...

Azərbaycan Prezidenti: Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq, bu da böyük tarixi qələbəmizdir

Siyasət Materials 28 May 2018 17:31 (UTC +04:00)
"Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq, bu da böyük tarixi qələbəmizdir".
Azərbaycan Prezidenti: Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq, bu da böyük tarixi qələbəmizdir

Bakı. Trend:

"Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq, bu da böyük tarixi qələbəmizdir".

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib.

Prezident bildirib ki, enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi: "Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaqdır. Bu da böyük tarixi qələbəmizdir.

Biz nəqliyyat infrastrukturunu yaratmaqla qitələri birləşdirdik. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Təşəbbüskarı olduğumuz Bakı-Tbilisi-Qars dəmir yolu, nəqliyyat infrastrukturu ilə bağlı digər layihələr, Xəzərin ən böyük limanı olan Ələt Limanının işə düşməsi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində atılmış addımlar bir məqsədi güdür ki, Azərbaycanı dünyanın nəqliyyat mərkəzlərindən birinə çevirək. Bu istiqamətdə böyük işlər görüldü. Bu, müstəqilliyi gücləndirən amildir. Bu, qeyri-neft sektorunu inkişaf etdirən amildir. Biz bu məsələ ilə bağlı çox ciddi məşğuluq. Gec-tez bizim təbii resurslarımız tükənəcək. Baxmayaraq ki, “Azəri-Çıraq-Günəşli” kontraktının müddəti 2050-ci ilə qədər uzadıldı. Ən azı o vaxta qədər bu kontrakt qüvvədə olacaq".

İlham Əliyev tam əmin olduğunu bildirib ki, 2050-ci ildən sonra da kifayət qədər neft ehtiyatları “Azəri-Çıraq-Günəşli”də qalacaq:

"O ki qaldı, bizim təbii qaz resurslarımıza, bu resurslar ən azı 100 il bundan sonra bizə və bizdən bu əməkdaşlıq nəticəsində faydalanan ölkələrə kifayət edəcəkdir. Amma buna baxmayaraq, biz yenə də qabağa baxmalıyıq. Biz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişaf strategiyasını təmin etməliyik. Bu məsələ ilə bağlı bizim çox aydın fikirlərimiz, baxışlarımız var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti