...

Hikmət Babaoğlu: Zatulinin mövqeyi Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir

Siyasət Materials 6 Oktyabr 2018 18:37 (UTC +04:00)
Zatulinin mövqeyi Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir.
Hikmət Babaoğlu: Zatulinin mövqeyi Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir

Bakı. Elçin Mehdiyev - Trend:

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin ilk dəfə deyil ki, Ermənistanın işğalçılıq siyasətini və erməni separatizmini dəstəklədiyini nümayiş etdirir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, hər şeydən öncə belə mövqe K.Zatulinin təmsil olunduğu siyasi fraksiyanın və Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir.

O qeyd edib ki, Azərbaycan və Rusiya qədim tarixi kökə malik tərəfdaşlardır: “Hazırda iki ölkə arasındakı münasibətlər strateji müttəfiq səviyyəsindədir. Əgər regionda Azərbaycan və Rusiyanın qarşılıqlı əlaqələri və təhlükəsizliklə bağlı ortaq tədbirləri olmasa, regional təhlükəsizlikdən və hər iki ölkənin birgə təhlükəsizliyindən söhbət belə gedə bilməz. Elə bu yaxınlarda MDB Dövlət Başçıları Şurasının Düşənbə şəhərində keçirilən iclasında bir daha MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması, iqtisadi əlaqələrin dərinləşdirilməsi, humanitar mədəni və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu".

Deputat vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin bu kimi məsələləri dəstəklədiyi bir vaxtda Zatulinin belə məsiliyyətsiz açıqlamaları həm də Rusiyanın rəsmi siyasətinin əleyhinə olan açıqlama kimi dəyərləndirilməlidir:

“Çünki Rusiya Federasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemlərinin həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərir. Çox təəssüf ki, Zatulin bunları nəzərə almadan sadəcə erməni lobbisinin təsiri altında separatçıları dəstəkləməkdə davam edir. Biz bilirik ki, bu, birinci hadisə deyil. Vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşkil etdiyi siyasi şouda da siyasi müşahidəçi kimi iştirak etmişdi və yenə işğalçıları dəstəkləyən bəyanatlar vermişdi. Yaxşı olardı ki, Zatulin Ermənistanda və Dağlıq Qarabağda olarkən orada soydaşlarının olub-olmaması ilə də maraqlanaydı. Onlar necə yaşayırlar və rus dili və mədəniyyətinə münasibət necədir? Axı Zatulinin Dövlət Dumasında tutduğu vəzifələrdən biri də Rusiyadan kənarda yaşayan soydaşlarla əlaqələr üzrə komitə sədrinin müavini olmaqdır. Əminəm ki, axtarsa belə, nə Qarabağda, nə də Ermənistanın əksər ərazilərində bir dənə də olsun rus millətinin nümayəndəsini tapa bilməzdi. Rus mədəniyyətinə və rus dilinə münasibətə gəldikdə isə, ermənilərin bu mədəniyyətə və dilə qarşı necə aqressiv yanaşdıqlarını müşahidə etmiş olardı. Çünki Njde Qaregin kimi bir faşistə heykəl ucaldan ölkədə rus tapmaq olduqca çətindir”.

H.Babaoğlu bildirib ki, hazırda Ermənistan öz işğalçılıq siyasətində Rusiyadakı K.Zatulin kimi adamlardan dəstək almaqla bəraət qazandırmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti