...

Elşad Mirbəşir oğlu: Yeni sərəncam dövlətin infeksiyanın yayılmasına qarşı sistemli və effektiv fəaliyyət həyata keçirdiyini nümayiş etdirdi

Siyasət Materials 19 Mart 2020 11:41 (UTC +04:00)
Koronavirus epidemiyasına qarşı Azərbaycan dövləti tərəfindən təqdirəlayiq önləyici addımlar atılmaqdadır.
Elşad Mirbəşir oğlu: Yeni sərəncam dövlətin infeksiyanın yayılmasına qarşı sistemli və effektiv fəaliyyət həyata keçirdiyini nümayiş etdirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirus epidemiyasına qarşı Azərbaycan dövləti tərəfindən təqdirəlayiq önləyici addımlar atılmaqdadır. Məhz bunun nəticəsidir ki, həyata keçirilən preventiv tədbirlər epidemiyanın yayılmasını ciddi şəkildə önləyib.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, təkcə ölkə daxilində yox, xaricdəki vətəndaşlarımızın da dövlətin hərtərəfli dəstəyi ilə əhatə olunduğunu müşahidə edirik. Ölkə rəhbərliyinin göstərişlərinə müvafiq olaraq, xaricdə yaşayan həmvətənlərimizin təhlükəsiz şəkildə ölkəmizə təxliyəsi həyata keçirilməkdədir.

Deputat əlavə edib ki, Azərbaycan xalqı və dövləti sözün əsil mənasında möhkəm həmrəylik nümayiş etdirməkdədir: "Bu, çox önəmli məqamdır. Çünki bu kimi hallarda milli həmrəylik milli təhlükəsizliyin əsas komponenti rolunda çıxış edir və milli birlik milli gücə çevrilir.

Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı sərəncam da bu qəbildən olan tədbirlər siyahısındadır. Bu, dünya miqyasında yeni və unikal sosial qayğı nümunəsi kimi dəyərləndirilə bilər".

E.Mirbəşir oğlu qeyd edib ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını yüksək qiymətləndirməklə infeksiyanın yayılmasına qarşı sistemli və effektiv fəaliyyət həyata keçirdiyini nümayiş etdirdi: "Nəzərə alaq ki, tibbi-profilaktik tədbirlərin keyfiyyətli və səmərəli şəkildə icra olunması üçün həkimlərin, bütövlükdə tibb personalının sosial rifahının yüksək olması vacib şərtlərdəndir. Dövlət başçısı imzaladığı son sərəncamla bu amilə xüsusi diqqət yetirdiyini göstərmiş oldu.

Bir məqamı da unutmayaq ki, koronavirus fərdi yox, toplu mübarizə tələb edir. Bu mübarizə çərçivəsində dövlətin bütün prosesləri öz nəzarəti altında saxlaması və lazımi məqamlarda preventiv xarakterli sosial izolyasiya tədbirləri həyata keçirməsi çox vacibdir. Qlobal pandemiyanın dünyanı cənginə aldığı bir məqamda Azərbaycan dövləti atdığı real addımlarla bir daha vətəndaşının yanında olduğunu sübut etdi".

Xatırladaq ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.

Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti