...

Nəhayət ki, Avropa İttifaqı da anladı: cin ayrı, şeytan ayrı

Siyasət Materials 27 Noyabr 2017 14:06 (UTC +04:00)
Aydın ifadə olunan “ərazi bütövlüyünün dəstəklənməsi”ndən fərqli olaraq “öz müqəddəratını təyinetmə” bir çox hallarda birmənalı qarşılanmır.
Nəhayət ki, Avropa İttifaqı da anladı: cin ayrı, şeytan ayrı

Bəxtiyar Hacıyev – Trend:

Beynəlxalq təşkilatların siyasi, regional məsələlər, eləcə də münaqişələrlə bağlı qəbul etdiyi saysız-hesabsız bəyannamə, qətnamə, xartiya və s. sənədlərdə daha çox rast gəlinən ifadələr arasında “xalqların öz müqəddəratını təyin etməsi” və “ərazi bütövlüyünün dəstəklənməsi” də var. Aydın ifadə olunan “ərazi bütövlüyünün dəstəklənməsi”ndən fərqli olaraq “öz müqəddəratını təyinetmə” bir çox hallarda birmənalı qarşılanmır. Sirr deyil ki, bir çox Avropa qurumları, o cümlədən Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT və s. zaman-zaman “öz müqəddəratını təyinetmə” prinsipini əsas tutaraq məqsədli şəkildə ikibaşlı siyasət yürüdüblər.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində də beynəlxalq qurumların “ikili standartlar” deyilən bu ikibaşlı siyasəti ilə dəfələrlə üzləşib və üzləşir. Lakin noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən bəyannamə bəlkə də Avropanın siyasi tarixində münaqişələrin nizamlanması ilə bağlı aydın, konkret mövqenin yer aldığı ilk sənəddir.

Nəhayət ki, Avropa İttifaqı “öz müqəddəratını təyinetmə” prinsipinin heç də həmişə keçərli olmadığını, indiki şəraitdə isə hətta təhlükəli olduğunu, dövlətlərin ərazi bütövlüyünə təhdid yaratdığını, bununla da yeni münaqişələrə yol aça biləcəyini, dolayısilə “xalqların öz müqəddəratını təyin etməsi” prinsipinin bəzən və ya bir çox hallarda ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etdiyini qəbul etdi: necə deyərlər, cin ayrı, şeytan ayrı. Şərq Tərəfdaşlığı Sammitinin 24 noyabr tarixli bəyannaməsində Avropa İttifaqının ölkələrin ərazi bütövlüyünü dəstəklədiyi xüsusilə vurğulandı, “öz müqəddəratını təyinetmə” ifadəsinə isə ümumiyyətlə yer verilmədi.

Bəyannamədə sammit iştirakçıları regionun bir çox hissələrində beynəlxalq hüququn pozulması ilə bağlı narahatlıqlarını bildirdilər, münaqişələrin həlli üçün səyləri artırmağa, beynəlxalq norma və prinsipləri əsas götürməyə çağırdılar. Qeyd olundu ki, münaqişələrin həlli etimadın gücləndirilməsinə, yaxşı qonşuluq əlaqələrinə, iqtisadi və sosial inkişafa və əməkdaşlığa əsas verir.

Sənəddə deyilir ki, Aİ bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini dəstəkləyir. BMT Xartiyası, Helsinki Yekun Aktı və Paris Xartiyası sabit və vahid Avropa üçün əsasdır.

Aİ indiki şəraitdə belə bir sənəd qəbul etməyə bilməzdi. Başqa sözlə, bundan əvvəl Böyük Britaniya kimi aparıcı bir ölkənin Avropa İttifaqı sıralarını tərk etməsi, Şotlandiyanın Birləşmiş Krallıqdan, Bavariya əyalətinin Almaniyadan ayrılması cəhdləri, İtaliyanın şimalında Lombardiya və Veneto vilayətlərinin geniş muxtariyyət tələb etməsi, ən əsası isə İspaniyanın Kataloniya muxtar vilayətində müstəqillik meyillərinin artması, qanunsuz referendum keçirilməsi Aİ-ni belə bir bəyannamə qəbul etməyə məcbur etdi.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edən Prezident İlham Əliyev tədbirin plenar sessiyasında çıxışında Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına diqqəti çəkdi:

“Bizim üzləşdiyimiz əsas çağırış torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir”.

Dövlətimizin başçısı qeyd etdi ki, XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır.

Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa həmişə önəm verib. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, cari ilin fevralında tərəflər yeni sazişlə bağlı danışıqlara başlayıblar və bir çox məsələlər artıq razılaşdırılıb. Bundan başqa, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırıb.

Bununla belə, rəsmi Bakı əməkdaşlıq etdiyi tərəflərdən qarşılıqlı hörmət, o cümlədən ərazi bütövlüyünü dəstəkləmələrini də tələb edir. Azərbaycan münaqişələrin həll edilməməsinin gələcəkdə daha böyük konfliktlərə səbəb olacağını 20 ildən çoxdur ki bəyan edir. Lakin bu həqiqəti Aİ kimi nüfuzlu birlik yalnız indi – Avropanın yeni münaqişələrlə üz-üzə qaldığı bir vaxtda anladı və qəbul etdi. Bu mənada, Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən bəyannaməni Azərbaycan diplomatiyasının uğuru da adlandırmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti