Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə hərbi qulluqçuları bir daha təbrik edən müdafiə naziri hərbi paradda iştirak etmiş şəxsi heyətin, eləcə də döyüş texnikası və aviasiya vasitələrinin heyətlərinin hazırlığını yüksək qiymətləndirib. Nazir müxtəlif ölkələrdən bayram tədbirləri ilə əlaqədar Azərbaycana gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətlərinin yubiley mərasimlərinin təşkili, xüsusilə də hərbi paradın keçirilməsindən məmnun qaldıqlarını diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov yüksək səviyyədə keçirilmiş bayram tədbirlərinin ölkəmizin hərbi qüdrətini və ordumuzun döyüş qabiliyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd edib.
Cəbhədəki mövcud vəziyyətə toxunan müdafiə naziri qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsi, nizam-intizamı və döyüş növbətçiliyi zamanı sayıqlığının artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Ali Baş Komandanın çıxışlarında səsləndirdiyi torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağıq fikrini vurğulayan müdafiə naziri bildirib: “Münaqişənin həllinin uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır. Münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli həll olunmalıdır. Əks təqdirdə düşmən Azərbaycan xalqının əzmini və vətənpərvərliyini, eləcə də Ordumuzun silahının gücünü öz üzərində hiss edəcək”.
İyulun 2-dən 6-dək cəbhə bölgəsində keçiriləcək genişmiqyaslı təlimlərə toxunan müdafiə naziri müvafiq vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Nazir qeyd edib ki, təlimlərdə əsas diqqət işğal olunmuş ərazilərin azad edilməsinin müxtəlif ssenariləri üzrə qoşunların tətbiqi və müvafiq döyüş tapşırıqlarının icrası, o cümlədən düşmənin bütün hərbi infrastrukturunun məhv edilməsi üçün nəzərdə tutulan ən müasir silah və hərbi texnikanın praktiki tətbiqinə yönəldilməlidir.