...

ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası ADR-in 100 illiyi ilə əlaqədar qətnamə qəbul edib (FOTO)

Siyasət Materials 29 Yanvar 2018 10:31 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası tərəfindən yanvarın 26-da Azərbaycan Demokratik Respublikasının (ADR) yüz illiyi ilə əlaqədar qətnamə qəbul edilib.

Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, qətnamədə Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə olunub.

Sənəd Nümayəndələr Palatasının plenar iclasında təqdim edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul edilib. Azərbaycanın Nyu Meksikodakı fəxri konsulu Art Makhaffi plenar iclasda iştirak edib.

Qətnamədə, yüz il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir. Qətnamədə həmçinin, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Qətnamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir. Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.

Sənəddə həmçinin qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu və Nyu Meksiko ştatının paytaxtı Santa Fedəki fəxri konsulu vasitəsilə təmsil olunan Azərbaycan Nyu Meksiko ilə son illərdə güclü əlaqələr qurub.

Qətnamənin sonunda Nyu Meksiko ştatının Nümayəndələr Palatası tərəfindən ADR-in 100 illiyi münasibətilə Azərbaycana təbrik ünvanlanaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir, sənədin ABŞ prezidenti, Senat sədri və Nümayəndələr Palatasının spikeri, eləcə də Nyu Meksikodan olan ABŞ konqresmenlərinə göndəriləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti