Bakı. Trend:
Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Şamaxıya səfəri zamanı rayon sakinləri ilə görüşü zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Əziz dostlar, sizi salamlayıram. Şamaxıda baş vermiş zəlzələ nəticəsində dağılmış bütün evlər yenidən tikiləcək, bərpa ediləcək. Bilirsiniz ki, zəlzələdən dərhal sonra mən Şamaxıya gəldim, vəziyyətlə tanış oldum. Dərhal göstəriş verdim ki, evlər qısa müddət ərzində bərpa edilsin, tikilsin. Bu gün artıq biz ilk evlərin, o cümlədən Saray nənənin evinin açılışını etdik. Bir neçə başqa ev də tikilib. İndi çoxmənzilli yeni binanın təməli qoyulacaqdır".
İlham Əliyev bildirib ki, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında minlərlə ev tikiləcək və yenidən bərpa ediləcək:
"Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bizim sosial siyasətimiz güclü siyasətdir və zəlzələdən ziyan görmüş bütün evlər dövlət vəsaiti hesabına tikiləcək və bərpa ediləcəkdir.
Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır".
Azərbaycan Prezidenti vurğulayıb ki, vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq:
"Mən gəlmişəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq".