...

Deputat: Kredit verən Rusiyanın məqsədi Ermənistanı silahlandırmaqdır

Siyasət Materials 14 Oktyabr 2017 13:11 (UTC +04:00)
Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 20 il müddətinə kredit verməsində məqsəd həmin ölkəni silahlandırmaqdır.
Deputat: Kredit verən Rusiyanın məqsədi Ermənistanı silahlandırmaqdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 20 il müddətinə kredit verməsində məqsəd həmin ölkəni silahlandırmaqdır.

Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün kredit verməsi Azərbaycanda da müəyyən suallar yaradır:

"Nəzərə alaq ki, silahlar satılmır, onlar kreditlə verilir. Bu gün Ermənistan çox zəif iqtisadiyyata malikdir və büdcəsini çətinliklə toplayır. Kreditin 20 il müddətində verilməsində məqsəd Ermənistanı silahlandırmaqdır. Hesab edirəm ki, bu məsələnin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində qaldırılması heç də doğru addım deyil".

A.Mirzəzadə əlavə edib ki, müqaviləyə əsasən, 100 milyon dollar məbləğində kredit Ermənistana 20 il müddətinə verilir.

Onun fikrincə, 100 milyon dollar bu gün müharibə aparan ölkə üçün çox aşağı bir məbləğdir:

"Ermənistana 100 milyon dollarlıq silah tədarük ediləcək. Ermənistanın sərbəst vəsaiti olsaydı, o, silah bazarında özünün sərbəst seçimini edə bilərdi. Reallıq odur ki, Ermənistan yenə də xarici ölkələrdən asılı vəziyyətdədir. Ermənistanın siyasəti ona nə güc, nə nüfuz, nə də kapital gətirə bilmir. Azərbaycanın müstəqil xarici siyasəti isə onun bir dövlət kimi güclənməsinə, bölgə üçün əhəmiyyətli olan layihə iştirakçısına çevrilməsinə, ən əsası ösə özünün haqq-ədalət işini dünyada qəbul etdirməsinə səbəb olub".

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti