...

Əli Həsənov: Sevindirici haldır ki, QHT-lərin 99 faizi dövlətçiliyi təbliğ edir (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 22 İyun 2018 19:44 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Əli Həsənov: Sevindirici haldır ki, QHT-lərin 99 faizi dövlətçiliyi təbliğ edir (YENİLƏNİB) (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici qonaqlar, QHT nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, bu Şuranı təsis etməklə Prezident İlham Əliyev siyasi iradə göstərərək dövlət-QHT münasibətlərinin yeni müstəviyə keçməsi üçün şərait yaratdı, QHT-lərə etimad mühitini gücləndirdi.

A.Quliyev deyib ki, belə bir qurumun təsis edilməsi ilə Azərbaycanda milli donorluq institutu yaranmış oldu: “Şura yaranana qədər ölkədə milli donorluq institutu yox idi, Azərbaycan həqiqətlərinin, ermənilərin Azərbaycana qarşı təcavüzünün və erməni işğalının, qaçqın və məcburi köçkünlər probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində layihələrə heç kim donorluq etmirdi. Xarici təşkilatlar heç bir halda bizə dəstək vermirdilər, deyirdilər ki, “bu sizin daxili işinizdir”. Ancaq Şura yarandıqdan sonra vəziyyət dəyişdi və bu istiqamətdə çoxlu sayda layihələr həyata keçirilməyə başlandı. Şuranın yaranması ilə QHT-ləri ümummilli problemlərin həlli istiqamətində səfərbər etmək mümkün oldu. Biz bütün görülən işlərə görə cənab Prezident İlham Əliyevə təşəkkür edirik və bildiririk ki, Şura bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək”.

Sonra tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bildirib ki, 10 il ərzində Şura böyük işlər görüb və fəaliyyəti qənaətbəxş hesab olunmalıdır.

PA rəsmisi qeyd edib ki, cənab Prezident İlham Əliyev vətəndaş cəmiyyəti quruculuğunu bizim cəmiyyətimizin inkişafının əsas şərtlərindən biri hesab edir:

“Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda vətəndaş cəmiyyətinin inkişafı, azadlığı üçün bütün şərtlər öz əksini tapıb. 1995-ci ildən bəri Azərbaycanda bütün seçkilər azad və şəffaf şəkildə keçib, Azərbaycanda azad media formalaşıb. Bu gün Azərbaycanda şəffaf şəkildə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini müşahidə edirik. QHT hərəkatının bir neçə özünəməxsus nəticələri var. Vətəndaş təşəbbüsləri bu hərəkat çərçivəsində öz təsbitini taparaq bugünkü normal formaya gəlib çatıb”.

Ə.Həsənov deyib ki, son 10 ildə 4500-ə yaxın layihəyə 36 milyon manata yaxın yardım göstərilib, bu layihələrə cəlb olunan insanların sayı isə 15 minə yaxındır:

“Ümumilikdə isə QHT sektorunda məşğul olan insanların sayı 30 minə yaxındır. Onlar Azərbaycanın fəal vətəndaşlarıdır, kənardan gələn təhlükəyə sinə gəlməkdə heç də məmurlardan az iradəyə malik deyillər, Azərbaycan dövlətinin, cəmiyyətinin maraqlarını heç də az təbliğ etmirlər. Təəssüf ki, xarici dairələrin təsirinə düşərək Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı istifadə olunan QHT-lərin də şahidi olmuşuq. Ancaq sevindirici haldır ki, QHT-lərin 99 faizi dövləti, dövlətçiliyi təbliğ edir”.

Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini bildirib.

B.Muradova qeyd edib ki, Milli Məcllis Şura ilə əməkdaşlıq barədə memorandum imzalayıb və səmərəli əməkdaşlıq edir. QHT sektoru ilə əlaqədar Şuranın təşəbbüsü ilə Milli Məclisdə irəli sürülən qanun layihələri qəbul olunub və bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Daha sonra tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli fəaliyyət göstərdiyini və BMT-nin bu istiqamətdə Azərbaycanla uğurlu əməkdaşlıq etdiyini bildirib: “Biz Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini yüksək qiymətləndiririk və Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıyıq”.

Tədbir bədii hissə ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti