...

Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyasının rəsmisi ilə görüşüb

Siyasət Materials 13 Sentyabr 2017 16:22 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyası Mərkəzi komitəsinin Siyasi Bürosunun və Daimi Katibliyinin üzvü Trank Quok Vuonqla görüşüb.
Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyasının rəsmisi ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyası Mərkəzi komitəsinin Siyasi Bürosunun və Daimi Katibliyinin üzvü Trank Quok Vuonqla görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Vyetnamda rəsmi səfərdə olan E.Məmmədyarov bu səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyini xatırladaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnun olduğunu bildirib.

Həmçinin, 2019-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfərinin 60 illiyinin qeyd ediləcəyini, bu, eləcə də Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfərin ikitərəfli münasibətlərin formalaşmasında önəmli mərhələ olduğunu vurğulayıb.

E.Məmmədyarov Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyevin də yer aldığını qeyd edərək, Yeni Azərbaycan Partiyası ilə Vyetnamın Kommunist Partiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.

Daha sonra E.Məmmədyarov rəsmi səfəri çərçivəsində keçirdiyi səmərəli görüşlər barəsində həmsöhbətini məlumatlandırıb və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından geniş müzakirələrin aparıldığını bildirib.

Xüsusilə iqtisadi əməkdaşlıq sahəsinə toxunan nazir E.Məmmədyarov Azərbaycanın Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini diqqətə çatdırıb və Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarından danışıb.

Trank Quok Vuonq Azərbaycan və Vyetnamı ənənəvi və uzunmüddətli dost ölkələr adlandıraraq, müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə Kommunist Partiyası adından Azərbaycana təşəkkür edib. Həmçinin, mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə ölkələrimiz arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti