...

Türkiyə müşahidə missiyası: Bəzi ölkələr Azərbaycandan dərs almalı, mənfi baxışlarını kənara qoymalıdırlar (FOTO)

Siyasət Materials 10 Fevral 2020 13:09 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisin Müşahidə Missiyasının üzvləri Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ilə rəylərini açıqlayıblar.
Türkiyə müşahidə missiyası: Bəzi ölkələr Azərbaycandan dərs almalı, mənfi baxışlarını kənara qoymalıdırlar (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkiyə Böyük Millət Məclisin Müşahidə Missiyasının üzvləri Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ilə rəylərini açıqlayıblar.

Trend-in məlumatına görə, Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım əvvəlcə Azərbaycan xalqını seçkilərin baş tutmasına görə təbrik edib.

Müşahidəçi əlavə edib ki, Azərbaycanda insanlar öz istədikləri insanlara səs verərək onları qalib ediblər:

"Seçkilərdə qalib gələn namizədləri təbrik edirəm. Eyni zamanda, qalib gəlməyən namizədləri də cəsarətlərinə görə təbrik edirəm".

TBMM-in üzvü Orhan Erdem deyib ki, seçki günündə müşahidəçilər iki qrupa ayrılaraq Bakı və Sumqayıtda prosesi izləyiblər.

Azərbaycanda çox layiqli gənclərin yetişdiyini deyən O.Erdem namizədlərin siyahısında gənclərin sayının çox olmasından məmnun olduğunu söyləyib.

TBMM-in üzvü Yunus Kılıç bildirib ki, Azərbaycanda müxtəlif seçkilərdə türkiyəli müşahidəçilər həmişə iştirak ediblər.

Seçkiyə hazırlıq dövründə də müəyyən işlərlə tanış olduqlarını deyən Y.Kılıc qeyd edib ki, namizədlərin sayının çox olması, 20-yə yaxın partiyanın seçkidə iştirakı seçkinin obyektiv və rəqabətli şəraitdə keçdiyini deməyə əsas verir.

O əlavə edib ki, seçki məntəqələrində kameraların olması, müşahidəçilərin prosesin istənilən yerdən izləyə bilməsi, seçicilərin istənilən kabinədə səs verə bilməsi çox gözəl haldır: "Əslində, Azərbaycanın seçkiyə çox sayda beynəlxalq müşahidəçi dəvət etməsi onun açıq ölkə olduğunu, hər şeyin şəffaf olduğunu göstərir. Məntəqələrdə heç kim heç kəsin işinə qarışmırdı, amma hər kəs prosesi müşahidə edə bilirdi. Namizədlərin seçkiyə qədər ev-ev gəzərək özlərini tanıdıblar. Burada da bir demokratik davranış var".

TBMM-in üzvü İbrahim Aydemir Azərbaycanın Türkiyə üçün çox dəyərli ölkə olduğunu xüsusi vurğulayıb: "Burada proseslərin normal keçməsi bizi sevindirər. Biz seçkilərdə də ancaq Azərbaycanın iftixar duya biləcəyi bir şərait gördük. Bəzi ölkələr Azərbaycandan dərs almalı, mənfi baxışlarını kənara qoymalıdırlar".

TBMM-in üzvü Uğur Bayraktutan məntəqələrdə kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini çox müsbət hal kimi dəyərləndirib: "Biz daha bir uğur qazanan Azərbaycanı tərk edərək Türkiyəyə geri dönəcəyik. "Azərbaycanın yolu uğurlu olsun" deyirik".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti