...

Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun müavini ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 25 Oktyabr 2018 14:13 (UTC +04:00)
Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun müavini ilə görüşüb.
Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun müavini ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də UNESCO-nun baş direktorunun müavini Qu Xingi qəbul edib.

Dövlətimizin başçısı UNESCO-nun baş direktorunun müavini Qu Xingin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirdi və bunu Azərbaycan-UNESCO əməkdaşlığının yaxşı nümunəsi kimi dəyərləndirdi. Azərbaycan ilə UNESCO əlaqələrinin güclü tərəfdaşlığa və zəngin tarixə malik olduğunu qeyd edən dövlətimizin başçısı uğurlu əməkdaşlığımızın davam etməsindən məmnunluğunu bildirdi. Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi ötən illər ərzində ölkəmizin tarixi, mədəni abidələrinin, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan tarixi yerlərin ümumbəşəri dəyərlərə çevrilməsi işində UNESCO-nun fəaliyyətini yüksək qiymətləndirir. Dövlətimizin başçısı bildirdi ki, bütün bunlar ölkəmizin bu təşkilatla uğurlu əməkdaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların dünyaya yayılması ilə bağlı UNESCO tərəfindən görülən işlərə görə minnətdarlığını bildirdi.

Qu Xing, ilk növbədə, UNESCO-nun baş direktoru xanım Odri Azulenin salamlarını dövlətimizin başçısına çatdırdı. O, VI Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyət daşıdığını qeyd etdi və bildirdi ki, Azərbaycan mədəniyyətlərarası dialoqla bağlı bu cür tədbirlərin keçirilməsi üçün nümunəvi bir məkandır. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində mühüm nöqtədə yerləşdiyini vurğulayan Qu Xing bu tədbirin Bakıda keçirilməsini önəmli bir hadisə kimi dəyərləndirdi. Qonaq bildirdi ki, UNESCO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və Azərbaycan dinamik fəaliyyəti ilə bu təşkilatın işinə böyük töhfə verir. Qu Xing, eyni zamanda, gələn il Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin konfransının da keçiriləcəyini qeyd edərək bu tədbirin də önəm daşıdığını bildirdi.

Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını xanım Odri Azuleyə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti