...

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam

Siyasət Materials 6 Fevral 2020 18:15 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2020-ci ilin noyabr ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Ölkənin qocaman ali təhsil müəssisələrindən biri kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti zəngin inkişaf yolu keçmiş, ötən müddət ərzində xeyli sayda peşəkar neftçi və mühəndis, eləcə də dünyanın onlarla ölkəsi üçün neft mühəndisi və elmi kadrlar hazırlamışdır. Respublikada uzun illər iqtisadiyyatın davamlı yüksəlişinə töhfələr vermiş bu elm və təhsil ocağı müstəqil Azərbaycanın neft strategiyasının müvəffəqiyyətlə gerçəkləşdirilməsində mühüm xidmətlər göstərmişdir. Universitetin qabaqcıl alim və mütəxəssislərinin, professor-müəllim heyətinin yaxından köməyi ilə keçmiş sovetlər birliyində və bir sıra xarici ölkələrdə neft-qaz profilli ali məktəblər təsis edilmişdir. Onun çoxsaylı məzunları arasında tanınmış dövlət xadimləri və görkəmli alimlər vardır.

Fəaliyyətini müasir Azərbaycan təhsilinin strateji hədəflərinə uyğun quran və keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Universitet bu gün də ölkəmizin sənayesi və iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik ixtisaslar üzrə rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi işində öz vəzifələrinin öhdəsindən layiqincə gəlir. Beynəlxalq təhsil məkanına inteqrasiya yolu seçməklə dünyanın aparıcı ali məktəbləri ilə qurduğu qarşılıqlı əlaqələr, habelə ikili diplom proqramlarının tətbiqi Universitetdə görülmüş işlərin uğurlu nəticələrindəndir.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti