...

Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi xidməti olub (YENİLƏNİB)

Siyasət Materials 10 May 2018 15:14 (UTC +04:00)
Müasir mərhələdə strateji səciyyə daşıyan Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi xidməti olub.
Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi xidməti olub (YENİLƏNİB)

Bakı. Fikrət Doluxanov, Vüqar İmanov - Trend:

Müasir mərhələdə strateji səciyyə daşıyan Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi xidməti olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Heydər Əliyev Mərkəzində açılmış “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin iştirakçılarına ünvanlanmış müraciətində deyilir.

Müraciəti Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov oxuyub.

Müraciətdə bildirilir: “Əziz dostlar! Əlamətdar tarixə - Azərbaycanın Ümummilli Liderinin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.

Heydər Əliyev təkcə postsovet məkanında deyil, bütün dünyada yüksək nüfuz qazanmış görkəmli dövlət xadimi və siyasi xadimdir. Uzun illər ərzində respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycan SSR-in rəhbəri, daha sonra SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində qazandığı zəngin dövlət idarəçiliyi təcrübəsi və yüksək təşkilatçılıq qabiliyyəti ona ən mürəkkəb bir dövrdə müstəqil Azərbaycana başçılıq etmək, ölkəni dərin böhran vəziyyətindən davamlı inkişaf yoluna çıxarmaq imkanı verdi.

Müasir mərhələdə strateji səciyyə daşıyan Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi xidməti olub. Müstəqillik illərində dövlətlərimiz əvvəlki nəsillərin miras qoyduğu mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq ənənələrini nəinki qoruyub saxlamağa, həm də artırmağa nail olublar.

Əlamətdar haldır ki, Bakıda keçirilən sərgidə həm Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü görməyə, həm də onun irsi ilə təmasda olmağa imkan verən çoxsaylı arxiv sənədləri və fotoşəkillər təqdim edilir. Ürəkdən şadam ki, əlamətdar hadisə münasibətilə hazırlanmış nəfis kataloqda əsası Ümummilli Lider tərəfindən qoyulmuş siyasi kursun varisliyi aşkar izlənilir. Ümidvaram ki, bu nəşr əksər kitabxanaların fondlarında layiqli yer tutacaq.

Layihənin təşəbbüskarı olan Rusiya tərəfinə dərin minnətdarlığımı bildirmək, habelə hər iki ölkənin tarixçilərinə və arxiv mütəxəssislərinə təşəkkür etmək istərdim. Əminəm ki, sərgi xalqlarımız arasında dostluğun möhkəmlənməsinə öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti