...

Oqtay Əsədov: Azərbaycan dövlətinin güclənməsi xalqımıza qarşı yeni soyqırımların baş verməməsinə ən yaxşı təminatdır (YENİLƏNİB)

Siyasət Materials 30 Mart 2018 12:12 (UTC +04:00)
İclas Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunub.
Oqtay Əsədov: Azərbaycan dövlətinin güclənməsi xalqımıza qarşı yeni soyqırımların baş verməməsinə ən yaxşı təminatdır (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin xüsusi plenar iclası başlayıb.

Trend-in məlumatına görə, iclas Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunub.

İclası açıq elan edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, erməni şovinistlərin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın yaşı var.

Spiker deyib ki, Çar Rusiyası Qafqazda öz dayaqlarını möhkəmləndirmək üçün İrandan və Osmanlı İmperiyasından bir milyona yaxın ermənini məqsədli şəkildə Azərbaycan ərazilərinə köçürüb.

O.Əsədov xatırladıb ki, 20-ci əsrin əvvəllərində də Azərbaycana 1 milyondan çox erməni köçürülüb. Spiker qeyd edib ki, tarixin müəyyən dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni amilindən məharətlə istifadə ediblər:

“Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçilərinin “böyük Ermənistan” xülyası Cənubi Qafqaz əhalisinin böyük fəlakətlərlə üzləşməsinə gətirib çıxarıb. Erməni şovinistləri ələ keçirmək istədikləri ərazilərdə etnik təmizləmələr aparmaq niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırım və terror aktları həyata keçiriblər. Onların vəhşi əməlləri nəticəsində 2 milyon insan öldürülüb. 1918-ci ilin mart soyqırımı bu cinayət əməllərinin yüksək zirvəsi oldu. Mart ayının cəmi 3 günü ərzində Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilib. Xalqımıza qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam edib. Tarix boyu soyqırım aktlarına məruz qalmağımızın əsas səbəblərindən biri düşmən qarşısına mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olub”.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan dövləti gündən-günə güclənir, inkişaf edir: “Bütün bunlar xalqımıza qarşı yeni soyqırım cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək. Xalqımıza qarşı düşmənçilik edənlərin layiqli cavabı veriləcək. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Zəngəzur, İrəvan və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb. Bu, tarixi faktdır. Əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcək. Gec-tez haqq-ədalət yerini tapacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti