...

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilib – Pərvin Kərimzadə

Siyasət Materials 15 Fevral 2020 18:54 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilib – Pərvin Kərimzadə

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bunu Trend-ə deputat Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftlə təmin edilməsində Azərbaycanın payının 25-30 faiz təşkili müasir Azərbaycanın dünyada geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir:

"Ötən il noyabrın 30-da tək Azərbaycan üçün deyil, həm də Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edən bir hadisə baş verdi - Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi.

Enerjinin İpək yolu adlandırılan TANAP-ın Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizi əfsanəni həqiqətə çevirib. Dünyanın diqqətini yenidən Azərbaycana yönəldən Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində onun mühüm seqmenti olan TANAP – Trans-Anadolu qaz boru kəməri layihəsi vasitəsi ilə Azərbaycanın təbii qazı qardaş Türkiyənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına qədər gedib çatdı. Azərbaycanın 16 milyard kubmetr təbii qazının 6 milyardı Türkiyə, 10 milyardı isə Avropa istehlakçıları tərəfindən istifadə edilməsi Azərbaycan-Türkiyə birliyinə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi oldu. Azərbaycan bu cür irimiqyaslı layihələr həyata keçirməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilib".

P.Kərimzadə əlavə edib ki, Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsulu olan, geniş beynəlxalq əməkdaşlığı reallaşdıran bu layihənin həyata keçirilməsi ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradıb: "Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ölkəmizin qarşısına qoyduğu hədəflərə çatmasının, dünyada enerji ölkəsi kimi əhəmiyyətinin, durmadan artan nüfuzunun göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti