir ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın inkişafına çox böyük dəstək var və diqqət göstərilir. Əminəm ki, bugünkü müşavirədən sonra bu sahələrdə daha da sürətli işlər aparılacaq. Bu gün səslənən təkliflər təhlil ediləcək və qəbul olunacaq qərarlarda öz əksini tapacaq.

İndi isə bu ənənəvi kənd təsərrüfatı sahələri qarşısında duran bəzi vəzifələr haqqında fikirlərimi bildirmək istəyirəm. Əvvəlcə biz tarixə qayıdıb əvvəlki illərdə bu sahədə əldə olunmuş nəticələri təhlil etməliyik. Mən giriş sözümdə qeyd etdiyim kimi, sovet dövründə ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində bu sahələrdə çox sürətli inkişaf gedirdi. Düzdür, müstəqillik dövründə biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında qururuq, o cümlədən kənd təsərrüfatı da bu prinsiplər əsasında inkişaf edir. Sovet dövründən fərqli olaraq, indi plan öhdəliyi yoxdur. Fermerlər onlar üçün sərfəli olan kənd təsərrüfatı məhsullarını yetişdirirlər, bazarlara çıxarırlar. Ancaq, eyni zamanda, yaxın tarix bunu göstərir ki, dövlətin ciddi dəstəyi olmadan fermerlər çətinlik çəkirlər. Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir, deyə bilərəm ki, nadir bir şərait yaradılıb, vergilərdən azadolunma praktikası məncə, ancaq Azərbaycanda tətbiq edilir. Digər güzəştlər, subsidiyalar, kreditlər və sair. Buna baxmayaraq, dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini göstərməlidir və göstərəcək. Onu da bilməliyik ki, - mən bunu giriş sözümdə də dedim, - biz sovet vaxtında vahid ümumittifaq kənd təsərrüfatı kompleksi çərçivəsində yaşayırdıq və o dövrdə bölgü də Sovet İttifaqının Dövlət Plan Komitəsi tərəfindən aparılırdı, hansı respublikalarda hansı kənd təsərrüfatı məhsulları yetişdirilməlidir. Beləliklə, Azərbaycanda bu sahələr plan əsasında inkişaf edirdi. Bu gün isə əlbəttə, qeyd etdiyim kimi, ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxır. Ona görə, vaxtilə tütünçülükdə, baramaçılıqda əldə edilmiş nailiyyətlər indi böyük rəqəmlərlə ölçülür. Ancaq o torpaqlarda indi digər məhsullar yetişdirilir - daha çox taxıl, qarğıdalı, digər məhsullar. Odur ki, mənim indi gətirəcəyim rəqəmlər əlbəttə, bizim üçün tarixə bir ekskursdur. Eyni zamanda, bu rəqəmlərə çatmaq, əlbəttə, mümkün olmayacaq. Ancaq biz çalışmalıyıq ki, bu rəqəmlərə yaxınlaşaq.

Beləliklə, tütünçülüklə bağlı pik dövr 1978-ci ildə olmuşdur. 1970-ci ildə cəmi 14 min hektarda tütün əkilirdisə, Heydər Əliyevin fəaliyyəti nəticəsində 1978-ci ildə bu, 18 min hektara çatmışdır. 1990-cı ildə isə 14 minə düşmüşdür. Ondan sonra da düşmə əmsalı daha sürətlə getmişdir. 2014-cü ildə cəmi 1000 hektarda tütün əkilmişdir. Tədricən biz əkin sahələrini artıra bildik. Xüsusilə 2016-cı ildə 2400 hektarda və 2017-ci ildə 3200 hektarda tütün əkilmişdir. Əlbəttə ki, mən növbəti illərdə planlarımızın nədən ibarət olduğunu deyəcəyəm.

O ki qaldı, tütün istehsalına, 1970-ci ildə 24 min ton istehsal olunmuşdur, 1980-ci ildə isə 57 min ton. Yəni, iki dəfədən çox tütün istehsal edilmişdir. 2015-ci ildə, - mən bunu giriş sözümdə qeyd etdim, - biz tütünçülüyü demək olar ki, itirirdik. 2015-ci ildə cəmi üç rayonda tütün əkilmişdir - Şəki, Zaqatala və Qax rayonlarında. Bu gün 13 rayonda tütün əkilir. Əgər 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu, 843 hektara çatmışdır. Zaqatalada əkin sahələri 468 hektardan 744 hektara, Qaxda isə 300 hektardan 600 hektara çatdırılmışdır. Hazırda 3200 hektarda tütün əkilir.

Növbəti illərdə əkin sahələrini genişləndirmək lazımdır. Bu məqsədlə dövlət və bələdiyyə mülkiyyətindəki əkinəyararlı və davamlı su təminatı olan torpaq sahələri ayrılmalıdır. Tütün istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilməlidir. Bu, lazımi səviyyədə deyil. Ona görə, bu sahəyə xüsusi diqqət göstərilməlidir.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə tütünçülüyün inkişafı üçün xüsusi bir plan tərtib edilməlidir. Burada da bu təklif səsləndi ki, bizdə qəbul məntəqələri və qurutma kameraları lazımi səviyyədə deyil. Yəqin bunun da səbəbi ondan ibarətdir ki, - mən də bunu qeyd etdim, - iki il bundan əvvəl cəmi üç rayonda tütün istehsal olunurdu, indi isə 13 rayonda. Bu rayonlarda istehsal artacaq. Ona görə, hər bir rayonda qəbul məntəqəsi və qurutma kameraları olmalıdır. Dövlət öz dəstəyini göstərməyə hazırdır. Mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Prezident Administrasiyasına tapşırıram ki, bu məsələ ilə məşğul olsunlar, bu kameralar tezliklə alınsın.

Dünən bir qəbul məntəqəsində olarkən mənə məlumat verildi ki, hətta biz bu kameraları Azərbaycanda da istehsal edə bilərik. Hesab edirəm ki, bu, mümkündür, burada heç bir çətin məsələ yoxdur. Əgər mümkündürsə, bunun yəqin ki, texnoloji xüsusiyyətləri var. Tezliklə bu istehsal sahələri yaradılmalıdır. Çünki mənə dünən verilən məlumata görə, tütünün xüsusiyyəti ondan ibarətdir ki, onu uzaq məsafəyə daşımaq çətindir və keyfiyyət itir. Ona görə, tütünçülüklə məşğul olan hər bir rayonda qəbul məntəqələri, qurutma kameraları tezliklə təmin edilməlidir.

Dünən tütün fabrikinin işi ilə tanış olarkən gördüm ki, orada yeni avadanlıq quraşdırılıb. İndi bu fabrik tam istehsal tsiklini özündə ehtiva edir. Belə olan halda, bizim ixrac imkanlarımız da artacaq. Biz həm xam tütün, həm də hazır tütün ixrac edirik və ixracın coğrafiyasını genişləndirməliyik.

Mən bir neçə həmkarımla - xaricdən tütün idxal edən ölkələrin başçıları ilə görüşlər əsnasında bu məsələni qaldırmışdım ki, bu ölkələr tütünü Azərbaycandan alsınlar. Bu da artıq öz nəticəsini verir. Bizim ixrac coğrafiyamız artır. Bizim tütünümüz keyfiyyətlidir. Ona görə, hesab edirəm, biz növbəti illərdə artan istehsalı gərək indidən planlaşdıraq ki, bunu hansı bazarlara ixrac edək.

Əlbəttə, əsas vəzifələrdən biri də odur ki, Azərbaycanda siqaret istehsalı daha da artsın. Mən bunu əvvəllər də demişəm, bu gün də deyirəm, biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər. Çünki bu, zərərli vərdişdir və insanın sağlamlığına çox böyük təhlükələr, problemlər yaradır. Ona görə, müvafiq tədbirlər görüləcək ki, Azərbaycan vətəndaşları bu vərdişdən tədricən əl çəksinlər. Ancaq bu gün Azərbaycanda siqaret istehlakı var. Mənə verilən məlumata görə, Azərbaycanda 10 milyard siqaret istehlak olunur. Onlardan isə cəmi 1 milyard 600 milyonu Azərbaycanda istehsal edilir. Yəni, 9 milyard siqaret Azərbaycana idxal edilir və bu məqsədlə Azərbaycandan hər il xaricə təxminən 150 milyon dollar valyuta gedir. Ona görə, biz daxili bazarı təmin etmək və xüsusilə xarici bazarlara çıxmaq üçün tezliklə Azərbaycanda siqaret istehsalını inkişaf etdirməliyik. İlk növbədə, daxili bazar idxaldan asılı olmamalıdır ki, valyuta ölkədən getməsin və ondan sonra biz ixrac məsələləri ilə də məşğul olacağıq.

Mövcud siqaret fabriklərinin gücü artırılmalıdır. Bizdə o qədər də çox siqaret fabriki yoxdur. Hesab edirəm ki, yeni və ən müasir texnologiyalarla təchiz edilmiş siqaret fabrikləri də yaradılmalıdır. Elə ölkələr var ki, orada tütün istehsalı yoxdur. Onların iqlim şəraiti buna imkan vermir. Ancaq orada bir neçə siqaret fabriki var. Onlar xam tütünü bizdən alır, siqaret istehsal edir və sonra bizə satırlar. Yəni, bu, onu göstərir ki, bu, çox gəlirli sahədir. Onsuz da biz bilirdik ki, gəlirli sahədir. Xüsusilə nəzərə alsaq ki, bizim öz tütünümüz var, bu sahənin gəlirliliyi daha da artacaq. Ona görə, dövlət öz dəstəyini göstərir. Bu sahəyə çox ciddi təkan verilir, bütün lazımi avadanlıq, qəbul məntəqələri, texnika, hamısı təmin ediləcəkdir. Elə etməliyik ki, son məhsula qədər bu istehsal Azərbaycanda təmin edilsin.

2021-ci ilə qədər tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməlidir. İndiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Buna imkan var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul olsunlar. Belə olan halda, əgər biz orta məhsuldarlığı 2 ton götürsək, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəmizə böyük xeyir gətirəcək, valyutamız xaricə getməyəcək, əksinə, ixrac imkanlarımız da yarana bilər.

Tütünçülüyün inkişafına dair Dövlət Proqramı qəbul ediləcəkdir. Proqram demək olar ki, hazırdır. Bu gün səslənən fikirlər və mənim səfərim nəticəsində apardığım müşahidələr də o proqrama əlavə olunaraq tezliklə qəbul ediləcək. Bu proqramın qəbulu bir daha onu göstərir ki, dövlət bu sahəyə çox ciddi fikir verir.

Baramaçılıqla bağlı. Burada da tarixə ekskurs etməyə ehtiyac var. 1970-ci ildə Azərbaycanda barama istehsalı 3700 ton səviyyəsində idi. Cəmi 10 il ərzində Heydər Əliyevin rəhbərliyi altında bu rəqəm 5 min tona çatmışdı. İndi “Şəki İpək” Səhmdar Cəmiyyətinin rəhbəri burada çıxış etdi. Görürəm ki, təcrübəli adamdır, sovet vaxtında da işləyib. Yaxşı bilir ki, o vaxt minlərlə insan “Şəki-İpək”də işləyib. Ondan sonra kombinat demək olar ki, bağlanmışdı. İndi bərpa etmişik, məlumat verildi ki, orada 600 nəfər işləyir. Amma, əlbəttə ki, potensial daha da böyükdür. Əfsuslar olsun ki, 1991-ci ildən sonra barama istehsalı kəskin şəkildə aşağı düşmüşdür. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir. Operativ tədbirlər nəticəsində biz 2 il ərzində bu rəqəmi 244 tona çatdırmışıq və bu, hələ başlanğıcdır.

Azərbaycanda 30 rayonda barama istehsal olunur. Mən birinci 10 rayonun adını çəkmək istəyirəm, ictimaiyyət də bilsin ki, harada nə qədər barama tədarük edilir. Birinci yerdə Zərdab rayonudur - 27 ton. Ondan sonra Füzuli 24, Zaqatala 21, Şəki 18, Ağcabədi təxminən 17, Ağdam 13, Bərdə 12,5, Qax 12,5, Kürdəmir 11,5, Balakən 11 ton. Yəni, burada da artım, əlbəttə ki, çox sürətlidir və potensial daha da böyükdür. Çünki 30 rayonda baramanı yetişdirmək mümkündür. Dövlət hər şeyi öz üzərinə götürüb. Kümçülərə materiallar, subsidiyalar verilir, “Şəki İpək” bütün baramanı qəbul edir. Ona görə də əminəm ki, baramaçılığın inkişafında çox ciddi artım olacaqdır. Hazırda 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur.

Gələcək planlarımıza gəldikdə, real artım tempi göstərir ki, gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Beləliklə, sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Real imkanlar var. Kütləvi şəkildə ağaclar əkilir. Bizdə iki il bundan əvvəl təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 1-2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatdı. Bütün tinglər dövlət tərəfindən alınır, özü də xaricdən, valyuta ödənilir, baramaqurdu toxumları da gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alıbdır. Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək. Beləliklə, 10 milyon tut ağacımız olacaqdır. Bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi görəcək. Bütün aidiyyəti qurumlar da bu işlərə qoşulsunlar. Eyni zamanda, mən məsləhət görürəm ki, kəndlilər, fermerlər də fərdi qaydada tut ağacları əksinlər ki, istehsal daha da artsın. Beləliklə, Azərbaycanda baramaçılıq kütləvi xarakter alacaqdır. Əgər hazırda 700-dən çox kənddə baramaçılıqla məşğul olurlarsa, bu, onu göstərir ki, bu sahəyə çox böyük maraq var. Bu, çox sevindirici haldır.

Baramaçılığın inkişafı üçün bu il əlavə tədbirlər görülmüşdür. Vaxtilə burada, Qax rayonunda damazlıq stansiyası fəaliyyət göstərirdi. Onun indiki şəkillərini kənd təsərrüfatı naziri mənə göstərmişdir, çox bərbad vəziyyətdədir. Ona görə, göstəriş verildi, vəsait də ayrıldı. Prezidentin ehtiyat fondundan 4,5 milyon manat ayrıldı ki, tezliklə Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurulsun, ən yüksək avadanlıqla təchiz edilsin və biz artıq xarici bazarlardan asılılığımızı azaldaq, aradan götürək. Bizə lazım olan bütün materiallar artıq Azərbaycanda yetişdiriləcək və bu sahəni müstəqil şəkildə inkişaf etdirmək üçün bizdə yaxşı imkanlar olacaqdır.

Burada qəbul məntəqələri haqqında məsələ qaldırıldı. Tütünçülükdə olduğu kimi, baramaçılıqda da bütün qəbul məntəqələri tezliklə yaradılmalıdır. Qoy, təkliflər versinlər, dövlət bunu öz üzərinə götürməyə hazırdır, hesablasınlar nə qədər vəsait, investisiya lazımdır, başqa hansı işlər görülməlidir. Hesab edirəm ki, bu il və gələn il bütün bölgələrdə qəbul məntəqələri yaradılmalıdır.

“Şəki İpək”in fəaliyyəti daha da genişləndirilməlidir. Məndə olan məlumat ondan ibarətdir ki, hazırda “Şəki İpək”in istehsal gücü ildə 135 ton xam ipəkdir. Əgər biz öz hədəfimizə çatsaq və 6 min ton barama tədarük olunsa, 6 min ton yaş baramadan 600 tondan çox xam ipək alınacaqdır. İndi isə istehsal gücü 135 tondur. Bu, onu deməyə əsas verir ki, ilk addım olaraq “Şəki İpək”in imkanları genişləndirilməlidir. Baxmaq lazımdır, əgər dövlət vəsaiti lazımdırsa, biz bunu ayırmağa hazırıq ki, tezliklə kombinatın istehsal gücü artsın və təqribən 3 min ton yaş baramanı emal edə bilsin. Çünki bizdə olan məlumata görə, bu rəqəmə sürətlə çatacağıq. Hazırda “Şəki İpək”də üçnövbəli iş rejimində 1300 ton yaş barama emal oluna bilər. Beləliklə, “Şəki İpək”in fəaliyyəti bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir və 3 min ton yaş barama emal olunmalıdır. Bununla bərabər, biz gərək yeni ipək kombinatının yaradılması haqqında nəinki düşünək, artıq konkret addımlar ataq. Üç min ton emal gücündə olan yeni kombinatın yaradılması zəruridir. Müvafiq dövlət qurumları, Prezident Administrasiyası, nazirliklər, yerli icra orqanları baxsınlar, təkliflər versinlər. Mən hesab edirəm ki, dövlət bu sahədə öz dəstəyini göstərməlidir. Əlbəttə, çox yaxşı olar ki, özəl investorlar da bu işlərə qoşulsunlar. Xarici, yerli investorların marağı olarsa, dövlət də onlara dəstək verməyə hazırdır. Çünki bu da çox gəlirli sahədir. İnvestorlar əmin olmalıdırlar ki, bu sahənin inkişafı ilə bağlı heç bir problem olmayacaq. İndi çoxlu ağaclar əkilir, bu, yeni yaranacaq ipək kombinatının resurs bazasıdır. Yəni, heç bir problem olmayacaq və beləliklə, ancaq sərmayə qoymaq, ondan sonra hazır məhsul istehsal etmək lazımdır. Aidiyyəti dövlət qurumları investisiya təklifləri ilə əlaqədar işləsinlər və tezliklə mənə təklif versinlər ki, bu yeni kombinatın harada yerləşməsi, fəaliyyət göstərməsi daha məqsədəmüvafiqdir.

Əlbəttə, biz artıq dünya bazarlarına öz ipəyimizlə çıxırıq, daha da geniş şəkildə çıxmalıyıq. Biz gərək ixrac bazarlarını təftiş və təhlil edək. Onu da deməliyəm ki, burada da çox böyük rəqabət var. Bazarlar demək olar ki, artıq bölünübdür və ixrac bazarlarına çıxmaq üçün gərək əlavə səylər göstərilsin. Ona görə, bu istehsal sahəsini yaratmaq işin ancaq birinci hissəsidir, bir tərəfidir. Biz xarici bazarlara öz hazır məhsulumuzla - həm ipək ipləri ilə, həm hazır məhsulla çıxmalıyıq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda ipəkçiliyin qədim tarixi var, bizim kəlağayı bizim milli sənətimizdir, milli sərvətimizdir, ona görə, bu məsələlər də geniş şəkildə araşdırılmalıdır.

İpəkçilik öz növbəsində xalçaçılığa da güclü təkan verəcək. İndi biz xalçaçılığın inkişafı ilə də ciddi məşğuluq. “Azərxalça” 13 rayonda öz fabriklərini yaradır, onlardan birincisi keçən il Horadiz şəhərində mənim iştirakımla açılmışdır. Bu il, gələn il daha 12 rayonda yeni xalça fabrikləri açılacaqdır və o cümlədən biz ipək xalçaların istehsalı üçün bu işləri yerli xammal əsasında qurmalıyıq. Ona görə, baramaçılığın inkişafı bir çox istehsalat sahələrinə ciddi təkan verəcəkdir. Tütünçülükdə olduğu kimi, bu sahəni sürətlə inkişaf etdirmək üçün dövlət proqramı qəbul edilməlidir.

Baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılıq son illər ərzində Azərbaycanda inkişaf edib. Düzdür, lazım olan səviyyədə inkişaf etməyib, ancaq əgər statistikaya baxsaq görərik ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Bu da onun nəticəsidir ki, dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb, xaricdən tinglər gətirilib, Azərbaycanda da yetişdirilib və qısa müddət ərzində çox böyük işlər görülübdür. Əkin sahələri 32 min hektardan 55 min hektaradək artıb, yəni 23 min hektarda yeni fındıq bağları salınıb. Əlbəttə, bu da son hədəf deyil. Mən bir qədər sonra deyəcəyəm bizim planlarımız nədən ibarətdir. 14 min 800 ton fındıq ixrac edilib. Fındıq ixrac edilən əsas ölkələr bunlardır: İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar və Almaniyaya 24 milyon dollar səviyyəsində. Amma, bütövlükdə, 25 ölkəyə fındıq ixrac edilir. Yəni, bu, onu göstərir ki, həmin ölkələrdə tələbat var, sadəcə olaraq, bu ölkələrə çox az həcmdə fındıq ixrac edilir. Bu statistika onu göstərir ki, fındığın ixracı ilə bağlı gələcəkdə heç bir problem olmayacaq. Sadəcə olaraq, biz tezliklə əkin sahələrini genişləndirməliyik və fermerlərə kömək göstərməliyik.

Qarşıya məqsəd qoyulub ki, biz fındıq bağlarının sahəsini 80 min hektara çatdıraq. Bu, aparılmış təhlil əsasında formalaşmış real rəqəmdir. Əgər biz 1-2 il ərzində 32 min hektardan 55 min hektara qalxa bilmişiksə, ona görə, 80 min hektarda bağların salınması tam real rəqəmdir. Biz növbəti bir neçə il ərzində buna çatmalıyıq.

Qiymətlərlə bağlı. Fındıq keçən il kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul olmuşdur. Ancaq onu da deyim ki, məncə, fındıqçılıq bu liderliyi saxlaya bilməyəcək. Çünki Azərbaycanda indi çoxlu istixanalar salınır və pomidor istehsalı sürətlə artır. Gəlir gətirən ixrac kənd təsərrüfatı məhsulları arasında pomidor indi birinci yerdədir. Ona görə, fındıqçılar gərək çalışsınlar ki, liderliyi əldən verməsinlər.

Keçən il fındıq satışından ölkəyə 105 milyon dollar valyuta gəlib. Ancaq satış qiyməti aşağı olub. Məndə olan arayışda göstərilir ki, keçən il bir kiloqramının qiyməti 4,8 manat olub, 2017-ci ilin aprel ayında 6,2 manata satılıbdır. Dünya üzrə qiyməti isə hazırda bizim pulla 10 manatdır. Ona görə hesab edirəm ki, fındığın satış qiyməti ilə bağlı artım üçün imkanlar var. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaqdır. Bizim tövsiyəmizlə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradıldı ki, bu işlər mərkəzləşmiş qaydada aparılsın, fermerlərə kömək göstərilsin, onların məhsulu mərkəzləşmiş şəkildə alınsın və ixrac edilsin.

Fındığın əsas alıcıları böyük şokolad fabrikləridir. Biz də fındığı daha çox oraya satırıq. Amma çalışmalıyıq ki, birbaşa müqavilələr bağlansın. Yəni, burada vasitəçilər az rol oynasınlar. Çalışmalıyıq ki, fındığın çeşidi də artsın. Çünki biz bunu xaricə daha çox vakuum şəklində satırıq. Xaricdə isə ya fabriklərdə istifadə olunur, ya da orada paketləmə aparılır. Biz paketləməni də, çeşidləməni də Azərbaycanda aparmalıyıq. Ona görə, yeni avadanlıq gətirilməlidir ki, biz hazır məhsulu dünya bazarlarına çıxara bilək. Bizdə yetişdirilən fındıq sortları çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir.

İndi xarici ölkələrdə bizim ticarət evləri yaradılır. Birinci ticarət evi yaradılıb. Xarici ölkələrdə ticarət nümayəndəlikləri yaradılır, bir çox ölkələrə ticarət missiyaları göndərilibdir və fındıq ixracatı orada həmişə qeyd olunur. Ölkələr bu məhsulu qəbul etməyə hazırdır, sadəcə olaraq, biz istehsalı artırmalıyıq və hazır məhsul ixrac etməliyik. Fındıqçılar onu da yaxşı bilirlər ki, Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında birinci yerlərdədir. Biz indi görülən və görüləcək tədbirlər nəticəsində dünya miqyasında üçüncü yerə çıxa bilərik.

Biz bugünkü müşavirdə bu məsələləri ona görə geniş müzakirə edirik ki, bu sahələrin çox böyük perspektivi var. Onu da deməliyəm ki, belə müşavirələrin çox böyük faydası və mənası var. Pambıqçılığa dair birinci müşavirədən sonra pambıqçılıqda inqilabi dönüş yarandı. Əkin sahələri 17 min hektardan 136 min hektara çatdı. Əgər orta məhsuldarlıq bu il 20 sentner olarsa, təqribən 260 min ton pambıq istehsalı gözlənilir. Bizim məqsədimiz ondan ibarətdir ki, bu rəqəmi 500 min tona çatdıraq. Biz kompleks tədbirlər nəticəsində qısa müddət ərzində buna nail ola bilmişik. Ona görə bu təcrübə onu göstərir ki, biz tütünçülük, baramaçılıq, fındıqçılıq sahələrində də tezliklə istədiyimizə nail olacağıq. Müşavirədən sonra bu sahələrə çox ciddi təkan veriləcək, yeni iş yerləri yaradılacaq və kəndlilərin, fermerlərin həyat səviyyəsi yüksələcək. Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq. Bizim qarşımızda duran əsas vəzifələr bundan ibarətdir.

O ki qaldı, kənd təsərrüfatının ümumi inkişafına, Azərbaycan dövləti müntəzəm olaraq bu sahəyə çox böyük vəsait ayırır, investisiyalar qoyulur. Bu gün reallaşan və növbəti illərdə həyata keçiriləcək infrastruktur layihələri də, o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Biz yol çəkilişi ilə çox ciddi məşğuluq. Bu il şərti olaraq adlandırılan “40 yol layihəsi”, - əslində bu, 200-dən çox kəndi əhatə edir, - o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Bu, nəinki insanlara rahatlıq gətirir, eyni zamanda, fermerlərin, kəndlilərin öz məhsullarını bazarlara çıxarmaları üçün şərait yaradır. Ona görə, mən göstəriş vermişəm ki, gələn ildən bu sahəyə çox böyük vəsait ayrılsın, o cümlədən yaşayış məntəqələrinin sayına, orada yaşayan əhaliyə və əkin sahələrinə yaxınlığına görə prioritetlər müəyyən edilsin. Yol çəkilişi kənd təsərrüfatının inkişafında da öz rolunu oynamalıdır.

Digər infrastruktur layihələrimiz də kənd təsərrüfatının inkişafına xidmət göstərir. Əgər elektrik enerjisi, su təminatı olmasa, heç kim heç bir yerdə investisiya qoymaz. Ona görə, kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür. Qeyd etdiyim kimi, fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə xüsusilə son illər ərzində ən müasir texnika alınıb gətirilir. Bu il ölkəmizə 10 min texnika gətiriləcək. Onlardan 7 mini artıq gətirilib, cəmi bir il ərzində. Azərbaycan dövləti bu məqsədlər üçün 100 milyonlarla dollar vəsait ayırır, sonra da lizinq yolu ilə güzəştli şərtlərlə fermerlərə verir ki, onlar bu texnikadan istifadə etsinlər. Bu yaxınlarda kənd təsərrüfatı naziri mənə məlumat vermişdir ki, biz özümüzü kənd təsərrüfatı texnikası ilə demək olar təmin etmişik. Əlbəttə, növbəti illərdə yeni texnikalar alınacaq. Ancaq biz əsas çətinliyi aradan qaldıra bilmişik. Subsidiyalar verilir, o cümlədən bu gün müzakirə etdiyimiz sahələrin inkişafı üçün. Onların da çox böyük mənası var. Güzəştli şərtlərlə gübrələr, yanacaq verilir. Sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilir, onların da böyük əksəriyyəti fermerlərin işini yüngülləşdirmək üçün kəndlərə gedir. Sahibkarlara metodik tövsiyələr verilir ki, onlar işlərini daha da yaxşı qursunlar. Yəni, Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün. Bəlkə də var, mən eşitməmişəm. Ən gözəl şərait Azərbaycandadır və biz bunun hesabına regionların sosial-iqtisadi inkişafına nail ola bilmişik.

Əminəm ki, bugünkü müşavirənin nəticələri çox müsbət olacaq. Əminəm, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək. Həm özəl sektor, fermerlər, kəndlilər də, əlbəttə, bu işdə fəal rol oynayacaqlar. Dövlət qurumları - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti bütün bu işlərə rəhbərlik edəcək. Bütün bu işlərə ümumi rəhbərlik isə Prezident Administrasiyası tərəfindən aparılacaq.

Mən sizə yeni uğurlar arzulayıram. Əminəm ki, bu sahələrdə çox yaxşı nəticələr olacaq. Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev Şəki-Zaqatala iqtisadi rayonunda tütünçülüyün, fındıqçılığın və baramaçılığın inkişafını əks etdirən sərgiyə baxdı.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına sərgi barədə məlumat verdi.

Bildirildi ki, sərgidə bu regionlarda müşahidə olunan uğurlar öz əksini tapıb. Buradan da görünür ki, son illərdə iqtisadi rayona daxil olan bölgələrdə fındıq, tütün və baramaçılığın inkişafı ilə bağlı xeyli işlər görülüb. Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. 55,1 min hektar bağ sahələrində məhsuldarlıq orta hesabla hər hektara 1 ton düşür. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir. Ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından ipək xalçaları üçün ipliyin istehsalına başlanacaq. Tütünçülükdə də inkişaf meyilləri sürətlənir. Belə ki, 2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti