...

YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası Azərbaycan üçün uğurlu olub

Siyasət Materials 6 Dekabr 2018 13:06 (UTC +04:00)
YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası Azərbaycan üçün bir sıra uğurlu nəticələrlə yadda qalıb.
YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası Azərbaycan üçün uğurlu olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Lui şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası Azərbaycan üçün bir sıra uğurlu nəticələrlə yadda qalıb.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov sessiyanın nəticələrinə dair mətbuat konfransında deyib.

E.Sultanov bildirib ki, sessiyada Azərbaycan tərəfinin təqdim etdiyi “Çovqan-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabatımız qəbul olundu, eyni zamanda “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiyanın YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi:

"İclasda Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv və qeyri-etik davranışı sessiya iştirakçıları arasında mənfi qarşılandı və hər zaman olduğu kimi, bu dəfə də Ermənistanın Azərbaycan tərəfinin təqdim etdiyi milli hesabat və nominasiyaların müzakirələri zamanı provokativ və aqressiv cəhdləri iflasa uğradı və bu ölkə təcrid olunmuş vəziyyətə düşdü.Ermənistan tərəfi Komitədəki üzvlüyündən sui-istifadə edərək, Komitənin işini siyasiləşdirirdi və bu davranışı ilə Konvensiyanın məqsəd və prinsiplərinə ciddi xələl gətirirdi. Bu isə öz növbəsində Komitədə ciddi narahatlıq və narazıçılığa gətirib çıxarırdı.Ermənistandan fərqli olaraq, Azərbaycan Komitədə böyük nüfuz malik bir ölkədir. Belə ki, ölkəmiz Komitənin digər sessiyalarında olduğu kimi, bu dəfə də sessiyanın gündəliyinə öz müsbət töhfəsini verib".

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə qeyd edib ki, sessiya çərçivəsində “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib.

V.Eyvazzadə bildirib ki, namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələri YUNESKO səviyyəsində qorumaqdır:

"Ermənistanın Azərbaycanın digər mədəni irs namizədləri kimi, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, Azərbaycanın aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparıb və ölkəmizin nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verilib".

V.Eyvazzadə deyib ki, Hökumətlərarası Komitənin 13-cü sessiyasında ölkəmiz üçün daha bir uğurlu hadisə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi oldu:

“Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir".

Nazirlik rəsmisi əlavə edib ki, Ermənistan nümayəndəsinin “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxış etməsi heç bir nəticə verməyib:

"Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz mövqeyinin yolverilməz olduğunu bir daha diqqətə çatdıran Azərbaycan nümayəndə heyəti ölkəmizin bu çoxmillətli nominasiyanın tərəfi olmaqla regional əməkdaşlığa və ortaq mirasa sahib olan ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini və bununla da YUNESKO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini bildirib. YUNESKO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaşbişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin "Çövkən - ənənəvi Qarabağ atüstü oyunu" və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısında yer alır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti