...

Azərbaycan Prezidenti: Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır

Siyasət Materials 13 Noyabr 2019 16:19 (UTC +04:00)
Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır
Azərbaycan Prezidenti: Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır

Bakı. Trend:

Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir. Ümumi rəyə görə, - bu, beynəlxalq təşkilatların hesabatında da əks olunur, - Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilibdir. Mən dəfələrlə demişəm ki, hər bir ölkənin öz tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır və bu gün bu, reallıqdır. Təkcə son bir-iki ay ərzində mənim dörd qonşu ölkənin rəhbərləri – Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və Gürcüstanın Baş Naziri ilə görüşlərim olubdur. Bu görüşlərdə, o cümlədən bizim nəqliyyat sahəsində əməkdaşlığa da kifayət qədər böyük vaxt ayrılmışdır. Bir sözlə, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Bu gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır. Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq.

Yəni, onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir.

Eyni zamanda, mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən Bakı şəhərətrafı yolun tikintisi gedir. Bu, Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayan yollardır. Eyni zamanda, bizim turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsi davam etdirilir. Sovet vaxtında Qəbələyə dəmir yolu çəkilməmişdir, buna ehtiyac yox idi, ancaq hazırda buna böyük ehtiyac var. Mən bu təşəbbüsü irəli sürəndə bəziləri fikirləşirdilər ki, buna ehtiyac yoxdur. Halbuki bu yaxınlarda Qəbələdə olarkən mənə məlumat verildi ki, bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlmişdir. Ancaq söhbət otellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə kirayədə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Yəni, Qəbələyə 300 min turist gəlib. Qəbələyə bir yol var – Şamaxı-Qəbələ yolu. O yol da artıq mənim göstərişimlə yenidən qurulacaq. Əlbəttə ki, bu yol artan turizm trafikini götürə bilməyəcək. Ona görə Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti