Bakı. Hüseyn Səfərov - Trend:
Avropa Şurası özünü ziyalı ünsiyyət dəyərlərini dərk etməyən və yalnız güc mövqeyindən danışığı başa düşən bir dələduz kimi aparır.
Bunu Trend-ə rusiyalı ekspert Sergey Markov deyib.
Onun sözlərinə görə, Avropa Şurası bu gün böhran vəziyyətindədir və Azərbaycanla bağlı hüquqi olmayan qərar qəbul etməsi xarakterikdir:
“Həmin mövqe Rusiyaya münasibətdə də sərgilənir. Digər sözlə, Avropa Şurasının öz sevimliləri var ki, onlar istənilən cinayəti törədə, istənilən qanunsuzluğu edə bilərlər. Çoxlu sayda jurnalistlər öldürülə bilər, heç bir araşdırma aparılmır. Bundan əlavə jurnalist qatilləri dövlət qrantları alır, hökumət təşkilatlarına, ekspert şuralarına gedir. Onlar barəsində Avropa Şurası nəinki araşdırma aparmır, hətta hansısa ciddi ittiham da səsləndirilmir. Amma bəzi ölkələr onların daim hücumlarına məruz qalır – bu, Rusiya, Türkiyə və Azərbaycandır”.
S.Markov bildirib ki, Rusiya, Türkiyə və Azərbaycana münasibətdə tənqid rusofobiya və islamofobiyanın təzahüründən başqa bir şey deyil.
Ekspert hesab edir ki, son zamanlar Avropa Şurası öz prinsipsiz mövqeyi ilə əlaqədar vahid standartlar tətbiq etmək əvəzinə, bəzi ölkələrdə müxtəlif pozuntular uydurur, digər ölkələrdə isə bu pozuntuları görməzdən gəlir:
“Bununla da vahid standartların dağılması baş verir. Əlbəttə, məhz vahid standartların mühafizə olunması üçün yaradılan təşkilat bunları dağıdırsa, onun nüfuzu böyük miqyasda azalır və yoxa çıxır. Bunun da nəticəsində vahid Avropa ictimai-siyasi məkanının dağılması baş verir”.