Bakı. Trend:
Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, əgər çayçılıq, çəltikçilik, sitrusçuluq sahələrinin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur: “Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək bu məbləğə qənaət etmiş olarıq. Bu, birinci vəzifədir, birinci mərhələdir. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq. Verilən tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz bu məqsədə çatacağıq. Bununla paralel olaraq, biz bu məhsullar üçün ixrac bazarlarını da axtarmalıyıq. Çayçılığa gəldikdə, artıq bu bazarlar var. Sadəcə Azərbaycanda idxal olunan xammal əsasında daha çox çay istehsal edilir. O ki qaldı, sitrus meyvələrinin, düyünün istehsalına, əlbəttə ki, biz paralel olaraq ixrac bazarlarına çıxmalıyıq”.
İlham Əliyev bildirib ki, bütün bu işləri görmək üçün müvafiq dövlət orqanları birgə işləməlidir - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, yerli icra orqanları. İşlərin ümumi rəhbərliyini Prezident Administrasiyası icra edəcək:
“Bu müşavirə bir daha onu göstərir ki, bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq. Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var.
Mən əminəm ki, bu gün verilən bütün tapşırıqlar qısa müddət ərzində icra ediləcək. Qeyd etməliyəm ki, müşavirədə səslənən təkliflər bir daha təhlil olunmalıdır. Mənə konkret təkliflər verilməlidir ki, tezliklə bütün tapşırıqlar yerinə yetirilsin və bu sahələr sürətlə inkişaf etsin”.