Bakı. Ləman Zeynalova, Maksim Tsurkov - Trend:
Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır. Bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında Trend-in sualına cavab verərkən deyib.
M.Zaxarova qeyd edib ki, səmərəli intensiv münasibətlər dövlət başçıları, hökumətlər, müvafiq nazirliklər, qurumlar, elm nümayəndələri, vətəndaş ictimaiyyəti tərəfindən dəstəklənir:
“Təkcə 2017-ci ildə prezidentlərimiz dörd dəfə görüşüb. Parlamentlər xətti ilə çox sıx əlaqələr mövcuddur”.
Daha sonra XİN rəsmisi ticari-iqtisadi sahədə də vəziyyətin yaxşılaşdığını vurğulayıb: “2017-ci ildə ikitərəfli ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 28,58 faiz artaraq 2,6 milyard dollar təşkil edib. İnvestisiya əməkdaşlığı da vüsət alır. Azərbaycan bazarında 600 Rusiya-Azərbaycan birgə şirkəti fəaliyyət göstərir. Rusiyanın Azərbaycanda birbaşa investisiyaları isə təxminən 1,5 milyard dollar təşkil edir”.
M.Zaxarova energetika, nəqliyyat, innovasiya texnologiyaları, kənd təsərrüfatı və başqa sahələrdə də geniş ikitərəfli layihələrin realizəsində qarşılıqlı maraq olduğunu qeyd edib: “Humanitar sahədə əməkdaşlığı xüsusi qeyd etmək istəyirəm. Təhsil sahəsində əməkdaşlığın dinamikası bizi çox məmnun edir. Son illər ərzində Rusiyada orta hesabla Azərbaycandan 11-15 min tələbə təhsil alır. Onlar həm dövlət, həm də kommersiya xətti ilə təhsil alanlardır. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçinov adına Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Gələcəkdə Azərbaycanda daha bir neçə aparıcı ali təhsil müəssisələrinin açılması məsələsi üzərində iş gedir”.
O həmçinin, mayın 10-u Bakıda keçiriləcək tədbirdən də danışıb:
“Söhbət Heydər Əliyevin şəxsiyyəti və roluna həsr olunmuş birgə Rusiya-Azərbaycan tarixi-sənədli sərginin açılışından gedir. Bu sərgi müstəqil Azərbaycanın quruculuğunda müstəsna rol oynamış, Rusiya ilə strateji tərəfdaşlıq kursunun əsasını qoymuş görkəmli dövlət xadiminin anadan olmasının 95 illiyinə həsr olunub. Münasibətlərimizin mənbəyinə bu cür qayıdış rəmzi xarakter daşıyır. Bu, ölkələrimiz və xalqlarımız arasında dostluğun möhkəmlənməsi və inkişafı üzrə birgə nəhəng iş barəsində xatırlatmadır”.
M.Zaxarova qeyd edib ki, bu kursun davamının təminatı İlham Əliyevin bir müddət əvvəl Azərbaycanda prezident seçkilərində inamlı qələbəsidir.