...

BAMF prezident seçkiləri ilə bağlı bəyanat yaydı (FOTO)

Siyasət Materials 12 Aprel 2018 10:18 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri dinc və sakit şəkildə, müasir beynəlxalq standartlara uyğun şəkildə keçirilib.
BAMF prezident seçkiləri ilə bağlı bəyanat yaydı (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda prezident seçkiləri dinc və sakit şəkildə, müasir beynəlxalq standartlara uyğun şəkildə keçirilib.

Bunu Trend-ə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) respublika üzrə müşahidə missiyasının rəhbəri Umud Mirzəyev deyib.

Missiya rəhbəri bildirib ki, müşahidələr zamanı prosesdə qanunsuzluq aşkarlanmayıb: "Hər hansı qeyri-qanuni təşviqat halına rast gəlinməyib, seçicilərə təzyiq halları baş verməyib. Seçkilərdə kütləvilik müşahidə olunub. Müşahidələrimizin nəticələrinə görə, məntəqələr vaxtında açılıb, bütün müşahidəçilərə öz missiyalarını həyata keçirmələri üçün bərabər şərait yaradılıb. Səhər saatlarından etibarən seçki məntəqələrində səs vermək istəyənlərin növbəsi müşahidə olunurdu. Seçkidə ayrı-ayrı namizədlərin, məntəqə üzvlərinin, eləcə də seçkini izləyən mətbuat nümayəndələrinin, “exit-poll” aparan şəxslərin şikayəti və ya hər hansı qanun pozuntusuna rast gəlmədik".

U. Mirzəyev bildirib ki, səsvermə başa çatdıqdan sonra səslərin sayılması şəffaf aparılıb və seçki prosesi zamanı hər hansı ciddi pozuntu halı müşahidə olunmayıb: "Seçkilər zamanı ictimaiyyətə, KİV nümayəndələrinə, televiziyalara seçkinin gedişi ilə bağlı məlumatların mütəmadi və operativ təqdim olunması ilə bağlı imkanlar yaradılıb, media təmsilçilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq seçkinin işıqlandırılması ilə bağlı aktivlik müşahidə olunub”.

U. Mirzəyev bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 11 aprel - Prezident seçkilərində respublika ərazisində 29 seçki dairəsi üzrə 249 məntəqədə müşahidə missiyasını həyata keçirib və müşahidə missiyasının seçkilərin gedişi ilə bağlı geniş hesabatı ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti