...

Vüqar Rəhimzadə: Bu gün tarixi saxtalaşdırıb yalan uyduranlar ifşa edilməlidir

Siyasət Materials 28 Noyabr 2019 15:05 (UTC +04:00)
Bu gün tarixi saxtalaşdırıb yalan uyduranlar ifşa edilməlidir
Vüqar Rəhimzadə: Bu gün tarixi saxtalaşdırıb yalan uyduranlar ifşa edilməlidir

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik və Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimlərində çıxışı zamanı müstəqilliyimizin ilk illərində baş vermiş hadisə və proseslərlə əlaqədar tarixi faktları bir daha xatırlatması cəmiyyətimizin ziyalı kəsiminə bir işarədir. Həmin dövrün hadisələrinin şahidləri, proseslərin iştirakçısı olmuş insanlar ictimaiyyətə, xüsusilə gənclərə baş vermis hadisələrlə bağlı həqiqətləri çatdırmalı, bu gün tarixi saxtalaşdırıb yalan uyduranları ifşa etməlidir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, o, 1991-1992-ci illərdə baş verən hadisələrin şahidi kimi həmin dövrün ağır günlərini, vətəndaş müharibəsini, aclığı bu gün də xatırlayır: “O dövrün hadisələrini yaddan çıxarmaq mümkün deyil. 1992-ci ildə hakimiyyəti silah gücünə ələ keçirmiş AXC-Müsavat hakimiyyəti cəmi bir ilin ərzində ölkəni dərin böhrana, xaosa saldı. Təsəvvür edin ki, küçədən keçən istənilən cəbhəçi aid olduğu rayonda, şəhərdə istədiyi kabineti zəbt edirdi. Hətta dünyada görünməmiş hal idi ki, AXC-Müsavat hakimiyyəti dövründə bir rayona iki icra başçısı təyin olunurdu. Vəzifələri bilik və bacarıqlarına görə deyil, küçədə nümayiş keçirdikləri günlərin sayına uyğun olaraq müəyyənləşdirən cəbhəçilər torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsinə şərait yaratmaqla yanaşı, vətəndaş müharibəsinin baş verməsinə də nail olmuşdular. Surət Hüseynov, Əlikram Hümbətov kimi separatçılar da məhz AXC-Müsavat hakimiyyətinin tör-töküntüləri idi. Bu həmin mərkəzdənqaçma qüvvələri idi ki, elə onları “milli qəhrəman” elan edənləri məhv etmək niyyətində idilər. Surət Hüseynov Gəncədə baş prokuroru girov götürməklə hakimiyyət başında olanları Prezident Aparatının qarşısında asacağını da bildirmişdi. Amma böyük ədalətsizliklərdən sonra Moskvadan Azərbaycana dönən, Ali Sovetdə sözünü deməyə imkan verməyənlər, Yeni Azərbaycan Partiyasının təsis iclasının keçirilməsinə mane olanlar, Naxçıvanda çevriliş etməyə cəhd göstərənlər 1993-cü ildə - hakimiyyətə gəldikləri müddətdən cəmi 11 ay keçəndən sonra ulu öndər Heydər Əliyevə ölkəni, eləcə də onları xilas etmək üçün yalvarırdılar. Dəfələrlə Naxçıvana təyyarə də göndərmişdilər ki, ümummilli lider Heydər Əliyev prosesləri nəzarətə götürsün. Yalnız xalqın təkidli tələbindən sonra hakimiyyətə qayıdan Heydər Əliyev milləti, dövləti düşdüyü bəlalardan xilas etməklə yanaşı, Surət Hüseynovun qorxusundan kürkünə birə düşmüş AXC-Müsavat hakimiyyətinin təmsilçilərinin həyatını da xilas etdi”.

V.Rəhimzadə vurğulayıb ki, AXC-Müsavat hakimiyyəti tarixdə oğru hakimiyyət kimi də qaldı: “Bu hakimiyyətdə təmsil olunanlar dövləti hərtərəfli şəkildə talan edirdilər, dağıdırdılar. Onlar o qədər azğınlaşmışdılar ki, nəinki vaxtilə Heydər Əliyevin inşa etdirdiyi zavodları, hətta tramvay relslərini belə söküb satırdılar. Başda o zamanki dövlət katibi Əli Kərimli olmaqla yüksək eşalonda yer almış məmurlar mənzil fondunu dağıtdılar, satdılar, hətta məşuqələrinə belə hədiyyə verirdilər. Lakin evsiz qalan insanlara dirsək göstərirdilər. Ölkənin baş naziri məhkəmə qərarı ilə işdən çıxarılanlardan milyonlarla rüşvət alıb yenidən işə bərpa edirdi. AXC-Müsavat hakimiyyətinin rəhbərliyinin dəstəyi ilə Ermənistana dizel və benzin yanacağı satırdılar. Halbuki həmin dövrdə ölkədə yanacaq qıtlığı var idi. Hətta, cəbhədə ermənilərə qarşı vuruşan tanklar, PDM-lər üçün yanacaq çatışmırdı. Bu faktı o zamanki prezident Əbülfəz Elçibəy də etiraf etmişdi. Bu gün müxalifətdə olan, vaxtilə isə dövlət katibi, spiker, baş nazir, müdafiə naziri, daxili işlər naziri vəzifələrini tutmuş antimilli ünsürlər Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdular”.

“AXC-Müsavat tör-töküntüləri bir-birinə maliyyə badalağı gəlməklə, pul oğurlamaqla da məşğul idilər” – deyən Vüqar Rəhimzadə əlavə edib ki, təkcə Əbülfəz Elçibəyin adına Türkiyə banklarında 30 milyon dollardan çox vəsait var idi: “Həmin vəsaitin 13 milyon dolları dövlətin tələbi ilə geri qaytarılsa da, qalan 17 milyondan xəbər yox idi. Çünki, vaxtilə Əli Kərimli Əbülfəz Elçibəyi aldadaraq həmin 17 milyonun arxasına keçmişdi. Sonrakı araşdırmalarda bəlli olmuşdu ki, Əli Kərimli həmin vəsaiti Britaniyadakı banklara yerləşdirib. Gördüyünüz kimi, AXC-Müsavat hakimiyyəti antimilli olmaqla yanaşı, həm də oğru bir hakimiyyət idi. Bu gün də müxalifətçilik edən həmin oğru hakimiyyətin nümayəndələri yenidən iştaha gəliblər və milli dövlətçiliyimizə, uğurlarımıza qənim kəsiliblər”.

V.Rəhimzadə bildirib ki, bu faktları Azərbaycan gəncliyi bilməli, yadda saxlamalı və daim xatırlamalıdır: “Çünki tarix bizim gələcəyimizi daha etibarlı qurmağımız üçün əsasdır. Əgər biz 1991-1993-cü illərdə baş verənləri unutsaq o ölkənin perspektivini təhlükə altına almış olarıq. Hər bir gənc bilməlidir ki, satqın və oğru hakimiyyətin tör-töküntüləri ölkəmizin və xalqımızın gələcəyi üçün təhlükədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti